Yaxın qohum evliliyinin yasaqlanmasına reaksiyalar - cəmiyyəti maarifləndirmək effekt verməyəndə....

Ekspertlərdən SOS!: “İkinci və üçüncü dərəcəli qohumların evliliyi qadağan edilməzsə...”

Azərbaycanda nikahın bağlanmasına mane olan hallar artırılır. “Yeni Müsavat” xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında artıq müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. 

Belə ki, nikahın bağlanmasına mane olan halların sırasına qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu daxil edilir. Qeyd edilib ki, dünya əhalisinin bir qismi kimi, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir. Məhz bu problemin həlli məqsədilə Ailə Məcəlləsinin 12-ci maddəsində (nikahın bağlanmasına mane olan hallar) yaxın qohumlarla yanaşı qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqlar, o cümlədən bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına yol verilməyən yeni normanın təsbit edilməsi nəzərdə tutulur. Həmçinin, qanuna edilən dəyişiklə, yetkinlik yaşına çatmayanların kəbinini kəsən mollalar cərimələnəcək, nikah yaşına çatmayan şəxsi erkən evliliyə daxil olmağa məcbur edənlər həbs olunacaq, toy və nişan mərasimlərini keçirənlər isə 13 min manat cərimələnəcək. Eyni zamanda mövcud qanunvericilikdə əksini tapan, nikah yaşının 1 il azaldılmasına yol verilən hal aradan qaldırılır. Erkən evliliklə bağlı mərasimlərin keçirildiyi restoran və şadlıq sarayları da cərimələnəcək. Bu qaydalar həm tibbi, həm də mənəvi baxımdan əksəriyyət tərəfindən təqdir edilir. Uzun müddət bununla bağlı cəmiyyətdə maarifləndirmə işləri aparıldı, ancaq faktlar göstərir ki, ciddi nəticə hasil olmadı. Ona görə də sərt qaydaların tətbiqi şərtə çevrildi.

Bəziləri bunu insan haqlarının pozulması kimi qiymətləndirsə də, mütəxəssislər radikal addımların atılmasının tərəfdarıdır. Məlumat üçün bildirək ki, ABŞ-ın 24 ştatında, Çin, Cənubi Koreya, Türkiyə, Estoniya, Ukrayna, Tacikistan və Gürcüstanda baba, yaxud nənə ümumi olan şəxslər arasında nikahın bağlanması qadağan edilib. 

Ədliyyə Nazirliyindən verilən məlumata görə, qohum hesab edilən şəxslər arasında qeydə alınmış nikahların sayı 2021-ci ildə 2 min 363, 2022-ci ildə 2 min 542 olub, belə nikahların pozulmasının sayı 2021-ci ildə 204 olub, 2022-ci ildə isə 608-ə yüksəlib. Ən çox qohum nikahlar Bakıda (742), Mil-Muğan (296) və Lənkəran-Astara (274) regionlarında qeydə alınıb.

Dövlət qurumlarının rəsmi açıqlamalarında qeyd edilir ki, əlilliyi rəsmiləşdirilənlərin sayı 70 minə yaxındır. Mütəxəssislər bildirirlər ki, əgər yad insanların evliliyi zamanı onların uşaqlarının qüsurlu olması riski 2-4 faizdirsə, qohum evliliklərdə bu göstərici 4-8 faizdir. Yəni bu risk 2 dəfə artır. Genetik xəstəliklərlə doğulan uşaqların 8,4 faizi bu ailələrin payına düşür. Əgər dünyada əngəlli doğulan uşaqlar 1 faizdirsə, qohum evliliklərində 9 faizdir. Bu ailələrdə ölü və yarımçıq doğuşların sayı digər evliliklərə nisbətən 2 dəfə çoxdur. Qohum evliliklərində ən çox rast gəlinən qan xəstəlikləri, göz, qulaq, əzələ-sinir, ürək-damar və şəkər xəstəlikləri, ağıldankəmlik və s.-dir. Qan xəstəlikləri arasında isə talassemiya, hemofiliya və başqa qan xəstəlikləri daha çox yayılıb.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsinin baş həkimi Xuraman Cəfərova açıqlamasında qan xəstəliklərinin, həmçinin qüsurlu uşaqların sayının artdığını bildirib. Qeyd edib ki, hər iki valideyn talassemiya daşıyıcısı olduqda xəstə uşaqların doğulma ehtimalı böyük olur. Burada böyük faiz qohum nikahların payına düşür. 

