Yenə körpə küçəyə atıldı - analıq instinktini korşaldan səbəblər

Sosioloq: “Atılan körpə dövlətin himayəsində olmalıdır”

Xəbər verildiyi kimi, Bakıda ana yaş yarımlıq övladını taksidə qoyaraq qaçıb. Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşım edib. Hazırda körpə sığınacaqdadır. 

“Xanım xahiş edib maşını saxlatdı. Dedi ki, bir dəqiqəyə gəlirəm, sonra geri qayıtmadı”.

Bu sözləri Oxu.az-a qadının uşağını “unudub” getdiyi taksinin sürücüsü Eldəniz Tanarverdiyev deyib. O, hadisənin təfərrüatı barədə danışıb. Qeyd edib ki, qadının gəlmədiyini gördükdən sonra dərhal polis əməkdaşlarına məlumat verib: “Hadisə ötən gün (dekabrın 8-də - red.) baş verib. Xanımı övladı ilə bərabər təxminən 18:30-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsində götürdüm. Sifariş Masazır dairəsinə idi. Yol tıxac idi. Təxminən 19:40-da "Şamaxinka"da, hospitalın yanında idik. Xanım birdən maşını saxlamağımı xahiş etdi, bir dəqiqəyə gələcəyini bildirdi. Uşaq anası gedən kimi ağlamağa başladı. 20 dəqiqə gözlədim, lakin geri qayıtmadı. Dərhal polisə zəng vurub, məlumat verdim".

Oxu.az - Ananın uşağını “unutduğu” taksinin sürücüsü: “Sifarişi başqası  vermişdi” - AÇIQLAMA + YENİLƏNİB + FOTO

Sürücü xanımın əlaqə nömrəsinin olmadığını da bildirib: “Xanımın telefonu da yox idi. Sifarişi edən nömrəyə zəng vurdum, zəngi bir şəxs açdı. Bildirdi ki, xanım yolda ona müraciət edib, telefonu olmadığını, taksini Masazır dairəsinə sifariş etməyini xahiş edib. Onun pulu olmasaydı da, mən ondan heç vaxt pul istəməzdim. İnsanlıq halıdır. Uşağı evə apara bilərdim. Amma xanımı sonradan tapa bilmərəm deyə polisə bildirdim. Yolboyu uşaqla kobud rəftar etmirdi. Düşünürəm ki, imtina etsəydi, Bakıxanovda qoyardı. Xanımın düşdüyü yerə arxasınca gedə bilmədim. Çünki uşağı tək qoya bilmirdim. Maşın da yolun ortasında qalmışdı. Başqa yerə sürmürdüm ki, yeri itirməsin. 2009-cu ildən taksi sürücüyəm. Təcrübəm var. Uşağı polisdən başqa heç kimə etibar edə bilməzdim”, - E.Tanarverdiyev əlavə edib.

Qeyd edək ki, körpəsini taksidə qoyaraq qaçan ana artıq tapılıb. 

“Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 8-də axşam saatlarında Yasamal rayonu ərazisində taksidə tərk edilən körpənin valideyninin şəxsiyyəti müəyyən edilib”.

DİN COVID-19 sertifikatı olmayan vətəndaşlara xəbərdarlıq edib | TURAN

Nurlan Əliyev

Bu sözləri Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev “Yeni Müsavat”a açıqlamasında deyib. DİN rəsmisinin sözlərinə görə, körpəsini tərk edən ana şöbəyə dəvət edilib:

“Araşdırmalarla körpəni tərk edən ana - 1995-ci il təvəllüdlü qadın tapılaraq şöbəyə dəvət edilib. Hazırda hadisənin baş verməsi və təfərrüatları araşdırma predmetidir. Araşdırmalar davam etdirilir”.

Bəs ananı hansı cəza gözləyir, valideynlik hüququndan məhrum edilə bilərmi? 

Mehriban Zeynalova: "Faciə olmaqdansa, boşanmaq yaxşıdır" - VİDEO

Mehriban Zeynalov

Mövzu ilə bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Yeni Müsavat”a danışıb: “Hazırda araşdırma gedir, o araşdırmalardan sonra məlum olacaq ki, ana hansı səbəbdən körpəsini tərk edib. Daha sonra aidiyyəti qurumlar öz qərarlarını verəcəklər. 

Ola bilər ki, ana hansısa gərginlik keçirib, hadisələr yaşayıb, affekt halında olub, yaxud mövcud xidmət paketlərindən xəbəri olmayıb və yaxud da qorxu, təhdid, təhlükə altında bu addımı atıb və sairə. Aidiyyəti qurumlar bu səbəbləri araşdırır, müəyyən vaxt məhdudiyyət qoyulur, daha sonra körpənin anaya qaytarılması məsələsi qiymətləndirilir. 

