Yeliseyi ələ keçirən erməni mafiyasına Makronun ŞOK ETİRAFLARI: Əliyevə gücüm çatmır

1 iyun, 2023-cü il: Kişinyovda beştərəfli görüşdən sonra Parisə uçan Makron təyyarəyə minərkən, telefona sarılır və Fransa Erməni Təşkilatları Federasiyasının Koordinasiya Şurasının həmsədri, Daşnaksütyun partiyasının büro üzvü Murad Papazyana zəng edir.

- Yalnız mən Qarabağla bağlı mövqe ortaya qoydum, digərləri – nə Şolts, nə Mişel bunu etmədi, Paşinyan belə etmədi, onlar Qarabağın Azərbaycan ərazisini olduğunu qəbul edir, yalnız mən...

Fransadakı erməni lobbisinə məxsus media tərəfindən yayılan (ArmActu), daha sonra Ermənistan mediasında da tirajalanan xəbərlər Makronun Papazyana həyacanla hesabat verməsini təsəvvür etməyə imkan verir.



(Makron Papazyana danışır)

Bir ölkənin, həm də nüvə dövləti olan Fransa kimi bir ölkənin prezidentinin diaspor təşkilatının rəhbərinə niyə hesabat verdiyini təsəvvür etmək isə bir qədər çətindir, hərçənd, səbəbsiz deyil və açıq mənbələrdəki məlumatların analizi burada müəyyən məqamları ortaya çıxarır.

Makronun Fransadakı erməni icmasından aldığı dəstək;

Makronun özünün də etiraf etdiyi kimi bu qədər ermənipərəst olması Fransada yaşayan erməni icmasının səslərini əldə etmək məqsədindən qaynaqlandığı sirr deyil. Lakin erməni icmasından olan seçicilərin sayı 500 minə yaxındır və 70 milyonluq əhalisi olan bir ölkədə bu rəqəm o qədər də həlledici deyil. O zaman, Makrona verilən dəstəyin seçki qutularına atılan bülletenlə yekunlaşmadığı fikri önə çıxır. Söhbət maliyyələşmədən gedir və Fransa pezidentinin ermənipərəstliyinin arxasında onun seçki kampaniyası zamanı Papazyan kimilərin xərclədiyi pulların dayandığı görünür. Hələ 2017-ci ildə Makron prezident seçiləndən sonra Murad Papazyan bəyan etmişdi ki, “O (Makron) bizim üçün vacib məsələlərlə bağlı vədlər verib, xüsusilə “erməni soyqırımı” və Qarabağ məsələsinin erməni maraqlarına uyğun həlli haqda”.

Makron seçki kampaniyasının maliyyəşməsi qarşılığında erməni diasporu/lobbisi qarşısında öhdəlik götürmüşdü və prezidentliyi dövründə bu öhdəliyi icra etmək üçün əlindən gələni edir. Papazyan başda olmaqla erməni diasporunun rəhbərliyi Makrona eyni dəstəyi 2022-ci il seçkilərində də verdilər.

Lakin seçki üçün pul və seçici sayı ilə Makronun canfəşanlığını müqayisə edəndə, xüsusilə Yelisey sarayında əyləş(diril)ən bu zatın Fransanın milli maraqlarını ermənilərin ayaqları altına sərməsi fonunda daha qaranlıq məqamların olduğu ehtimalı güclənir və diqqəti ikinci mümkün səbəbə yönəldir.

Korrupsiya, erməni biznesmenlərlə çirkli əlaqələr və Makronun qaranlıq keçmişi;

2014-2016-cı illərdə Fransanın iqtisadiyyat naziri olan Emmanuel Makronun korrupsiyaya bulaşdığı, Uber taksi xidmətinin Fransada önünün açılması üçün lobbiçilik etdiyi haqda məlumatlar var. 2022-ci ildə bu qalmaqallı iş Fransada yenidən gündəmə gəlmişdi və Makron şirkətlə gizli sövdələşmələrdə ittiham edilir. Bu prosesdə Fransakı erməni biznesmenlərin iştirakçı olduğuna dair məlumatlar var. Eyni şəbəkə prezidentliyə gedən yolda da Makrona lazım olan dəstəyi verib.

