Bu layihə üzərində Paşinyan hökumətinin təkid etməsində əsas məqsəd və hədəf nədir?
Ermənistanın baş naziri Nikol Paşinyan “Sülh kəsişməsi” adı altında təqdim etdiyi “iddialı layihəsi”ni yenidən reklam etməyə başlayıb. Demək olar ki, onun hökumətinin əsas üzvləri də bu “raskrutka”ya qoşulub. Amma bu layihənin təqdimatından 1 ildən də çox vaxt keçsə də, onun gerçəkləşəcəyinə nə Ermənistanda, nə də xaricdə inam var. Bəllidir ki, onun mahiyyəti Ermənistan, Türkiyə, Azərbaycan və İran arasında regional kommunikasiyalardan, avtomobil və dəmir yollarından istifadə etməkdir.
Paşinyan hər əlinə düşən fürsətdə inandırmağa çalışır ki, bu layihə region ölkələri üçün son dərəcə faydalıdır, Ermənistan ərazisindən keçən yol Xəzər dənizini Aralıq dənizi ilə, Fars körfəzini Qara dənizlə birləşdirən ən qısa və ən səmərəli dəmir yolu və avtomobil marşrutuna çevriləcək. Və nəhayət, Paşinyanın əsas arqumenti ondan ibarətdir ki, “Sülh kəsişməsi” ideyası Ermənistan hökumətinin həyata keçirmək niyyətində olduğu regional sülh gündəliyinin tərkib hissəsidir. Bununla belə, çoxsaylı təqdimatlar və Ermənistanın baş nazirinin nikbinliyi nə digər ölkələri, nə də potensial investorları bu layihənin perspektivinə inandırdı. Hətta Ermənistan ictimaiyyəti də bu layihəni “ölü doğulmuş” adlandırır.
Ermənistan Nazirlər Kabineti Aparatının rəhbəri Araik Arutyunyan isə deyib ki, “Sülh qovşağı” təşəbbüsünün Türkiyədə geniş şəkildə işıqlandırılması məqsədilə qonşu ölkənin media nümayəndələri İrəvana dəvət olunacaq. Bundan sonra iranlı ekspertlər gələcək. Növbəti mərhələdə isə maraqlı ölkələrin ekspertlərinin “Sülh qovşağı” təşəbbüsünü müzakirəsini təşkil etmək məqsədilə İrəvanda konfrans keçiriləcək.
“Sülh kəsişməsi” layihəsi üzərində Paşinyan hökumətinin təkid etməsində əsas məqsəd, hədəf nədir?
Aydın Quliyev
Siyasi şərhçi Aydın Quliyev “Yeni Müsavat”a bildirdi ki, Paşinyan bu layihənin Azərbaycan və Türkiyəsiz heç bir uğur qazanmayacağını yaxşı bilir: “Ancaq yenə də onu əlinə götürüb bütün platformalarda təqdim etməklə müəyyən taktikanı həyata keçirmək istəyir. Əvvəla, bununla Azərbaycanın Zəngəzur dəhlizi layihəsinə alternativ təqdim etməklə bu məsələsini gündəmdən çıxarmaq istəyir. İkincisi, Ermənistan 44 günlük müharibədən sonra regionun sülh təşəbbüskarı olan ölkəsi kimi göstərmək istəyir. Üçüncüsü, müharibədən sonra regionda yaranmış yeni reallıqların içində özünün "Sülh kəsməsi" layihəsinin ətrafında özünə ən azı bölgə dövlətlərindən ibarət müttəfiqlər axtarır. Artıq demək olar ki, İranı “Sülh kəsişməsi”nin toruna salıb. Çünki Ermənistan kimi İran da Zəngəzur dəhlizinin əleyhinədir. Hər iki ölkə “Sülh kəsişməsi”ni Zəngəzur dəhlizinə alternativ hesab edir. Ancaq İrandan başqa heç bir bölgə dövləti Paşinyanın “Sülh kəsişməsi”ni qəbul etmir və real saymır.
Paşinyan Zəngəzur dəhlizini “Sülh kəsişməsi”nin əsas elementi kimi qəbul edə bilsəydi, yalnız bu halda onun real perspektivindən danışmaq mümkün olardı.
Belədə layihənin nə bu günü, nə də gələcəyi var. Paşinyan “Sülh kəsişməsi”nə Zəngəzur dəhlizini pozmaq üsulu kimi baxır. Onun Qərb müttəfiqləri isə bunu sülh prosesini ləngitmək üsulu hesab edirlər".
