Yaxın Şərq qaranlığa qərq olur - Azərbaycana təsirləri...

Beynəlxalq koalisiya İrana zərbələr endirə bilər; ekspert: “İrana zərbə endirməyə başlasalar, Azərbaycana kütləvi köç başlayacaq”

HƏMAS-ın İsrailə hücumlarına sərt cavablar verilməsi davam edir. Qəzza darmadağın edilir, elektrik enerjisi, su təminatı kəsilib, ərazilər bombardman olunur. Hər iki tərəfdən ölənlər artmaqdadır. Yaxın Şərq hazırda qan gölünə çevrilib. HƏMAS-ın İsrail ərazilərinə gözlənilməz hücumu, mülki əhalinin öldürülməsi, mülki yəhudilər arasında girovların olmasına İsrail ağır şəkildə cavab verməkdədir.

Baş nazir Benyamin Netanyahu HƏMAS-ı tamamilə məhv edəcəklərini açıqlayıb. Görünən budur ki, HƏMAS-ın tamamilə məhvinə, özünü buraxmasına qədər proses davam edə bilər. Ancaq bu, heç şübhəsiz ki, çox ağrılı bir prosesdir və məsələyə İranın, digər ərəb ölkələrinin qarışması ehtimalını nəzərə alsaq, Yaxın Şərq qısa zamanda tamamilə qaranlığa qərq ola bilər. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) artıq Qəzzada kritik vəziyyət yarandığına dair xəbərdarlıq da edib. Bu arada Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel də Yaxın Şərqdə vəziyyətin arzuolunmaz məcraya yönələ biləcəyinə dair xəbərdarlıq edib. “Biz iki dövlətli həll yolunu dəstəkləyirik və başqa həll yolu bilmirik”, - Borrel deyib.

Yaxın Şərq onsuz da qığılcıma bənddir və heç şübhəsiz ki, regionun alovlanmasında maraqlı güclər də var. Bəs biz qarşıda hansı hadisələrin şahidi ola bilərik? Prosesi zəiflətmək mümkün olacaqmı, yoxsa regionun qarışması planı artıq qaçılmazdır? Son gedişat hansı variantı daha inandırıcı edir? Bəs bu gedişatda prosesin Azərbaycana təsirləri necə ola bilər? Əlbəttə ki, suallar çoxdur, vəziyyət mürəkəbbdir, hadisələrin çoxvektorlu, çoxkombinasiyalı olduğunu qeyd etmək lazımdır. Burada strateji mübarizə də şiddətlənmiş şəkildə görünməkdədir: Çin, Rusiya və İran bir mövqedə görünür, Tehran açıq şəkildə HƏMAS-ı dəstəkləyir, digər iki dövlət isə Fələstin təşkilatının hücumlarını pisləmir, tərəfləri təmkinli olmağa çağırır. Qarşı tərəfdə isə İsraili müdafiə edən ABŞ və beynəlxalq koalisiya var. Ərəb dövlətlərindən yalnız BƏƏ HƏMAS-ın hücumunu pisləyib, Misir isə Qəzza ilə olan sonuncu keçid məntəqəsini də fələstinlilərin üzünə bağlamaqla öz millətindən olanları çətin vəziyyətə salıb. Səudiyyə Ərəbistanı da əvvəlki səviyyədə yəhudi dövlətinə qarşı çıxmır. Son zamanlar bir yaxınlaşma da müşahidə edilirdi.

Livan bəyan edib ki, “Hizbullah”dan zəmanət alıb, İsrail hücum etməsə, o da zərbə endirməyəcək. Suriyadan İsrail ərazisinə raket zərbəsi olub, amma Əsəd hakimiyyəti tələsməməyə çalışır. Odur ki, açıq şəkildə HƏMAS-a dəstək verdiyini yalnız İran bəyan edib. Hətta ali dini lider Seyid Əli Xameneyi fələstinli döyüşçülərin əllərini öpdüyünü söyləyib. O, İsrailin məğlub olduğunu iddia edib. Bu halda hadisələrin coğrafiyası genişlənə bilərmi? İsrail-İran arasında Qəzzada gedən proksi savaş birbaşa müharibəyə çevrilərsə, bizim regionu nə gözləyir? Qarabağ müharibəsindən yeni çıxan və dayanıqlı sülh üçün Ermənistanla danışıqlar aparan Azərbaycanı, Cənubi Qafqazı hazırkı toqquşmalar təhdid edirmi?

Telman Qasımov: “Nəzərə almalıyıq ki, son dövrlər düşmən daha da aktivləşib”

 Telman Qasımov

Hərbi ekspert Telman Qasımov “Yeni Müsavat”a qeyd etdi ki, Azərbaycana hazırda təhdidlərin olmasını deməzdi, amma müəyyən təhlükələr yaradır. Hərbi analitikin sözlərinə görə, həm ABŞ, həm İsrailin İranı vurmaq planı var: “İran bizə cənub qonşudur, bu ölkədə milyonlarla azərbaycanlı yaşayır. Əgər beynəlxalq güclər İrana zərbələr endirməyə başlasalar, o zaman oradan Azərbaycana kütləvi köç başlayacaq. Biz də onun qarşısını kəsə bilmərik. Çünki güneyli qardaşlarımızı qarşılayacağıq, o zaman da xaos yaranacaq. Mənə elə gəlir ki, hadisələrin coğrafiyası genişlənə bilər və İranı vuracaqlar. Tehran nə qədər desə də HƏMAS-a dəstək verilməsində bizim əlimiz yoxdur, faktiki olaraq Fələstinə verilən raketlərin əksəriyyəti İran istehsalıdır”.

