“Bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Dastanoğlu” fondunun Yusif Səmədoğlu adına təsis etdiyi Qarabağın Zəfər tarixinə həsr olunmuş müsabiqənin qaliblərinin mükafatlandırılma mərasimi olub. Hələ belə bir yığcam, qapalı, cəld, çevik eyni zamanda gizli bir mərasim görməmişdim. Tələsik Anarın qoluna girib yuxarı başa apardılar. Adamda elə təəssürat yarandı ki, Anar özü də bilmir onu bura niyə gətiriblər. Sonra cəld dəyirmi masanın arxasına keçdilər. Mərasimin iştirakçıları ancaq elə masanın arxasındakılardan ibarət idi. Məəttəl qaldım. Bəs müsabiqəyə qatılanlar niyə yoxdur? – deyə düşündüm. Ən azından onların da haqları idi gedən prosesdən xəbərdar olmaq. Qalibləri demirəm, heç olmasa, münsiflərin kim olduqlarını görərdilər”.
Bu barədə Medianews.az-a tanınmış yazıçı İlhamə Nasir bildirib.
O qeyd edib ki, müsabiqədə münsiflər Əsəd Cahangir, Yaşar Əliyev, Azər Turan və Elnarə Akimova olublar. Yazıçının sözlərinə görə, müsabiqəyə təqdim olunan əsərləri Elnarə Akimovadan başqa oxuyan olmayıb: “Azər Turan özü etiraf etdi ki, əsərləri oxuya bilməyib. Maraq üçün Yaşar müəllimə zəng edib, oxuyub, oxumamağını soruşdum. Dedi, vallah vaxtım olmayıb. Bax, belə! Deməli qaldı Elnarə xanımla Əsəd Cahangir. Ona görə də mükafatlandırma mərasimi qurtaranda Elnarə xanımın “heyif” sözü məni çox təsirləndirdi. Görünür öz əziyyətinə ünvanlanırdı o “heyif”. Heç danışmağına da macal vermədilər. Çünki danışsaydı bütün həqiqətləri ortaya tökəcəkdi. Yaxşı, əgər hər şey Əsəd Cahangir çərçivəsində həll olunacaqdısa, onda camaata niyə əziyyət verirdilər, vaxtını alırdılar? Onlara Elnarə xanımın rəyi, qiyməti yox, onun imici lazım olduğunun, onun saflığından, vicdanlı olmasından necə istifadə edildiyinin özü də fərqində oldu deyəsən. Tədbiri Səlim Babullaoğlu idarə edirdi. Hər kəsdən qısa danışmağı xahiş etdi. Bilmədim belə tələsmələrinin səbəbi nə idi. Bəlkə də qarşıda onları gözləyən Rüstəm bəyin verəcəyi ziyafət. Söz Əsəd Cahangirə veriləndə ilk cümləsindən son cümləsinə qədər vicdan sözü işlətdi. Bu artıq hər şeyi bəlli edirdi. “Boş qazan” məsələsi”.
İ.Nasir bildirib ki, Ə.Cahangirin bu davranışı ilk dəfə deyil: “Əslində o “boş qazan”ın danqıltısını 2021-ci ilin hekayə müsabiqəsində eşitmişdim. Onda mən də müsabiqəyə qatılmışdım. Düzdür, hekayəm onluğa düşmüşdü, amma düşməyən yaxşı hekayələr üçün müsabiqədən narazı qalmışdım. O vaxt yadımdadır, bir-neçə gənc yazar hay-küy salıb, etirazını bildirmişdi. Dəstəkləmişdim onları. Yazıları sanballı olsa da, hekayələri heç iyirmiliyə də düşməmişdi. Həmin vaxt mükafatlandırma mərasimi oldu. Guya hər şey gizli idi. Qaliblər ancaq bu mərasimdə bilinəcəkdi. Üçüncü yerin qalibi yadımda deyil kim idi, özü yox, əvəzinə başqasını göndərmişdi. Həmin adam da xam olduğundan ayağa qalxıb “filankəs gələ bilmədi, şəxsiyyət vəsiqəsini mənə verib bura göndərdi ki, əvəzindən mükafatı – pulu götürüm”, – dedi. Yaxşı, əgər qiymətləndirmə gizli idisə, o adam haradan bilirdi ki, məhz üçüncü yer onundur? Hətta gələn adam üçüncü yerə düşən pul mükafatının miqdarını da dilə gətirdi. Görünür saf adam idi. Heç Əsədin him-cimlərini də başa düşə bilməzdi. Birinci yerə layiq görülmüş hekayəni bəh-bəhlə tərifləyən Əsəd əfəndi bir dəfə ədəbiyyatdan kənar məclisdə həmin əsərin Mel Qibsonun “Apokalipsis” filmindən götürülmə epizodlardan ibarət olduğunu özü vurğuladı. Yanımdakı şairə xanım mənim hekayəmdən danışanda, Əsəd yavaşca əyilib, “bəs o vaxt mənə niyə xəbər eləmədin?” – soruşdu. Düzdür, indi desən daş atıb başını tutar ki, mən elə söz deməmişəm. Amma mən də yalan danışacaq qədər şərəfsiz deyiləm”.
