Ekspert əhalinin öz pullarını banklara əmanət etməsinə həvəsləndirilməsi üçün şərtləri açıqladı
Azərbaycanda banklardan kənarda nağd pulun həcmi yüksək olaraq qalır. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2023-cü ildə manatla pul bazası 19.6 faiz artaraq 20.9 milyard manat təşkil edib. İl ərzində pul bazasına Mərkəzi Bankın valyuta müdaxiləsi və vahid xəzinə hesabının qalığının dəyişimi artırıcı, sterilizasiya əməliyyatları isə azaldıcı təsir edən əsas amillər olub. Hesabat ilində manatla pul bazasının struktur elementi olan dövriyyədəki nağd pulun həcmi 17.3 milyard manata, manatla müxbir hesabların qalığı isə 3.5 milyard manata yüksəlib.
Nağd pulun (M0) manatla geniş pul kütləsində (M2) xüsusi çəkisi ötən ilə nəzərən əhəmiyyətli dəyişməyərək ilin sonuna 44.9 faiz təşkil edib. Lakin il ərzində nağd pulun həcmi 19,4 faiz artıb.
Bu ilin birinci rübündə manatla geniş pul kütləsinin həcmi 34 milyard 453 milyon manata, nağd pulun həcmi isə 15 milyard 435 milyon manata bərabər olub.
Onu da qeyd edək ki, son illərdə Azərbaycanda nağd dövriyyənin azaldılması, əməliyyatların qeyri-nağd, yəni bank yolu ilə həyata keçirilməsinin təmin edilməsi istiqamətində çoxsaylı addımlar atılıb. Dövlət qurumlarının göstərdiyi bütün xidmətlər üzrə ödənişlərin qeyri-nağd aparılması məcburi xarakter alıb. Eyni zamanda ticarət, səhiyyə və digər özəl sahələrdə ödənişlərin bank kartları vasitəsilə həyata keçirilməsini stimullaşdıran mexanizmlər tətbiq edilir. Mərkəzi Bankın statistikasına əsasən, 2023-cü ildə Azərbaycanda bank kartları ilə 88,1 milyard manat ödəniş edilib ki, bu da 2022-ci illə müqayisədə 56 faiz çoxdur. Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”nda qeyd edilir ki, illik ödənişlərin 49 milyard manatlıq hissəsi nağdsız ödənişlərdir. Bu isə 1 il əvvələ nisbətən 2 dəfə çoxdur. Beləliklə, il ərzində ölkədaxili əməliyyatlarda nağdsız hesablaşmaların xüsusi çəkisi 12,4 faiz bəndi artaraq 55,6 faizə çatıb.
Kartlarla nağdsız ödənişlərin böyük hissəsi elektron ticarət əməliyyatlarının payına düşüb. Hesabat dövründə elektron ticarət əməliyyatlarının sayı 2,2 dəfə artaraq 563,4 milyon ədəd, ümumi məbləği isə 2,1 dəfə artaraq 39,2 milyard manat olub.
İl ərzində təsərrüfat subyektlərində POS-terminal vasitəsilə aparılan əməliyyatların sayı 2,1 dəfə artaraq 416,6 milyon ədəd, ümumi məbləği isə 68,5 faiz artaraq 9,8 milyard manat təşkil edib. O cümlədən POS-terminallarla aparılan təmassız ödənişlərin sayı illik müqayisədə 2,2 dəfə artaraq 401,1 milyon ədəd, ümumi məbləği isə 82,5 faiz artaraq 8,9 milyard manat olub.
AMB bildirir ki, ödəniş kartlarının artması bu ilin mart ayında nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.6 dəfə artıb. 2024-cü ilin mart ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 5 milyard 697 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 4 milyard 737 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 952 milyon manatı POS-terminallar, 8 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 61.7 faizini təşkil edib.
Mütəxəssislərə görə, əldə edilən nəticələri yüksək qiymətləndirmək mümkün deyil. Bildirilir ki, burada əsas rolu əhalinin öz pulunu banklara etibar etməməsi oynayır: insanların mühüm hissəsi pensiya və maaşlar karta köçən kimi gedib pulu hesabdan çıxarır, alış-verişlərini nağd qaydada həyata keçirməyə üstünlük verirlər. Əhalinin banklara etibar etməməsini isə bir çox ekspertlər bankların bağlanması hallarının çox olması ilə izah edirlər. Onların fikrincə, son zamanlar bir-birinin ardınca bağlanan banklar insanlarda onlara olan güvəni azaldıb. Bu səbəbdən də bir çox vətəndaşlar pullarını evdə saxlamağa üstünlük verirlər. Bəziləri qızıl almağa üstünlük verir. Belə hesab edilir ki, qızıl gələcək üçün ən yaxşı yatırımdır. Mütəxəssislərin fikrincə, ən sərfəli investisiya daşınmaz əmlak sahəsidir. Daşınmaz əmlak, obyekt alınması, ev alınması, torpaq sahəsi alınması və s. gələcəkdə ən azından vətəndaşlar üçün itkinin olmamasına, yəni itki ilə üzləşməməsi baxımından daha məqsədəuyğun yatırım hesab edilir. Yeri gəlmişkən, Azərbaycan vətəndaşları ötən ay Türkiyədə 54 mənzil alıb. Əksəriyyət isə pulu xarici valyutada saxlamağa üstünlük verir. Bu faktlar həm də onu gstərir ki, 2015-ci il devalvasiyası qorxusu hələ də keçməyib.