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Yaxın Şərqdə baş verənlərin Azərbaycanın siyasətinə də təsiri ola bilər: “Tehran Azərbaycan-İsrail hərbi əməkdaşlığından narahatlığını gizlətmirdi. Tehran HƏMAS vasitəsilə Azərbaycana tərəfdaş olan dövlətə zərbələr endirib. Rəsmi Bakı bu və digər formada İsrailə hücumu pisləyəcək. Bundan sonra Tehran İsrailin Cənubi Qafqazdakı varlığına qarşı daha sərt açıqlamalar verəcək. Bu açıqlamalar rəsmi Bakının İsraillə tərəfdaşlıq siyasətinə təsir etməyəcək. Bu halda İranda Azərbaycan əleyhinə təbliğat güclənəcək. Türkiyə üçün də çətindir. Ankara HƏMAS qruplaşmasıi ilə təmasda olub, bu təşkilatın liderləri dəfələrlə Türkiyədə səfərlərdə olub və prezident Ərdoğanla fikir mübadiləsi aparıblar. Ancaq HƏMAS qruplaşmasının İsrailə hücumu Ərdoğanı da çətin vəziyyətə salıb. Türkiyə Cümhurbaşqanı Fələstinin müstəqillik ideyasını dəstəkləsə də, HƏMAS qruplaşmasının İsrailə hücumuna haqq qazandıra bilməz. Digər tərəfdən, Ankara son vaxtlar İsraillə münasibətlərin normallaşması siyasətinə üstünlük verirdi, baş nazir Benyamin Netanyahunun Türkiyəyə səfəri nəzərdə tutulurdu. Ankara İsraillə yaxınlaşarkən bu ölkənin Azərbaycana hərbi dəstəyi amilini də hesaba qatırdı”.

Zəngəzur dəhlizində təxribat olarsa, müharibə başlayacaq" - Elxan Şahinoğlu

Elxan Şahinoğlu

“İsrail-Fələstin müharibəsinin Azərbaycan üçün təsir etmə potensialı mövcuddur, lakin təsirin dərəcəsi müharibənin ölçüsündən, müharibənin irəliləyişindən və digər bir neçə faktordan asılıdır. Məhz müharibənin yaranmış atmosferi regionda daha geniş müharibə ehtimalını artıra bilər”. Bunu isə siyasi şərhçi Əziz Əlibəyli deyir. O hesab edir ki, Azərbaycan cəmiyyətinin mövzu baxımından paralandığını sadə müşahidə ilə görmək mümkündür: “Əksəriyyət İsraili müdafiə etsə də, az bir qism din qardaşlığı baxımından fələstinlilərə dair pozitiv düşüncələr daşıyır. Amma bu məsələdə risk amili doğuran radikal şiələr mövcuddur. HƏMAS, Hizbullah, Həşdi - Şabi kimi terror təşkilatlarının qidalandığı SEPAH və digər İran təşkilatlarının olması Azərbaycandakı tərəfdarlarını da "işığa çıxmağa" həvəsləndirir. Bu mənada baş verən münaqişəyə İranın gözü ilə baxan sözügedən şəxslər cihad və digər radikal dini addımlara çox meyillidirlər. Onlardan müəyyən dövrdə İran xüsusi xidmət orqanları istifadə edib, bu baxımdan ehtiyatlı olmaqda fayda var".

Rusiya sülhməramlı qüvvələrinin Ermənistanla əlaqələri kəsilməlidir" - MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə

Təhlilçi Məhəmməd Əsədullazadə isə hadisələrə pozitiv yanaşaraq güman edir ki, İsrail -Fələstin müharibəsi Zəngəzur dəhlizinin perspektivini artırdı: “Prezident İlham Əliyev qeyd edib ki, İran vasitəsilə Naxçıvana dəmiryol və avtomobil yolunun çəkilməsi ilə bağlı razılıq əldə olunub. Demək olar ki, Rusiya da, İran da Ermənistanı sahədə tək buraxdı. ABŞ, ümumiyyətlə, Zəngəzur dəhlizinin əleyhinə olub. İstər Ermənistandan keçsin, istərsə də İrandan. Çünki Çinin "Bir kəmər, bir yol" layihəsi ipək yolunun əsas seqmenti olaraq Avropa ilə Asiyanın əsas quru arteriyası olacaq. Ona görə də ABŞ Orta dəhlizə isti baxmır. Vaşinqton məhz “Baharat” dəhlizini ortaya atmaqla Hindistan-Səudiyyə Ərəbistanı və İsrail üzərindən yeni dəhliz memarandumu imzalamışdı. İsraildə baş verən müharibə Səudiyyə Ərəbistanı-İsrail əlaqələrinin yenidən pozulması ilə bu dəhlizin perspektivinin üstündən xətt çəkəcək. Gözlər yenidən Zəngəzur dəhlizində olacaq. Bu dəhlizdən Hindistan da istifadə edəcək. Nəticədə Hindistanın Ermənistana dəstəyi zəifləyəcək. Azərbaycan bununla da nəzərdə tutulan Hindistan, İran və Ermənistan - Şimal dəhlizinin üstündən xətt çəkdi. Artıq Azərbaycan Ermənistanı hər iki dəhlizdən məhrum etdi".

Onu da deyək ki, İsraildə HƏMAS-ın hücumları nəticəsində həlak olan Azərbaycan əsilli şəxslərin adları məlum olub. Həlak olanlardan Elkin Nəzərovun ikili vətəndaşlığı olub. Digər üç nəfər Şamil Abbasov, Emin Axundov və Roman Qandel isə İsrail vətəndaşlarıdır.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

12.10.2023 10:49
1153