Yaxın Şərq qarışsa, Avropa Birliyi yox olacaq: “Qoca qitə”də savaş başlayacaq

Qərb ekspertləri hesab edirlər ki, Avropa məkanı üçün yeni sosial-iqtisadi böhran o qədər də uzaqda deyil, əvvəlcə siyasi-istimai qarşıdurma gözlənilir... Ardıncasa, Avropada güclü etiraz dalğası kütləvi iğtişaşlara çevrilə, yerli-gəlmə toqquşmaları isə bəzi “qoca qitə” ölkələrində vətəndaş müharibələri törədə bilər...

Dünya təhlükəli proseslərlə, hadisələrlə, münaqişələrlə yüklənməyə başlayıb. İndi dünyanın hər tərəfində hansısa yeni münaqişə ocağı yaranır. Silahlı münaqişələrin əsas hədəfi isə ilk növbədə və son nəticədə günahsız insanlar olur. Uşaqlar, qadınlar, qocalar, ümumiyyətlə, mülki şəxslər həyatını itirir. Və bu baxımdan, bütün münaqişəli problemlərin məhz siyasi-diplomatik yollarla həll edilməsi daha məqbuldur.

Hazırda dünya yenidən qarışıb. Bir-birinə yaxın iki bölgədə amansız savaş qlobal kataklizmlər vəd edir. Ukrayna savaşı artıq dünya iqtisadiyyatına sarsıdıcı zərbələr vurub. Beynəlxalq siyasi iradə mərkəzləri hələlik Ukrayna savaşından çıxmağın yolunu tapa bilməyiblər. Əksinə, bu savaş dünyanı parçalayıb, iki qütbə ayırıb və hətta düşmən düşərgələrə bölüb. Bu isə o deməkdir ki, dünya daha ağır bir tarixi mərhələyə doğru irəliləyir.

İndi Ukrayna savaşına bir də Yaxın Şərqdə genişmiqyaslı savaş təhlükəsi də əlavə olunub. Belə ki, Həmas və İsrail arasındakı silahlı toqquşmaların bütün regiona yayılma ehtimalı hər ötən gün daha da artır. Əgər, bu, baş verərsə, onda bütün dünyanı yeni hərbi-siyasi və maliyyə-iqtisadi böhranın yarana biləcəyi qətiyyən şübhə doğurmur. Və bu təhlükə hazırda ən çox Qərb ölkələrini xüsusilə də, Avropa Birliyini narahat edir.

rusyadan-3-dunya-savasi-u-209_2-41.jpg (121 KB)

Təbii ki, Avropa Birliyi ölkələrinin narahatlıq səbəbləri tamamilə başadüşüləndir. Çünki Avropa məkanı hazırda birmənalı şəkildə Ukrayna savaşının təsiri altında qalıb. Belə ki, Avropa Birliyi ölkələri Ukrayna savaşında birbaşa iştirak etməsələr də, bu müharibənin maliyyə-iqtisadi ağırlığı məhz “qoca qitə”nin üzərinə yüklənmiş vəziyyətdədir. Və Avropa ölkələri son vaxtlar Ukrayna savaşının maliyyə-iqtisadi yükünü çəkməkdə çətinlik çəkdiklərini qətiyyən gizlətmirlər.

Məsələ ondadır ki, Avropa Birliyi Rusiyaya qarşı sanksiyalar tətbiq ediblər. Avropa Birliyi Rusiyanı maliyyə-iqtisadi cəhətdən “qoca qitə”dən tamamilə çıxarıb. Eyni zamanda, bu ittifaqın üzvü olan dövlətlərə aid biznes dairələri də Rusiyanı tərk edib. Bu isə nəhəng maliyyə-iqtisadi itki anlamına gəlir.