Fransa prezidentinin “McKinsey & Company” konsaltinq şirkəti ilə üzə çıxan gizli sövdələşməsi də onun qaranlıq biznes əlaqələrinə malik olduğunu – seçki kampaniyasına dəstək verənlər üçün qeyri-qanuni yollarla şərait yaratdığını təsdiq edən əsas faktlardan biridir. (Macron engulfed in criminal inquiry over claims of favours to McKinsey).

Bu və digər faktlar Fransa prezidentinin Papazyana hesabat verməsi, erməni biznesmenlərin önündə əyilməsinin arxasında təkcə seçki kampaniyasının maliyyələşməsi və seçici sayı yox, həm də qaranlıq biznes əlaqələrinin olduğunu deməyə əsas verir.

Və aydın görünür ki, Fransadakı erməni mafiyası Makronu ələ alıb, onu ölkəsinin yox, ermənilərin və Ermənistanın maraqları üçün işlədir.

Makronun Marseldə erməni icması ilə görüşünün detalları da Fransa prezidentinin hansı vəziyyətə düşdüyünü göstərən və Fransa adına acınacaqlı mənzərəni gözlər önünə sərən sonuncu nümunə oldu.

17 yaşlı əlcəzairlinin polis tərəfindən nümayişkərana formada qətlə yetirilməsindən sonra Fransanı aksiyalar bürüdüyü vaxt Makron Marselə getdi və erməni icmasının nümayəndələri ilə görüşdü.

Biz təkcə mənəvi təşəbbüs yox, əməli təşəbbüs gözləyirik – ermənilər Fransa prezidentindən tələb etdilər.

Makron onların qarşısında hesabat verdi: “Mən Əliyevə güclü təzyiq edirəm və bundan sonra da Paşinyandan daha çox çalışacam. Problem Paşinyandadır. “artsax”la bağlı aydın mövqeyi və mesajı olan yeganə şəxs mənəm”.

Biz bilirik, Murad Papazyan sizinlə “artsax”dakı vəziyyəti dəfələrlə müzakirə edib, sizdən eyni istəyi xahiş ediri, həm də aydın olmalıdır ki, Qarabağ Azərbaycanın tərkib hissəsi kimi qəbul edilməsi bizim üçün qəbuledilməzdir – ermənilər tələblərini davam etdirdi.



(Fransada etirazlar davam edərkən, Makron ermənilərə Kişinyov sərgüzəştlərindən danışır)

Fransa prezidenti Ermənistanda Paşinyanın əleyhinə “Qarabağ kartını” istifadə edən revanşistlərsayağı əda ilə cavab verdi: “Mənim “artsax” və bütövlükdə Ermənistanla bağlı qətiyyətimə şübhə etməyin. Beynəlxalq aləmdə belə bir gündəmə sahib olan yeganə şəxs mən olsam da, səylərimi davam etdirəcəm. Siz də bilirsiniz ki, Fransa ilk dəfədir Ermənistandakı səfirliyinə hərbi attaşesini göndərir. Biz əlimizdən gələni etməliyik”.

Makron erməni icmasının – Murad Papazyan kimilərin önündə öhdəlik götürdüyünü və nəyin bahasına olursa olsun, hətta Fransanın milli maraqlarının qurban verilməsi belə olsa, erməni maraqlarını müdafiə edəcəyini gizlətmir. Və bütün bunlar onun Papazyan kimi terroru maliyyələşdirən ünsürlərin qarşısında gözünün kölgəli olduğunu deməyə əsas verir.

Bu Fransa kimi bir ölkənin adına həqiqətən də utancvericidir. Çünki Makronun önündə əyildiyi Papazyan daşnak terrorunun maliyyəçisidir və Fransanı erməni terrorunun alətinə çevirib. Fransada ASALA üzvləri və bu terror təşkilatının davamçıları olan “Gənc daşnaklar” (FRA Nor-Seround) fraksiyasının Azərbaycan əleyhinə aksiyalarını, soydaşlarımıza qarşı fiziki hücumların təşkilini Papazyan təşkil edir, terrorçuların sərbəst hərəkətinin təmin edilməsi üçün Fransa hökumətindəki əlaqələrini işə salır. Anti-Azərbaycan və anti- Türkiyə mövqeyi ilə tanınan daşnak Papazyan Qarabağdakı erməni terrorçularının da əsas dəstəkçisidir. İşğal dövründə və 44 günlük müharibədən sonra o, separatçı-terrorçu rejimə xaricdən verilən siyasi və maliyyə dəstəyini təşkil edib. Paşinyan hakimiyyətinə qarşı Parisdə mitinqin təşkil edilməsinə görə 2022-ci ilin 14 iyulunda Ermənistan hakimiyyəti tərəfindən ölkəyə girişi qadağan edilib.