Xidmət paketləri dedikdə, burada sığınacaq, sosial xidmətlər, körpənin müvəqqəti olaraq uşaq evinə verilməsi və sairə nəzərdə tutulur. Vətəndaş bilməlidir ki, dövlətin nəzdində belə bir dəstəkverici  xidmət paketləri var və o, uşağı müvəqqəti olaraq sığınacağa verə bilər. 

Daha bir məsələ, ana uşaqdan imtina etməyincə, heç kim heç kəsin əlindən uşağı ala bilməz. Bir dəfə təşkilatımızda belə bir hadisə yaşanmışdı, ana uşağından imtina etmişdi, amma 6 ay sonra gəlib bildirdi ki, “mən çox gərgin vəziyyətdə idim, amma uşağımı indi geri istəyirəm”. Həmin vaxt uşaq artıq uşaq  evinə verilmişdi. Amma ana 6 ay sonra səbəblər, əsaslar gətirərək, uşağını geri ala bilməsi üçün müraciət edə bilər. Bu səbəblər araşdırılır, uşağın ana ilə birlikdə qalması qiymətləndirilir və uyğun qərar verilir. Əksər  vaxt ona çalışılır ki, uşaq valideyni ilə birlikdə, ailə içində böyüsün, yəni əsas siyasət budur. 

Unutmaq olmaz ki, həmin körpənin başına iş gələ, həyatı üçün təhlükə yarana bilərdi. Məsələn, taksi sürücüsü vətəndaş mövqeyində olmaya, təhlükəli davrana bilərdi və yaxud cinayətkar qruplarla əlaqəli ola bilərdi. Burada körpənin bəxti gətirib ki, sürücü vicdanlı vətəndaş olub və onu polisə təslim edib".

Qeyd edək ki, son vaxtlar körpələrin küçəyə atılması, hansısa qurumun qarşısına qoyularaq tərk edilməsi hadisələri artıb. Məsələn, belə bir hadisə oktyabrın 25-də Gəncədə şəhərində yaşanmışdı. Belə ki, 2 yaşlı və 3 aylıq körpə uşaqlar nənələri tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin önünə qoyularaq, tərk edilmişdi. Körpələr Bakı şəhərində yerləşən körpələr evinin birinə yerləşdirilib. Körpələrin anaları İ.Cəlilova onları geri götürmək istəsə də, qadının narkotik aludəçisi olması, sosial durumu və onun övladlarının qəyyumu olan nənəsinin uşaqlara baxmaq istəməməsi səbəbləri nəzərə alınaraq uşaqlar ona verilməyib.

Bəs analıq instinktini korşaldan səbəblər hansılardır?

Sosioloq Lalə Mehralı deyir ki, heç bir halda körpəsini tərk edib qaçan anaya haqq qazandırmaq olmaz: “Bu gün informasiya texnologiyası dövrüdür. Yəni istənilən mövzu barəsində sosial şəbəkələrdən, internet resuslarından yerindəcə məlumat almaq imkanları var. Ola bilməz ki, körpəsini tərk edən ana uşaq, qadın sığınacaqlarının olduğundan xəbərsizdir. İndiki gənclik hansı məsələ üçün hara müraciət etməsini bilir. Yəni fikrimcə, həmin ana da çətin anda gedə biləcəyi bir qapının olmasından xəbəri olub. Sadəcə, analıq məsuliyyətini dərk etməyərək, övladını tərk edib. Heç bir halda həmin anaya haqq qazandırmaq olmaz. 

Bəzən görürük ki, ana övladını dünyaya gətirdikdən sonra yeni həyata başlamaq, kiminləsə birgə yaşamaq istəyir və övladını ya zibilliyə atır, ya icra hakimiyyətinin qarşısına qoyur və sairə. Yəni hansısa problem olarsa, o problemdən çıxış yolu var. Sadəcə, bəzi analarda sanki analıq instinkti, məsuliyyəti yoxdur, bu hisslər yaranmayıb. Yaxud etinasızlığın, xudbinliyin o dərəcəsinə gəlib ki, övladını tanımadığı adamın maşınında qoyub gedə biləcək cəsarətə malikdir. Axı bilmək olmaz ki, qoyub getdiyi taksi sürücüsü kimdir. Ola bilərdi ki, həmin şəxs o körpəni istismar edə bilərdi və bu cür hadisələrlə rastlaşırıq. İndi həmin taksi sürücüsü vicdanlı şəxs olub ki, körpəni aparıb polisə təslim edib. Amma axı ətrafımızda hamı vicdanlı deyil. 

Beləliklə, hesab edirəm ki, həmin atılan körpə dövlətin himayəsində olmalıdır, nəinki onu tərk edən anaya verilməlidir". 

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

12.12.2023 08:13
688