“Yaxın zamanda Suriyaya gedənlər...” - Deputat AÇIQLADI

Azərbaycan vətəndaşlarının digər qrupu Suriyadan repatriasiya edilib.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

REPAR.jpg (144 KB)

Bildirilib ki, fevralın 20-də Suriya ərazisində yerləşən düşərgələrdə saxlanılan 5-i uşaq və 2-i qadın olmaqla 7 nəfər Azərbaycan vətəndaşının Bakıya repatriasiyası həyata keçirilib.

“İlk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilərək, daha sonra onların Türkiyə ərazisinə keçidi təşkil olunub. İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyəyə ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub. Azərbaycanın Türkiyədəki Səfirliyi tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız Azərbaycana qayıdış şəhadətnamələri ilə təmin edilib və onlar ölkəyə gətiriliblər. Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək”, - deyə məlumatda bildirilir.

Millət vəkili Ceyhun Məmmədov Musavat.com-a şərhində bildirib ki, repatriasiya edilən şəxslər Suriyaya 2011-ci il hadisələrindən sonra gedənlərdir.

ceyhun.jpg (76 KB)

Millət vəkili xatırladıb ki, gənclər “İslam dövləti” qurmaq adı altında Suriyaya səfər ediblər:

“Təəssüf ki, çox sayda azərbaycanlı dünyasını dəyişdi. Söhbət kifayət qədər böyük rəqəmdən gedir. 1477 nəfərdən 903-ü həlak olub. Yaxın zamanda Suriyaya gedənlər demək olar ki, yoxdur. Azərbaycanda bununla bağlı ciddi işlər görüldü. Milli Məclisdə geniş müzakirələr aparıldı, qanun qəbul edildi. Qanunda radikalizmlə mübarizə və s. ilə bağlı məsələlər öz əksini tapdı. Azərbaycan prosesin tənzimlənməsi üçün tədbirlər həyata keçirməkdə davam edir. Hazırda ciddi təhlükə yoxdur. Vətəndaşlar da diqqətli olmalı, xaricdən edilən təbliğatlara aldanmamalı, həyatını təhlükəyə atmamalı, gələcəyini məhv etməməlidir”.

Qeyd edək ki, repatriasiya Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 oktyabr tarixli 2336 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ölkədə çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası və reabilitasiyası Qaydaları”nın müvafiq müddəalarına uyğun olaraq aparılır.

Azərbaycan Xarici İşlər Nazirliyinin 2023-cü ilin yekunlarına dair mətbuat buraxılışında bildirilib ki, Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində 661 nəfər Azərbaycan Respublikası vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən təxliyə olunublar. 26 aprel tarixində Sudan Respublikasındakı vəziyyət ilə əlaqədar bu ölkədə yaşayan 26 Azərbaycan Respublikasının vətəndaşı ölkəmizə repatriasiya olunub. Qəzza sektorundan (Fələstin) 12 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə gətirilməsi istiqamətində əlaqələndirmə işləri aparılıb. İl ərzində Suriya Ərəb Respublikasından ölkəmizə 13 nəfər qadın, 49 nəfər uşaq olmaqla 62 nəfərin repatriasiyası həyata keçirilib. Eyni zamanda, İraqdan Azərbaycan Respublikası vətəndaşlarının ölkəmizə repatriasiyası həyata keçirilib. Hazırda İraq Respublikasında Azərbaycan Respublikası vətəndaşlığı mənsubiyyəti müəyyənləşdirilmiş azyaşlı qalmayıb.

Nigar HƏSƏNLİ,
Musavat.com

21.02.2024 17:31
620