İqtisadi təhlükəsizlik dünyanın bütün ölkələrində ən vacib sahələrdən biri sayılır və bu sahədə problemlərin yaranmaması üçün müvafiq qurumlar fəaliyyət göstərir. SSRİ-də isə 1930-cu illərin ortalarına qədər mütəşəkkil iqtisadi cinayətkarlığa qarşı mübarizə aparan konkret heç bir qurum olmayıb.
Ölkənin sənayeləşmə və kollektivləşmə dövründə dövlət əmlakının oğurlanması, qanunsuz ticarət, rüşvət və korrupsiya, qaçaqmalçılıq faktları artdıqca bu məsələ Mərkəzi Komitədə ciddi müzakirə mövzusuna çevrilib, araşdırmalar və təhlillər aparılıb. İosif Stalinin göstərişi ilə təkliflər hazırlanıb. Bu təkliflərin arasında “NKVD” başçısı Nikolay Yejovun təklifi daha məqbul sayılıb. Belə ki, Yejov rəhbərlik etdiyi komissarlıqda yeni bir qurumun, iqtisadi cinayətkarlığa qarşı mübarizə idarəsinin yaradılmasını təklif edib.
Mövcud dövr üçün fəaliyyəti vacib sayılan bu qurumun yaradılması Mərkəzi Komitədə gərgin müzakirələrə səbəb olub. Təklif Stalin tərəfindən bəyənilib. SSRİ Xalq Komissarları Sovetinin sədri (baş nazir) Vyaçeslav Molotov isə Yejovun təklifinə qarşı çıxıb, fikirlərini belə əsaslandırıb ki, dövlət büdcəsindən bu quruma xərclənən vəsait, dövlətdən oğurlanan vəsaitdən daha çox olacaq.
Nəhayət. Uzun-uzadı müzakirələrdən sonra 16 mart 1937-ci ildə Nikolay Yejovun 0018 nömrəli əmri ilə “NKVD”-nin tərkibində SƏDM idarəsi ( Sosialist Əmlakının Dağıdılması ilə Mübarizə idarəsi, “OBXSS”) yaradılıb. İdarə birbaşa “NKVD” başçısına tabe olub və onun ilk rəisi dövlət təhlükəsizliyi kapitanı Samuil Ratner təyin edilib.
Yeni yaradılmış qurumun nizamnaməsinə görə qurumun əsas vəzifəsi ticarət, ictimai iaşə, sənaye və istehsalat sahələrində, əmanət kassalarında yol verilən qanunsuzluqları aşkar edərək cavabdeh şəxsləri cinayət məsuliyyətinə cəlb etmək, iqtisadi təhlükəsizliyin təmin edilməsində tədbirlər həyata keçirmək, müvafiq sahələr üzrə korrupsiya və rüşvətə qarşı mübarizə aparmaq və bütövlükdə sosialist əmlakının oğurlanmasının qanuni yolla qarşısını almaqdan ibarət olub.
Qurumun baş idarəsi Moskvada yerləşib, müttəfiq respublikalarda və muxtar vilayətlərdə yerli idarələri fəaliyyət göstərib. Bütövlükdə SSRİ-də SƏDM idarəsinin əməkdaşlarının sayı 100 min nəfərə yaxın olub. Bununla yanaşı ayrı-ayrı dövrlərdə 60-120 min nəfərə yaxın şəxs bu qurumla gizli əməkdaşlıq edib. Onlar əsasən SSRİ-də fəaliyyət göstərən iri ticarət obyektlərində, iaşə müəssisələrində, kolxoz bazarlarında, əmanət kassalarında işləyənlərdən olublar. Məhz onların gizli ötürdükləri informasiyalar sayəsində müvafiq sahələrdə cinayət halları aşkarlanıb.
İdarə çox qısa bir zamanda populyarlaşıb və ciddi bir qurum kimi tanınıb. Statistik göstəricilərə görə 1940-cı illərdə bu qurumun fəaliyyəti nəticəsində dövlət əmlakının oğurlanması əvvəlki illərə nisbətən 38 faiz aşağı düşüb. O, cümlədən ticarət və ictimai iaşə sahəsində qanun pozuntularının sayı 48 faiz azalıb. Təkcə müharibə dövründə, 1941-1945-ci illərdə idarənin səyi nəticəsində dövlətdən oğurlanmış 170 milyard rubl geri qaytarılıb.
Ayrı-ayrı dövrlərdə idarə əməkdaşlarının keçirdiyi tədbirlər sayəsində sonralar çox böyük qalmaqala, səs-küyə səbəb olan cinayət hadisələrinin üstü açılıb. Bura alkoqollu içkilər, qara kürü, qızıl və brilyant, xəz-dəri məmulatları və s. defisit malların qanun çərçivəsindən kənar gizli satışını, xüsusilə SSRİ-nin kurort şəhərlərindəki ağlasığmaz maxinasiyaları aid etmək olar.
1970-ci illərdə SSRİ-də “qara bazar”ların, gizli sexlərin fəaliyyətinin ən “məhsuldar” dövründə “OBXSS” əməkdaşlarının fəaliyyəti diqqət mərkəzində dayanıb. Həmin ərəfədə bu qurumun əməkdaşları iki istiqamətdə fərqləniblər: İşbazlara qarşı mübarizə aparanlar və əksinə, rüşvət müqabilində işbazlara şərait yaradanlar. Təbii ki, onların bu cür ikitərəfli fəaliyyəti həmin dövrdə DTK sədri olan Yuri Andropovun diqqətindən yayınmayıb.
Qeyd etdiyimiz kimi SƏDM idarələri əvvəllər “NKVD”-nin sonra isə Daxili İşlər Nazirliyinin tabeliyində olub. 1970-ci illərdə daxili işlər naziri Şelokovla Andropovun münasibətlərində ciddi problemlər yaşanıb. SƏDM-in bəzi əməkdaşlarının rüşvət hesabına qanunsuz ticarətə şərait yaratması Andropovun Şelokova qarşı mübarizəsi üçün tutarlı fakt olub. Həmin ərəfədə onlarla SƏDM əməkdaşı işindən kənarlaşdırılıb, aralarında həbs olunanlar da olub. Andropov məsələ ilə bağlı Siyasi Büroda çıxış edərək dəfələrlə Şelokovu tənqid edib. Hətta Andropov bu qurumu ləğv etməyə çalışıb. Amma bu tənqidlər uzun illər nəticəsiz qalıb. Brejnev-Şelokov dostluğu hələ bir müddət Andropovun Şelokov üzərindəki qələbəsini ləngidib.
Ümumiyyətlə, SSRİ dövründə SƏDM haqqında fikirlər həmişə fərqli olub. Prestijli və həm də təhlükəli orqan sayılan bu idarənin əməkdaşları daxili işlər orqanlarının digər qurumlarının əməkdaşlarından həmişə fərqləniblər və bir çox hallarda onlar özlərini DTK əməkdaşlarından da səlahiyyətli sayıblar. 1980-ci illərdə bununla bağlı “maraqlı” bir sual-cavab da yaranıb:
İlham Cəmiloğlu, Musavat.com