Yay mövsümünün sonu yaxınlaşır, turizm sahəsində isə qiymətlər hələ də "əl yandırır"

Elnur Fərzəliyev: "Bölgələrdə turizm sahəsində qiymətlərinin artması daşınmaz əmlak sahəsində də qiymətlərin artmasına gətirib çıxarıb"


Yay mövsümünün bitməsinə az qalıb. Bununla belə yerli turizm sahəsində qiymətlər hələ də "əl yandırır". Belə ki, Bakı ətrafı bağ evlərində deyil, regionlarda da otel və günlük evlərin qiyməti xeyli bahadır. Araşdıranda məlum olur ki, yerləşdiyi bölgədən asılı olaraq hazırda region otellərində
quymətlər səhər yeməyi daxil, bir gecəlik yerlər 110 manatdan başlayır 1000-1200 manatadək davam edir. Orta qiymətlər isə 250-300 manat arasındadır.

Günlük kirayə evlər də şəraitindən asılı olaraq qiymətlər 70-200 manat arasında dəyişir. Bakıdakı günlük bağ evlərində qiymətlər dənizə yaxın olması, ya da həyətində hovuzunun olub-olmamasından asılı olaraq 100-350 manat arasında dəyişir.
Ötən il isə qiymətlər qismən daha ucuz idi. Bəs bu il qiymətlər niyə daha bahadır, yay mövsümünün sonu yaxınlaşsa da sahibkarlar endirim etmək istəmir?

Bəzi ekspertlər qeyd edir ki, turizm sahəsində qiymətlərin baha olmasına səbəb quru sərhədlərin hələ də bağlı qalmasıdır. Belə ki, quru sərhədlərin bağlı olması ilə əlaqədar, eyni zamanda xarici ölkələrə uçuş biletlərinin qiyməti artdığından insanlar daha çox yerli turizmə müraciət edir. Nəticədə tələb artdıqca, qiymətlər də artır, süni inhisar yaranır. Qiymətlər artması fonunda keyfiyyətin də artdığını isə demək olmur.

Mövzu ilə bağlı ekspert Elnur Fərzəliyev Musavat.com-a danışıb:

"2020-ci ilə qədər ölkə əhalisinin bir hissəsi istirahət üçün digər ölkələrə üz tuturdu. Həmin ölkələr sırasında Gürcüstan, Türkiyə, Ukrayna üstünlük təşkil edirdi. Məlum olduğu kimi 2020-ci ildə başlayan pandemiya səbəbindən quru və hava yolları bağlandı, insanlar yerli turizm məkanlarına üz tutdu və beləliklə də yerli turizm inkişaf etməyə başladı".

Ekspert qeyd edib ki, bölgələrdə istirahət qiymətləri o qədər də əlçatan olmasa da, bu, başqa bir tərəfdən ölkə iqtisadiyyatına, xüsusən də bölgələrdə iqtisadi yüksəlişə, yerli turizmin inkişafına gətirib, çıxarıb. Bununla belə insanlar istirahət üçün bölgələrə üz tutsalar da, qiymət və xidmətdən razı deyil:

Əmlak bazarında durğunluq: Evlərin qiyməti ucuzlaşacaq?

Elnur Fərzəliyev

"Qiymətlər hər kəsin büdcəsinə uyğun deyil. Üstəlik də nəzərə alsaq ki, ölkədə əksər insanlar minimum əməkhaqqı ilə dolanır, belə olan halda onların bir aylıq əməkhaqqı bölgələrdə bəzən bir günlük belə istirahətə çatmır. Yəni, ölkədə minimum əməkhaqqı 345 manatdan başlayır, amma bölgələrdə evlərin bir günlük kirayə qiyməti təxminən 40-50 manatdan başlayıb, 700-800 manatadək dəyişə bilir. Əlavə olaraq da restavrasiya və digər xidmətləri də üstünə gəlsək, orta hesabla bir şəxsin bir günlük istirahəti 100 manatdan baha başa gəlir. Şəxs ailə ilə birlikdə gedərsə, bir neçə dəfə artıq pul ödəməli olur.

Hesab edirəm ki, yerli turizmin inkişafı iqtisadi baxımdan yaxşı olsa da bu sahəyə, qiymətlərin tənzimlənməsinə nəzarət olarsa, bu sahənin inkişafı daha sürətlə davam edər.

Müşahidə edirik ki, bölgələrdə xüsusən yay aylarında qiymətlər baha olur. Lakin digər mövsümlərdə həmin yerlərdə qiymətlər demək olar ki, standart qiymətlərlə eyniləşir".

Ekspert bildirib ki, bölgələrdə turizm sahəsində qiymətlərinin artması daşınmaz əmlak sahəsində də qiymətlərin artmasına gətirib çıxarıb:

"Belə ki, turizm zonalarında təkcə həmin ərazilərdə yaşayanlar deyil, digər bölgələrdən də olan insanlar burada torpaq sahəsi alaraq, müxtəlif evlər, villalar tikir, kirayə verir, gəlir əldə edirlər. Bu da turzim zonalarındakı daşınmaz əmlakların qiymətinə təsir edib və demək olar ki, son 2-3 il ərzində qiymətlər xeyli bahalaşıb".

Xalidə Gəray
Musavat.com

11.08.2024 20:42
1041