Yusif Bağırzadə
Politoloq Yusif Bağırzadə isə bildirdi ki, əgər əvvəllər Paşinyanın bəh-bəhlə təqdim etdiyi “Sülh kəsişməsi” adlı layihə özündə Hindistan, İran, Ermənistan, Gürcüstan vasitəsilə Qara dənizdən keçən və Avropaya nəql edilən kommunikasiya xətlərini ehtiva edirdisə, daha sonra bu dəyişdi və Azərbaycanı, eləcə də Türkiyəni də əhatə edən faktiki olaraq yeni bir layihə ortaya çıxmış oldu: “Bunun da səbəbi var. Səbəb odur ki, Paşinyan hakimiyyəti başa düşdü ki, Azərbaycan və Türkiyə olmadan bölgədə hər hansı layihənin reallaşması mümkün deyil. Bizim üçün isə Paşinyanın dediyi şərtlərlə həmin layihədə iştirak məqbul deyil. Biz təbii ki, "bütün infrastruktur ərazisindən keçdiyi ölkələrin suverenliyi və yurisdiksiyası altında olmalıdır" şərtini qəbul edirik və razıyıq ki, beynəlxalq daşımalarda sərhəd və gömrük nəzarətinin həyata keçirilməsi vacibdir. Amma söhbət Azərbaycanın əsas hissəsindən Naxçıvana və geriyə istiqamətdə daşınan mallar və insanlardan gedirsə, burada hansısa gömrük prosedurlarının həyata keçirilməsi, yoxlama aparılması bizim üçün məqbul deyil. Paşinyanın “Bütün ölkələr bir - birinin infrastrukturundan bərabərlik və qarşılıqlılıq prinsipi əsasında istifadə edirlər” şərti bu mənada Azərbaycanın əsas hissəsindən Naxçıvana daşınan mallara şamil edilməməlidir. Çünki Ermənistan və layihə iştirakçısı olacaq digər ölkələr haqqında danışılan tranzit yolundan yalnız beynəlxalq nəqliyyat yolu kimi istifadə edəcəyi halda Azərbaycan həmin yoldan faktiki olaraq həm də daxili nəqliyyat yolu kimi istifadə edəcək.
Paşinyanın bununla razılaşması lazımdır. Çünki əks halda, “Sülh kəsişməsi” layihəsi Azərbaycan və Türkiyənin iştirak etməməsi ilə utopiyadan başqa bir şey olmayacaq. Ermənistanın bizdən yan keçəcək infrastruktur layihələrini reallaşdırmaq imkanı yoxdur".
Politoloq qeyd etdi ki, bu layihənin üzərində Paşinyan hökumətinin təkid etməsində əsas məqsədlərdən biri Ermənistanın bütün imkanları ilə Rusiyadan asılılığa son qoymaq istəyidir. Başqa sözlə desək, dalan dövlətdən çıxmaq və iqtisadi təhlükəsizliyi təmin etmək üçün Ermənistana mütləq şəkildə dəhlizlər lazımdır: “İkinci bir tərəfdən, Cənubi Qafqaz üzərindən keçən Orta dəhliz layihəsi Türkiyəni Mərkəzi Asiya ölkələri ilə birləşdirəcək bir layihədir. Bu layihə həmçinin Çinin "Bir kəmər, bir yol" layihəsinin bir hissəsi hesab olunur. Paşinyan da öz geoiqtisadi layihəsini irəli sürməklə Ermənistanı Orta dəhlizin vacib elementi kimi göstərmək istəyir. Amma problem ondadır ki, Ermənistan indiyə qədər bu istiqamətdə quru bəyanatlardan və təqdimatlardan o yana keçə bilmir. Yəni layihənin reallaşması üçün real addımlar atmır. Məsələn, Ermənistan hələ də özünün regionda ən yaxın müttəfiqi olan İranla belə ən qısa yolun çəkilişini təmin edə bilməyib. Uzun illərdir İrandan magistral yol, dəmiryol xətti çəkmək istəyən Ermənistan sonda etiraf etdi ki, bunun üçün vəsait yoxdur. Bu baxımdan da deyə bilərik ki, bu cür qlobal layihəni reallaşdırmaq Paşinyana sözdə asan gəlsə də, mümkün deyil".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”