Yeddi aylıq uşağın belinə banka qoydular - VİDEO

Sosial şəbəkələrdə 7 aylıq uşağın kürəyinə banka qoyulmasını əks etdirən görüntülər yayılıb.

Körpənin yaxınları tərəfindən çəkilmiş görüntülərdən aydın olur ki, uşağa ümumilikdə 6 ədəd banka qoyulub. Həmçinin bankalar yaşlı insanlarda belə üzərinə qoyulması icazə verilməyən onurğa sütunu və böyrəkləri də əhatə edib.

Yayılmış görüntülər sosial şəbəkələrdə müzakirələrə və tənqidə səbəb olub.

Məsələ ilə əlaqədar pediatr Aytən İsmayılzadə "Qafqazinfo"ya açıqlamasında belə halın yolverilməz olduğunu, körpədə fəsadlar yarada biləcəyini dedi:

“Banka isti hava ilə vakuum yaradır, sorma effekti verir. Uşaqların dərisi, dərialtı toxuması qalın deyil. Bu zaman qoyulan banka birbaşa ağciyərlərə təsir edir. Təsəvvür edin ki, biz belə körpə uşağın dərisinin üzərindən bərk vursaq, onun ağciyərində zədələnmə ola bilər. Burada da vakuumla çəkdiyinə görə ağciyərdə qan dövranı pozula bilər, yığıntı, hematoma, qansızma ola bilər, kapilyar partlaya bilər. Ağciyər həyati vacib orqandır və bu, çox təhlükəli vəziyyətdir. Əgər uşaqda pnevmoniya olubsa, bir az da ağırlaşa bilər”.

Həkim, həmçinin bildirib ki, banka akupunktur nöqtələri qıcıqlandırmaq, meridianları aktivləşdirmək üçündür. Onu istiliksiz də etmək olar:

“Bu halda olsa belə, 7 aylıq uşağa banka qoyulması yolverilməzdir. Onu 7-8 yaşlı uşaqda icra etmək olar”.

13.01.2024 17:16
972