Mehriban Zeynalova: “Anası qızını əri ilə barışmağa məcbur etdi,  sığınacağımızdan gedəndən sonra da əri onu öldürdü” - MÜSAHİBƏ | 1news.az |  Xəbərlər

Mehriban Zeynalova

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə hesab edir ki, qohum nikahların qarşısının  qadağalarla alınması istənilən nəticəni verməyə bilər: “Birinci ondan başlayaq ki, xala, bibi ərə gedəndə soyadını dəyişir və ya dəyişməyə məcbur edilir. Eynilə dayı başqa soyadda olur, qalır əmi. Ümumiyyətlə, nikaha daxil olan şəxslərin qohumluq münasibətinin statistikası necə müəyyən olunub? Məncə, bu qadağalardansa, TV-lərə alimləri dəvət edib insanları faktla, elmlə inandırmaq lazımdır. Eyni zamanda nikaha daxil olmaq üçün müraciət edənlər bir ay müddətində mütəxəssislərlə görüşməli, daha sonra qərar verməlidir. Qohum nikahlar əsrlərdən bəri gələn adətlər olduğundan, onun qarşısını sərt deyil, yumşaq, inandırma üsulu ilə almaq daha uğurlu nəticələnər”.

Qohum nikahına daxil olmaq genetik xəstəliyə malik uşağın dünyaya gəlməsinə səbəb olur. Bunu  həkim-nevroloq Aynur Zeynalova deyir. Onun sözlərinə görə, Azərbaycan əhalisi, xüsusilə bölgələrdə yaşayanlar qohum nikahlarına daha çox üstünlük verirlər: “Qız adətən qohumdan alınır və qohuma da verilir. Hətta qohumla yenidən qohum olma istəyi o qədər güclüdür ki, valideyn ailə qurmuş övladının ailəsini dağıtmaqdan belə çəkinmir. Amma qohum nikahlar genetik xəstəliklərə təsir göstərən önəmli amillərdən biridir.  Nevroloq olaraq gün ərzində bir çox pasiyent müayinə edirəm. Onların 10-dan çoxu qohum nikahı nəticəsində doğulan körpələrdir. Ən kədərlisi də budur ki, onlar metabolik və ya genetik xəstəlikdən əziyyət çəkir. Psixomotor ləngimə ilə yanaşı epileptik tutmalardan əziyyət çəkən körpələr heç nədən xəbərsizdir. Hətta autizm kimi maskalanan metabolik xəstəliklərin sayı da çoxdur. Valideynlər həm maddi, həm də mənəvi baxımdan çökmüş vəziyyətdə olurlar. Ən acınacaqlısı bir ailədən iki övladı xəstə olanlardır. Ona görə də qohum nikahına son deyək. Daha deməyək ki, filankəs əmioğlu ilə ailə qurub, sağlam övladı var. Yaxud da filankəs yad insanla ailə qurub xəstə övladı var. Oxşar genə malik insanların ailə qurması nəticəsində genetik xəstəliklərin üzə çıxma faizi yüksəkdir”.

Aynur Musayeva: “Ata-baba yurdum Laçında müəssisələr açıb, əhalinin işlə  təmin olunmasına töhfə verəcəm” » 44Gun.Org