(Fransa prezidenti Papazyanın önündə "hazır vəziyyətdə" dayanıb)

Kriminal keçmişi olan və terror ideologiyasını davam etdirən Papazyanın kimliyi, onun Ermənistan hakimiyyəti ilə münasibətləri fonunda Makronun bu şəxsin önündə əyilməsi, ona hesabat verməsi göstərir ki, Fransa prezidenti terrorçularla açıq əməkdaşlıq edir, ölkəsinin maraqlarını onların tələblərinə qurban verir, eyni zamanda, Paşinyana qarşı da ikiüzlü münasibət sərgiləyir, erməni biznesmenlərlə görüşdə “Problem Paşinyandadır” deyərək, onu satır.

Bütün bunların fonunda Makronun Cənubi Qafqaz siyasətini analiz edəndə, bundan ən çox zərərin məhz Ermənistanın gördüyü reallığı ortaya çıxır.

44 günlük müharibədən sonra Makron Fransanın vasitəçiliyini ön plana çıxarmaq cəhdi ilə birdən çox hədəfə nail olmaq istəyirdi:

- Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin uğurlu vasitəçiliyini mənimsəməklə özünü “əsas müəllif” kimi göstərmək və Fransanın siyasi proseslərdə rolunu artırmaq;

- Azərbaycanın qələbəsini və bölgədə yaratdığı reallığı Ermənistanın xeyrinə dəyişmək;

- Bununla həm də Erməni icmasının önündə götürdüyü öhdəlikləri icra etmək;

Bu məqsədlə o, öncə Praqa görüşünü keçirməyə nail oldu və müəyyən mənada istəyinə çatdı: danışıqlar prosesində fasilə yarandı, bununla Bakının diktə etdiyi prosesi bir qədər yubada bildi; Ermənistanda Avropa İttifaqının missiyasının fəaliyyətə başlamasını təşkil etdi və Avropanın bölgədə praktiki müstəvidə iştirakçılığını təmin etməklə siyasi tarazlığı pozdu;


Fransa prezidenti bu “uğurunu” bölgədə “sülhün təminatı”na və Ermənistanın təhlükəsizliyinə töhfə kimi təqdim edir, bundan qürrələnirdi. Hərçənd, bu situasiya bölgədəki tarazlığı pozmuşdu və digər tərəflərin Ermənistan üzərindəki təzyiqinin artması ilə nəticələndi:

- Rusiya bunu forpostu olan Ermənistana Qərbin müdaxiləsi olaraq qiymətləndirir və bu ölkədə hərbi baza saxlamasına, o cümlədən, sərhədçilərinin mövcud olmasına baxmayaraq, KTMT missiyasının da qəbul edilməsini tələb edir;

- İran bu və ya digər formada Ermənistanda mövcud olmağa can atır;

- Fransa ilə geosiyasi maraqları toqquşan ABŞ da məhz Ermənistan üzərindən bölgədəki təsir imkanlarını artırmaq istiqamətində hərəkət edir;

Makronun “uğur” adlandırdığı gediş nə bölgədəki sülhə töhfə verdi, nə də Ermənistanın təhlükəsizliyinə. Hazırda Ermənistan müxtəlif oyunçuların poliqonuna çevrilib və suriyalaşma yolunda “uğurla” addımlayır. Bunun fonunda Paşinyanın Makronun istəyi ilə bölgədəki tarazlığı pozması siyasi balansı rəsmi Bakının xeyrinə dəyişməsini daha da artırdı və Ermənistanın Azərbaycanın önündə zəifləməsini gücləndirdi.

