Yeddinci sinif şagirdi də adam bıçaqlayırsa... - ölkəni bürüyən təhlükə

Ölkədə bıçaqlanma cinayətləri sürətlə artır. Təəssüf ki, son günlər yeniyetmələr də adam bıçaqlayır. Son 1 ayda bir neçə belə hadisə qeydə alınıb. Sonuncu belə hal bir gün öncə qeydə alınıb. Oktyabrın 15-də Beyləqanda məktəblilər arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. Beyləqan rayon 2 saylı məktəbin 11-ci sinif şagirdi H.Hüseynov həmyerlisi 7-ci sinif şagirdi H.Qasımlı tərəfindən bıçaqlanıb. Hadisə dərsdən sonra baş verib. H.Qasımlı polis əməkdaşları tərəfindən saxlanılıb.

Rəsmi statistikaya da nəzərə salsaq, vəziyyət heç də ürəkaçan deyil.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2023-cü ildə 494 yeniyetmə cinayət törədib. Cinayət törədənlərin yaş aralığı 14-17-dir. Törədilən cinayətlər arasında oğurluq birinci yerdədir. Qəsdən sağlamlığa ağır zərər vurma ikinci sıradadır. Ötən il 310 yeniyetmə müxtəlif cinayət hadisələrinə görə məhkum olunub. 2022-ci ildə isə 258 yeniyetmə məhkum olunub. Statistikadakı artım aydın görünür. Ayrı-ayrı cinayətlərə görə ötən il məhkum olunmuş 310 yeniyetmədən 4-ü qızlardır. O ki qaldı azadlığı məhdudlaşdırılanlara, 2021-ci ildə 113, 2022-ci ildə 127, 2023-cü ildə isə 153 yeniyetmənin azadlığı məhdudlaşdırılıb.

Təbii ki, məktəblilərin, hətta 13 yaşlı yeniyetmələrin kriminal mahiyyətli təfəkkürləri cəmiyyət üçün ciddi təhlükədir. Bəs vəziyyətin bu həddə çatmasının səbəbləri nələrdir? Günahkar axtarsaq, məsuliyyət kimlərin üzərinə düşür?

Deputat Ceyhun Məmmədovun atası vəfat etdi

Ceyhun Məmmədov 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov hesab edir ki, baş verən neqativ hadisələrin əsas səbəbi məktəblərdə, ailələrdə tərbiyənin düzgün verilməməsidir: “Biz xoşagəlməz tendensiyaları görürük. Belə halların sürətlə artması narahatedici məsələdir. Bunun kökündə duran əsas məqam ailələrdə və məktəbdə tərbiyə işinin düzgün qurulmamasıdır. Məktəb və ailə prosesdə öz rolunu icra edə bilmir. Buna görə də uşaqlar sosial medianın, kriminal aləmin təsirinə düşürlər. Tərbiyə işi yüksək səviyyədə qurulsa idi, vəziyyət və şərait fərqli olardı. Biz uşaqlara düzgün tərbiyə verməliyik. Bu gün Azərbaycan ailəsi övladının təhsilinə önəm verir.  Məktəblərin də öz rolu var, amma tərbiyə işi hər ikisində də kölgədə qalır. Bu ciddi problemdir və qarşısını almaq lazımdır. Konkret proqram, sistem, proses olmalıdır. Bu istiqamətdə addımlar atılmayana qədər heç nəyə nail ola bilməyəcəyik. Planlaşdırılmış, düşünülmüş, ölçülmüş, biçilmiş, əvvəlcədən müəyyən edilmiş strategiya əsasında işləri, tədbirləri davam etdirməliyik. Bunu etməsək, gələcək bizim üçün çətin və mürəkkəb olacaq” (Oxu.az).

İdeya yaşayır: Bayraq! (Rövşən Nəcəfov) | İctimai.Az

Rövşən Nəcəfov

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, cinayət insan düşüncəsinin dəyərsizliyidir: “Cinayətə heç bir halda haqq qazandırmaq olmaz. Cinayəti nümunə göstərmək və təbliğ etmək qadağan edilməlidir. Şagirdlərin məktəblərdə cinayət törətmələrinin səbəblərini axtarsaq, hər kəsin payı olduğunu cəsarətlə ifadə etməliyik. Həyəcan təbili çalınmalıdır və risklərin minimuma endirilməsi üçün təxirəsalınmaz addımlar atılmalıdır. Statistik olaraq bir cinayət belə çoxdur. Aidiyyəti qurumlar şagirdlərin cinayətləri ilə bağlı birlikdə preventiv və profilaktik fəaliyyətləri genişləndirməlidirlər”.

R.Nəcəfov qeyd etdi ki, məktəb şəxsiyyət yetişdirməlidir: “Məktəblərdə sağlam psixoloji mühitin formalaşmasını hüquqi düşüncə tənzimləyir. Ailədə valideynlər arasında davamlı münaqişələrin olması, uşaqların başqaları ilə müqayisəsi və şiddət kimi davranışlar uşaqlarda cinayət tərkibli düşüncələr yaradır. Ailədə tərbiyə nümunə yaratmalıdır. Qadağalar uşaqları tərbiyə etmir, cinayətə təhrik edir. Uşaqlara tərbiyə üsulunda izahlara ehtiyac var. Məhrumiyyətlər əvəzlənməlidir ki, məhdudiyyətlər yarana bilsin. Ailədə sağlam mühit üçün valideynlərin nitq və davranışları sağlam olmalıdır. Ailənin yaratdığı stereotiplər uşaqlarda davranış pozuntularını aşkarlayır. Valideynlərin evdə davranışları uşaqların çöldə xarakterini göstərir. Ailədə və məktəbdə uşaqlara fərdi yanaşılmalıdır. Uşaqlara yaşlarına uyğun şəxsiyyət kimi yanaşılmalıdır”.

Psixoterapevt əlavə edib ki, insanın düşüncə və davranışlarının formalaşmasında, insan psixologiyasının sağlam inkişafında mühit əsas amildir: “Uşaqların iştirakçı olduğu ünvanlarda sağlam mühitin formalaşmasına dəstək olmaq lazımdır. Cinayət tərkibli düşüncələrin təsir imkanlarını azaltmaq üçün maarifləndirmə fəaliyyətləri genişləndirilməlidir. Məktəblərdə uşaqlara hüquqi və psixoloji biliklər verilməlidir. Hüquqi düşüncə formalaşdırmaq lazımdır. Əks halda, kriminal hər zaman uşaqların diqqətini çəkəcək. Cinayət anlayışı insan düşüncəsində həyəcan yaradır. Sonra həyəcan peşmançılıqla əvəzlənir. Uşaqları kriminal təfəkkürdən uzaq tutmaq üçün nizam-intizama diqqət edilməlidir. Valideynlər və məktəb arasında sağlam körpü olmalıdır. Məktəbdə rüblük və illik psixoloji iqlimin diaqnostikası aparılmalıdır. Uşaqlara tək olmadığı və başqaları ilə yaşamalı olduğu izah edilməlidir. Onlara nifrət yox, sevgi verilməlidir, sevgi öyrədilməlidir”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

17.10.2024 08:35
546