Siyasi və hərbi ekspertlər Ermənistana təhlükəli planda yer almamaq çağırışı etdilər
Brüsseldəki 5 aprel görüşü əfsus ki, Bakı və İrəvan arasında sülh anlaşmasını yaxınlaşdırmağa töhfə olmadı. Əksinə, bədbinliyi daha da artırdı. Tarixin təcrübəsi isə deyir ki, gecikən sülhün alternativi həmişə müharibədir. Bunu yəqin ki, İrəvan da, Qərb paytaxtları da bilir. Təəssüf ki, başına gələnlərdən dərs götürməyən Ermənistan yenidən yanlış, avantürist kurs götürüb. Görünən budur ki, İrəvan qonşularla təcili barışıq əldə etmək əvəzinə, indi də kollektiv Qərbin dəstəyi ilə toparlanmağı, güclənməyi, hücum ordusu yaratmağı hədəfləyib. Yəni o, sülhdən çox revanşa hazırlaşır. Bunu şərti sərhəddə son vaxtlar Ermənistan tərəfdən artan təxribatlar da sübut edir. Əfsus ki, xarici havadarların “sülh səyləri” də müstəsna olaraq, kapitulyant ölkəni Qərb maraqları çərçivəsində Azərbaycana qarşı qızışdırmağa yönəlib.
Ermənistanın Azərbaycana qarşı müharibəyə hazırlaşdığını və Qərbin diktəsi ilə yeni gərginliyin başlayacağını Rusiya siyasi ekspertləri də iddia edirlər. Məsələn, tanınmış rusiyalı politoloq Sergey Markov özünün Teleqram kanalında yazıb ki, yaxın günlərdə Azərbaycanla Ermənistan arasında yeni lokal müharibə başlaya bilər.
Onun sözlərinə görə, Ermənistanın rəhbəri Nikol Paşinyan Brüsseldə ABŞ dövlət katibi Blinkenlə və Avropa İttifaqının rəhbərliyi ilə çox uğurlu danışıqlar aparıb. ABŞ və Avropa İttifaqından Ermənistana hərtərəfli hərbi yardım elan edilib. Və dərhal Azərbaycanla sərhəddə gərginlik yaranıb. Bu, bir daha təsdiq edir ki, hər bir yardım Ermənistanı qızışdırır: “Nikol Paşinyan sərhəddə gərginlik yaratmaqla ABŞ və Avropa İttifaqından daha çox hərbi yardım almağamı çalışır? Ermənistan Ukrayna yolu ilə gedir, yoxsa Ukrayna yoluna sürüklənir?
Çoxları hesab edir ki, yaxın günlərdə Azərbaycanla Ermənistan arasında yeni kiçik müharibə baş verə bilər. ABŞ və Avropa İttifaqı İrəvandan Cənubi Qafqazda özünün hərbi mövcudluğunu əsaslandırmaq üçün zəmin yaratmağımı xahiş edib? Bu sualların cavabı heç də bölgədə sülhə xidmət etmir".
Sergey Markov nə dərəcədə haqlıdır? Lokal olsa belə, müharibə gerçəkdən qapıdamı?
Yusif Bağırzadə
Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın kiminləsə müharibə aparmaq niyyəti yoxdur. Biz yalnız ölkəmizə qarşı təhdidlər fonunda hansısa lokal əməliyyatlar keçirə bilərik: “Markovun ABŞ və Avropa İttifaqı Ermənistana hərtərəfli hərbi yardım elan edib fikirlərinin nəyə əsaslandığını deyə bilmərəm, çünki məlum 5 aprel görüşündə Ermənistana hər hansı hərbi yardımın göstərilməsi, təhlükəsizlik zəmanəti verilməsi kimi məsələlərin müzakirə olunduğu açıqlanmayıb. Ən azından rəsmi olaraq belə bir müzakirənin aparıldığı haqqında məlumat yoxdur.
Elə məhz Ermənistanın istənilən yardımı ala bilməməsinin nəticəsidir ki, bu gün rəsmi İrəvan sərhədlərimizə doğru hərbi texnika və canlı qüvvə yığmaqla vəziyyəti gərginləşdirməyə və bunun fonunda “Ermənistanın təhlükəsizliyinə təhdid var” deyib hay-küy salaraq silah və texnika yardımı almağa çalışır".
Politoloqun fikrincə, həm Avropa İttifaqı, həm də ABŞ Ermənistanı başa salıblar ki, indiki məqamda, yəni Ermənistanın KTMT üzvü qaldığı bir dönəmdə, eləcə də Ermənistan ordusu üzərində Rusiyanın təsir imkanlarının kifayət qədər yüksək olduğu bir vəziyyətdə bu silah və texnikanın Ermənistana ötürülməsi mümkün deyil. Çünki həmin silahların Rusiyanın əlinə keçməyəcəyinə dair hər hansı bir zəmanət yoxdur: “Avropa İttifaqı da, ABŞ da Ermənistan üçün silah və texnika təminatını yalnız özlərinin Cənubi Qafqaza yerləşməsindən sonra tədarük edə bilərlər. Bu da baş nazir Nikol Paşinyanın nəzərinə çatdırılıb. İndiki mərhələdə ssenari ondan ibarətdir ki, Ermənistanın təxribatları fonunda Azərbaycan yeni əməliyyatlara başlayır və Ermənistan da "KTMT bizim təhlükəsizliyimizi təmin etməkdə acizdir" deyib rəsmi olaraq bu alyansdan çıxır.
Qarşıda hansısa hərbi toqquşmanın olub-olmayacağı Ermənistanın davranışlarından asılı olacaq. Yenə təkrar edirəm, əgər Ermənistanın oyunları ölkəmizin təhlükəsizliyinə təhdid yaradacaqsa, o təhdidin aradan qaldırılması şərt olacaq".
Rövşən Məhərrəmov
Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov isə bildirdi ki, Ermənistanın davranışları, son bir həftədə dəfələrlə Azərbaycan istiqamətinə atəş açması, sərhəd boyu hərbi qüvvələrini, hərbi texnikalarını cəmləşdirməsində aktivləşməsi işğalçı ölkənin genişmiqyaslı eskalasiya hazırlığından xəbər verir: “Azərbaycan öz sərhədlərinin təhlükəsizliyini qorumaq əzmindədir və bunu İrəvan da bilir. Bunu bilə-bilə avantüraya gedib müharibəyə səbəb olacaq hərbi təxribatlar törətmək istəyirsə, o deməkdir ki, havadarlarından göstəriş alıb. Ermənistanın sülhdən uzaqlaşmaq və gərginlik yaratmaq xəttini götürməsi hərbi toqquşmanı yaxınlaşdırır və qaçılmaz edə bilər. Lokal müharibə ehtimalı get-gedə yüksəlir. Artıq Azərbaycan Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi baş verəcək hadisələrə görə Ermənistan məsuliyyət daşıyacağını bəyan edib. Ermənistan bölgəni yeni müharibə meydanına çevirmək planlarının alətinə çevrilməməlidir. Çünki bundan sonda ən çox ziyan çəkən elə Ermənistanın özü olacaq”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”