İ.Nasir söyləyib ki, bir il öncə iş adamı Rüstəm Dastanoğlunun kitabının təqdimatında da narazılıq doğuran məqamlar olub: “Kitaba öncədən nəzər yetirmişdim. Bir yazar kimi onu deyə bilərəm ki, Rüstəm Dastanoğlunun hekayələrində hadisələrə yanaşması, təhkiyəsi pis deyildi. Amma redaktəsi bərbad haldaydı. Bəlkə xam yazısı ondan abırlı olardı. İstədim orada bunu vurğulayam, yanımdakılar məsləhət bilmədi. Çünki, bu nə Rüstəm bəyə lazım idi, nə də oradakılara. Hamı bilirdi ki, oraya kitabın işığına yox, bir iş adamının işığına yığışıblar. Dilini bircə dəqiqəlik dincə qoymayan Əsəd məclisin yarısına qədər danışdı. Gah müəllifi təriflədi, gah hekayələrini. Hətta deyərdim ki, hekayələrin bütün hərf və nöqtələrinə də sığal çəkdi. Hekayə deyəndə ki, cəmi beş hekayə var idi. Qalanı müəllifin səfərləri haqqında təəssüratları, esseləri, bir neçə də publisistik yazılarıydı. Kitabda “Kölgə” hekayəsi ayrı-ayrı başlıqlarla iki dəfə verilmişdi. 15-ci və 42-ci səhifələrdə. Daha doğrusu birinə başlıq verilmişdi, digərinə yox. Bundan əlavə, bir cümlənin səhifənin yarısına qədər dolaşa-dolaşa uzanıb gəlməsi, yaxud cümlədə sözün bir-neçə dəfə təkrar işlədilməsi məqamları var idi. Yəni, saydıqca saymaq olar. Hələ adamın gözünə batan korrektə səhvlərini demirəm. Axı bunlar ciddi səhvlərdir. Məsələn mən o cür redaktəli kitabı heç vaxt üzə çıxartmazdım”.
İ.Nasir deyib ki, özünün də birinci kitabının redaktəsi qənaətbəxş olmadığından üzə çıxarmayıb, üzərində işləyib və yenidən çapa verməyə hazırlaşır. Onun sözlərinə görə, bu, bir yazar üçün böyük məsuliyyətdir: “Amma Rüstəm bəy üçün düşünürəm ki, o qədər də önəmli deyil. Önəmli olsaydı, ən azından əlinə alıb, bir dəfə vərəqləyərdi. Tamam, onu başa düşdük. Lap onu redaktə edəni də başa düşdük ki, bacardığı budur. Bəs özünü ədəbiyyatımızın “ədəbi tənqidçi”si hesab edən Əsəd Cahangir buna necə göz yuma bilərdi? Həm də “Ədəbiyyat” qəzetində o kitab haqqında geniş yazı da yazmışdı, hər şeyi bir-bir təhlil etmişdi. Hələ qəzetləri orada iştirak edən hər kəsə paylamışdı ki, mütləq oxuyun. Çıxanda xadimənin də xələtinin cibində gördüm o qəzeti. Kitabamı, müəllifəmi bu qədər can yandıran Əsəd nə əcəb o boyda səhvləri görə bilmədi? Bəlkə də burada mən böyük yanlışlığa yol verirəm. Axı zəngin bir iş adamının kitabının bərbad redaktəsini görməkmi olardı, görüb də tənqidmi etmək olardı? Kitab lap tərsinə yazılsa belə. Arada istəyirdim deyəm ki, a kişi qorxma de, onsuz da Rüstəm bəy verdiyini geri alan adama oxşamır, ürəkli ol! Sonra “lənət şeytana” deyib, sakitləşirdim. Hiss edirdim ki, Rüstəm bəy Əsədin canfəşanlığından ləzzət alır. Yerində mən də olsaydım, mənə də ləzzət edərdi. Çünki o an mənim də ürəyimdən keçdi ki, kaş mənim də pulum olardı, ortaya bir yazı atardım, dəyərindən on qat artığını da Əsədin cibinə qoyardım, onun ələtaş olduğuna tamaşa edib, stressimi atardım”.
İ.Nasir vurğulayıb ki, Ə.Cahangiri ədəbi tənqidçi kimi qəbul edən yoxdur. Yazıçının fikrincə, hamı bilir ki, onun tənqidi şəxsi prinsipləri üzərindədir: “AYB-nin Əsəd Cahangirin əlinə küt balta verib, ortalığa buraxmaqla deyil. “Natəvan” klubunda “Dastanoğlu” fondunun Yusif Səmədoğlu adına təsis etdiyi Qarabağın Zəfər tarixinə həsr olunmuş müsabiqənin qalibi olan roman və povesti araşdırdım. Təbii ki, qalib müəllifləri təbrik edirəm. Onlarla işim yoxdur. Araşdıranda görürəm ki, həmin qalib roman və povestin eyniadlı kitablarının təqdimatının təşkilatçısı və aparıcısı bizim bu Əsəd Cahangir əfəndi olub. Saxtakarın, hamam suyundan özünə dost tutanın, kiminsə haqqını başqasına verənin nəyinə etiraz edəsən?”