Yazıçının Qüdsdə bitən ömrü – Çingiz Hüseynov uzun və düzgün yaşadı

Bizim yazıçı Çingizimiz də o idi – Çingiz Hüseynov. Bu gün Qüdsdə (Yerisəlim) vəfat edən ədib uzun illər Moskvada yaşayıb yaratmışdı, filologiya elmləri doktoru, professor olmuşdu.

O, qırğızların Çingizi (Aytmatov) qədər məşhur ola bilmədi. Hərçənd yazıçılıq istedadı onunkundan az deyildi. Sadəcə, sovet konyukturası qırğız oğlunu seçib parlatmışdı.

Çingiz Hüseynov detektiv romanlar yazan adaşı (Çingiz Abdullayev) qədər də populyar olmadı, amma daha ciddi əsərlərin müəllifi idi. Həm də başqa dillərlə yanaşı öz ana dilini də bilir, tərcümələr edirdi.

Ədibimiz təkcə nasir və tərcüməçi deyildi, eyni zamanda ədəbiyyatşünas, ədəbi tənqidçi, araşdırmaçı idi.

Çingiz Hüseynovun vikipediyasında oxuyuruq: “O, 1929-cu il aprelin 20-də Bakıda anadan olub. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsinə daxil olub, ikinci kursdan Lomonosov adına Moskva Dövlət Universitetinə dəyişilib, oranı bitirib (1952). SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb, burada namizədlik dissertasiyası müdafiə edib. Sonra SSRİ Yazıçılar İttifaqında milli ədəbiyyatlar üzrə məsləhətçi olub (1955–1972). Sov. İKP MK nəzdindəki İctimai Elmlər Akademiyasında sosialist mədəniyyəti kafedrasının müdir müavini işləyib. İlk mətbu əsəri "Bakinski raboçi" qəzetində (16 oktyabr 1955) işıq üzü görüb. Bundan sonra ədəbi yaradıcılıqla müntəzəm məşğul olub. Əsərlərini iki dildə – Azərbaycan və rus dillərində yazıb.

Yazıçının əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə edilib.

Onu ölkəmizdə ədəbiyyat həvəskarlarına, geniş oxucu kütləsinə tanıtdıran ən məşhur əsəri “Fətəli fəthi” romanıdır. Böyük mütəfəkkirimiz və dramaturqumuz Mirzə Fətəli Axundovun həyatından bəhs edən bu əsərin rusca variantında adı “Fatalnıy Fatali”dir. Bundan başqa, yazıçının “Məhəmməd, Mamed, Məmiş” əsəri də sovet dövrü oxucularının arasında məşhur idi.

Çingiz Hüseynov prinsipial ziyalı idi. O, daima özü olaraq qalmağı, dürüstlüyü seçmişdi, dünyadan da belə köçdü. Allah rəhmət eləsin.

Musavat.com

 

09.01.2024 12:49
2696