 Aynur Musayeva

Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva da qeyd edir ki, Azərbaycanda qohumlar arasında nikahların sayı artır və bu, ciddi genetik fəsadlara səbəb olur: “Məsələ burasındadır ki, qohum evliliklər övladlar üçün potensial sağlamlıq riski daşıyır. Belə nikahlar nəticəsində doğulan uşaqlar bir çox hallarda müxtəlif qan xəstəliklərinin daşıyıcısı, fiziki cəhətdən qüsurlu olur, əlilə çevirilirlər. Yaranmış vəziyyət dövlətin bu sahəyə müdaxiləsini qaçılmaz edir. Bu baxımdan, ikinci və üçüncü dərəcəli qohumlar arasında nikahların bağlanması qanunvericiliklə qəti qadağan edilməlidir. Hazırda cəmiyyətdə bu istiqamətdə aparılan müzakirələr olduqca aktualdır və bu qadağa təklifi böyük dəstək qazanmaqla müvafiq qanunda öz əksini tapmalıdır. Əks halda, xalqımızın genefondu ciddi ziyana uğrayacaq. Təbii ki, bu məsələdə ən böyük məsuliyyət valideynlərin üzərinə düşür. Əvvəllər cəmiyyətdə qohum nikahların fəsadları barədə daha az məlumat var idisə, bu gün belə deyil. Qohum nikahların cəzasını xəstə, əlil uşaqların çəkdiyinə dair çoxsaylı acı faktlar göz önündə olmasına baxmayaraq, yenə də əmi, xala, dayı, bibi uşaqlarının evlənməsi halları adi hal almaqdadır. Bu evliliklər çox vaxt məhz valideynlər və qohumların təklifi və təkidi ilə baş tutur. Bununla da valideynlər öz övladlarını bilə-bilə bu "qohum nikahı" uçurumuna itələyirlər. Bu, şübhəsiz ki, onların iqtisadi maraqlarından, sərvətlərini qorumaq, “mal-mülküm kimə qalacaq” narahatlığından, həmçinin “tanıdığımız ailə” arqumentlərindən qaynaqlanır. İnsanlar düşünür ki, pul qazanırsa, onun var-dövləti yad qızına yox, öz qohumuna qismət olmalıdır. Bu, absurd yanaşmadır. Artıq cəmiyyət olaraq bu yanaşmalara son qoymalıyıq. Qanunda qadağa tətbiqi mütləqdir. Necə ki, bir çox ölkələr qohum nikahlarını qanunla qəti şəkildə qadağan ediblər, Azərbaycanda da bu addım atılmalıdır. Amma paralel olaraq belə düşünən, övladlarını evləndirmək istəyən yaxın qohumlara qarşı ictimai qınaq da güclənməlidir. Qohum nikahlara son qoymaq üçün şüurlarda inqilab olmalıdır. Yaxın qohum evlilikləri cahillikdir, avamlıqdır, savadsızlıqdır. Bu bəladan cəmiyyətimiz tez bir zamanda qurtulmalı, təmizlənməlidir. Uşaqları bilə-bilə xəstə doğulmağa məhkum etmək cinayətdir! Araşdırmalar da təsdiq edir ki, əgər dünyada əlil doğulan uşaqlar 1 faizdirsə, qohum evlilklərində bu göstərici 9 faizdir. Həmin ailələrdə ölü və yarımçıq doğuşların sayı digər evliliklərə nisbətən 2 dəfə çoxdur. Qohum evliliklərdə ən çox rast gəlinən xəstəliklərin isə qan xəstəlikləri, göz, qulaq, əzələ - sinir, ürək - damar və şəkər xəstəlikləri, ağıldankəmlik olduğu bildirilir. Qan xəstəlikləri arasında talassemiya, hemofiliya və başqaları daha çox yayılıb. Ona görə də, gələcək nəsillərin sağlamlığını qorumaq üçün ikinci və üçüncü dərəcəli qohumlar arasında nikahların qadağan olunmasını nəzərdə tutan qanunlar, sosial normalar tətbiq edilməlidir".

Əsabəli Mustafayev: "Prokurorluğun vəkildən qisas almağa çalışması düzgün  deyil" - BBC News Azərbaycanca

Əsabəli Mustafayev 

“Bibiqızı ilə dayıoğlu evlənirsə, bunların qohumluğu necə sübut olunacaq”, - deyə hüquqşünas Əsabəli Mustafayev də mövzu ilə bağlı “Yeni Müsavat”a fikilərini bildirib: “Ata ayrı, ana ayrı, familiyalar, adlar özgə ola bilər. Haradansa arayış gətirməlidir ki, bibi oğlu deyiləm. Bunu müəyyən etmək çox çətindir. Yaxın qohumlarla bağlı başadüşüləndir, bacı qardaşdırlar, icazə yoxdur, sənədlərdə valideynlərin familiyası var. Digərləri bəs necə müəyyən ediləcək? Qurumlar bunu dərindən araşdırmalı, sübut etməlidir. Hesab edirəm ki, bu, insan hüquqlarına zidd olan bir məsələdir, bunun həyata keçməsi üçün daha dərindən araşdırmaya və sübutlara ehtiyac var”. 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

13.06.2024 12:10
1265