Digər tərəfdən, Avropa Birliyi Rusiya enerji resurslarından da məhrum olub. Alternativ enerji qaynaqları isə hələlik Avropa məkanının illlik ehtiyaclarını tam əhatə etmək üçün qətiyyən yetərli deyil. Yəni, “qoca qitə”də enerji böhranının yaşandığını iddia etmək üçün kifayət qədər əsaslar mövcuddur.

e114b4f6-054c-4270-b52c-6a46bdb78e38.jpg (242 KB)

Nəhayət, onu da nəzərə almaq lazımdır ki, Avropa Birliyi ölkələri Ukraynaya iriməbləğli maliyyə yardımlarının ayrılmasını da öz üzərinə götürüb. Rusiya ilə savaşan Ukrayna ordusunun silah-sursat və hərbi texnika ilə təminatı Avropa Birliyini nəhəng maliyyə vəsaiti xərcləmək məcburiyyətində buraxır. Büdcə gəlirlərinin ciddi şəkildə azalmaqda olduğu bir şəraitdə bütün bu sadalanan istiqamətlər üzrə xərclərin ödənməsi o qədər də asan məsələ deyil.

Göründüyü kimi, Avropa məkanı ağır bir maliyyə-iqtisadi mərhələdən keçir. İndi buna Yaxın Şərqdə genişmiqyaslı müharibə də əlavə olunarsa, bu, Avropa Birliyini daha da çıxılmaz vəziyyətə sala bilər. Hətta yeni nəhəng maliyyə-iqtisadi itkilər ümumiyyətlə, Avropa Birliyinin gələcək taleyini böyük təhlükə altına sala biləcəyi ilə bağlı ehtimalları da ön plana çıxarır.

Məsələ ondadır ki, əgər, Yaxın Şərq yeni genişmiqyaslı savaşla qarışsa, bunun ilk sarsıdıcı zərbəsi məhz Avropa Birliyinin payına düşəcək. Çünki hazırda Avropa Birliyi Ukrayna savaşı ucbatından itirdiyi Rusiya enerji resurslarının əhəmiyyətli bir hissəsini məhz Yaxın Şərqdəki qaynaqlar hesabına kompensasiya etməyə çalışır. Bu regionda bir neçə ölkənin iştirak etdiyi savaş baş verərsə, Avropa məkanı yeni enerji böhranı ilə üzləşə bilər. Və bu səbəbdən də, hazırda Avropa Birliyi Yaxın Şərqdə yaranmaqda olan təhlükəli situasiyadan narahatdır.

D84A6255-AE95-402C-B142-0F4FB3680D09_w408_r1_s.jpg (25 KB)

Onu da nəzərə almaq lazımdır ki, Yaxın Şərqdə baş verə biləcək yenu genişmiqyaslı savaş həm də Avropa məkanına kütləvi qaçqın axını vəd edir. Avropa Birliyi üçün belə qaçqın dalğası isə ilk növbədə ictimai-siyasi iğtişaşlarla nəticələnə bilər. Çünki “qoca qitə”də son vaxtlar sosial narazılıqlar onsuz da ciddi şəkildə artıb. Avropa ölkələrində ultra-millətçilik meylləri də təhlükəli həddə qədər güclənib. Və başqa ölkələrdən gələnlərə hücumların intensivləşdiyi müşahidə olunur.

Artıq bəzi Qərb siyasi dairələri Avropa Birliyi məkanında vətəndaşlarla başqa ölkələrdən gələnlər arasında kəskin qarşıdurma təhlükəsi proqnozlaşdırırlar. Onların fikrincə, avropalılar vərdiş etdikləri yaşayış səviyyəsindən uzaqlaşırlar. Ona görə də, indi bir tərəfdən Avropa hökumətlərinə qarşı etirazlar güclənir. Digər tərəfdənsə, ultramillətçi qruplaşmalar yerli əhalinin sosial narazılığını gəlmələrə qarşı yönəltməyə çalışırlar.

Bütün bunları nəzərə alan Qərb ekspertləri hesab edirlər ki, Avropa məkanı üçün yeni sosial-iqtisadi böhran o qədər də uzaqda deyil. Eyni zamanda, bu, əvvəlcə siyasi-istimai qarşıdurma yarada bilər. Ardıncasa, Avropa ölkələrində güclü etiraz dalğasının yaranmasıyla, kütləvi iğtişaşlar qaçılmaz olar. Belə vəziyyətdəsə, yerli-gəlmə modelində toqquşmaların “qoca qitə” ölkələrinin bəzilərində vətəndaş müharibələrinə yol aça biləcəyi də qətiyyən istisna deyil. Və bu, Avropa Birliyinin ümumiyyətlə, çökərək, dağılma təhlükəsi vəd edir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

13.10.2023 19:35
3797