Yaxın 25 ildə dünya neft-qaza tələbin pikini görməyəcək – Novak

Qlobal iqtisadiyyat ən azı yaxın 25 il ərzində neftə tələbatın pik səviyyəsinə çatmayacaq. Qlobal tələbat 2050-ci ildən sonra da artmağa davam edəcək.

Musavat.com xəbər verir ki, Rusiya baş nazirinin müavini Aleksandr Novak bu fikirdədir.

O, “Al Arabiya” telekanalına müsahibəsində bildirib ki, 2050-ci ilədək nə neft, nə də qaza tələbatın pik həddinə çatması gözlənilir:

“Əgər biz bütövlükdə enerji balansını götürsək və 2050-ci ilə qədər, növbəti 25 il üçün baxsaq, o zaman, tam əminliklə deyə bilərik ki, hər iki məhsula – həm qaza, həm də neftə tələbat hələ ki, pik olmayacaq”.

Aleksandr Novak əlavə edib ki, qlobal enerji kompleksində bərpa olunan enerjinin payının artmasına baxmayaraq, neft və qaz tələbatı artmağa davam edəcək:

“Bu inamın əsası ondan ibarətdir ki, biz dünyada ümumilikdə enerjiyə olan tələbatın çox sürətlə artdığını görürük və enerjiyə, ilk növbədə elektrik enerjisinə tələbat artır. Niyə? Çünki yeni müasir texnologiyalar tətbiq olunur, iqtisadiyyatın texnoloji strukturu dəyişir, enerjini çox aktiv şəkildə süni intellekt, məlumat mərkəzləri, axtarış sistemləri istifadə edir, eynilə ChatGPT, müvafiq olaraq, müvafiq sorğu verildikdə, süni intellekt çox enerji sərf edir”.

Novak bildirib ki, istehlak eksponent olaraq artacaq. Bundan əlavə, nəqliyyat elektrikləşdirilir və çoxlu enerji tələb edəcək.

Musavat.com

01.10.2024 15:24
196