İkinci cəhd və Əliyevdən Makrona siyasi “master-klass”

Kişinyov görüşü Fransa prezidentinin “Ermənistanın təhlükəsizliyini təmin etmək”, daşnakların önündə götürdüyü öhdəliyini yerinə yetirmək (Papazyana hesabatı bunu təsdiq etdi) və proseslərdə iştirakçılıq payını artırmaq üçün növbəti cəhdi idi. Əslində Ermənistan da bu görüşə ümid edirdi, təsadüfi deyil ki, mayın əvvəlində Vaşinqtonda xarici işlər nazirlərinin görüşündən dərhal sonra Paşinyan “1 iyun tarixinə - Kişinyova görüşünə ümidlər bəslədiyini” elan etmişdi.

Prezident İlham Əliyev Fransanın planını alt-üst edən gedişlər etdi və özünü “qlobal siyasətçi” hesab edən Makrona sözün əsl mənasında siyasi “master-klass” keçdi.

Birincisi, Almaniya kansleri Olaf Şoltsun da görüşdə iştirakını təmin etdi və Makrona alternativ yaratmaqla onun “təkbaşına təşəbbüs” imkanını əlindən aldı;

İkincisi, Kişinyov görüşünə qədər Brüsseldə üçtərəfli görüşün keçirilməsinə nail oldu və bu görüşdə Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması Makronun “Qarabağ kartı” üzərindən qurduğu oyunu pozdu;

Üçüncüsü, Şarl Mişelin də Kişinyovda iştirakına nail olmaqla dördtərəfli keçirilməsi gözlənilən görüşü beştərəfli formata çevirdi: beləliklə, Makronun “əsas vasitəçilik” niyyətini alt-üst etdi və Moldovada Bakının gündəliyinin əsas olacağını öncədən həyata keçirdi;



(İlham Əliyev bu masada Makronu məğlub etdi)

Belə demək mümkünsə, Makron “ova gedərkən ovlanmışdı”. Onu Kişonyovda Əliyevin diktəsi gözləyirdi. Və belə də oldu.

- İştirakçılar adından bəyanat yaymaq istəyi Prezident İlham Əliyevin sərt etirazından sonra baş tutmadı;

- Masadakı iştirakçılar – Şarl Mişel, Olaf Şolts Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etdilər, Paşinyan belə bu reallığa qarşı çıxmağa cəsarət etmədi və Makron təkləndi;

- Əliyevə təzyiq cəhdi heç bir nəticə vermədi: milli maraqları bütün şərtlərdə və bütün platformalarda qətiyyətlə qoruyan Azərbaycan lideri Fransa prezidentini də siyasi masada məğlub etdi;

Bunu Kişinyov görüşünün nəticəsi haqda Papazyana hesabat verən, daha sonra Marseldə erməni icmasının önündə “Ermənistanı müdafiə edən tək mənəm, Əliyevə təzyiq edirəm” deyən Makronun özü etiraf edir. Fransa prezidentinin “Yalnız mən Qarabağla bağlı mövqe ortaya qoydum, digərləri – nə Şolts, nə Mişel bunu etmədi, Paşinyan belə etmədi, onlar Qarabağın Azərbaycan ərazisini olduğunu qəbul edir” sözlərini əslində “İlham Əliyevə təzyiq etdim, amma gücüm çatmadı” kimi oxumaq olar və özünü müdafiə üçün də “Problem mədə yox, Paşinyandadır” deyir.


Bütün bu etiraflar Makronun təkcə Azərbaycana qarşı açıq düşmənçiliyini, erməni icmasının - Papazyan kimilərinin önündə əyildiyini gizlətmək belə istəməməsi yox, həm də tərəfdaş adlandırdığı Avropa liderlərini – Olaf Şoltsu, Şarl Mişeli öz maraqları naminə zərbə altında qoyduğunu ispat edir. Makronun maraqları isə nə Fransanın, nə franızların yox, bir ovuc erməni mafiyasının istək və tələblərindən ibarətdir.

Bu gün Fransa Yelisen sarayındakı Emmanuel Makronun sayəsində biabırçı dövrünü yaşayır: ölkə sosial problemlərlə boğulur, irqçilik ən yüksək səviyyəyə qalxıb və buna qarşı etiraz aksiyaları keçirilir, ölkəni idarə edən şəxs isə bütün bu problemləri həll etmək əvəzinə əsirinə çevrildiyi erməni mafiyasının maraqlarının arxasınca düşüb... (Publika.az)

30.06.2023 12:15
2092