Mütəxəssislər hesab edirlər ki, “yastıq altında” böyük həcmdə nağd pulun saxlanılması real sektorun maliyyələşdirilməsi baxımından arzuolunan deyil. Çünki potensial olaraq həmin pulların çox hissəsinin banklar vasitəsilə iqtisadiyyata yönəldilməsi mümkündür. Evlərdə saxlanılan nağd pulun həcminin çox olması banklara inamın artırılması istiqamətində işlərin daha da sürətləndirilməsini prioritetləşdirir. Bu kontekstdən, zəif bankların bağlanması deyil, onların konsolidasiyası, yəni birləşdirilməsi mexanizminə ehtiyac var. Bu, nağd vəsaitlərin banklar vasitəsilə real sektora yönəlməsinə gətirib çıxara bilər.
Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov bildirir ki, banklardankənar pul kütləsinin artması heç də arzuolunan hal deyil: “Lakin son iki ildə bunu dəstəkləyən obyektiv faktorlar var: həm fiskal ekspansiya, həm inflyasiyanın yüksək həddə çatması, həm də 2023-cü ildə bir neçə bankın bağlanması qərarları banklara olan inamın nisbətən azalmasına, əmanətlərin həcminin artma sürətinin düşməsinə gətirib çıxarıb. Bunun nəticəsində əmanət qoyuluşlarında 10 faiz artım olsa da, M0 - banklardan kənarda olan vəsaitlərin həcmi daha sürətlə artdı. Nəzərə almaq lazımdır ki, inflyasiyanın yüksək səviyyəsi cibdə daha çox nağd pulun saxlanmasını stimullaşdırır. Çünki iqtisadiyyatın strukturunda kölgədə qalan hissəsinin payı hələ də yüksək olaraq qalır. Bu da nağd vəsaitlərə tələbi artıran amillərdən biri kimi çıxış edir”.
Ekspertin sözlərinə görə, əmanətlərin artım sürətindəki zəiflik bankların əllərində olan likvid vəsaitləri yerləşdirməyə şərait olmamasından irəli gəlir: “Uzun müddət boyunca banklar malik olduqları yüksək həcmdə likvid vəsaitləri yerləşdirməyə çətinlik çəkdilər. Bankların əllərində likvid vəsait varsa, nədən stimullaşdırıcı vasitələrlə əlavə əmanətlər cəlb etsinlər ki? Mərkəzi Bank bu izafi likvidliyi aradan qaldırmaq üçün xeyli addımlar atdı, nəticədə bu ilin əvvəlindən bank əmanətlərinin cəlbediciliyi artdı. Lakin hesab edirəm ki, burada əsas stimullaşdırıcı real iqtisadiyyatın artımıdır. Real iqtisadiyyat inkişaf edərsə, banklar likvid vəsaitləri rahatlıqla və güvənlə yerləşdirə bilərsə, onda əmanət şərtləri getdikcə daha cəlbedici olacaq, beləliklə də nağd pul kütləsi azalacaq. Burada həmçinin bank sektorunun özündə sağlam rəqabət mühitinin formalaşdırılması amili də mühüm rol oynayır”.
Pərviz Heydərov
İqtisadçı-ekspert Pərviz Heydərovun sözlərinə görə, əhalinin öz pullarını banklara əmanət etməsinə həvəsləndirilməsi üçün şərtlər var: “Ölkəmizdə sərbəst vəsaitlərin banklara cəlb olunması sahəsində və yaxud da belə qeyd edək ki, əmanət yerləşdirilməsi sahəsində stimullaşdırıcı amillər deməzdim ki, qənaətbəxş səviyyədə deyil. Ən azından onu nəzərə çatdırım ki, manatla əmanət yerləşdirilməsi üzrə banklar kifayət qədər yüksək faiz təklif edirlər. İndikindən artıq divident vədi banklar üzrə kredit faizlərinə təsir edə bilər. Sadəcə olaraq, burada başqa səbəblər var. Bunlardan birincisi, banklara inam məsələsidir. Ölkədə bank sektoruna əhalinin inamı və etibarı tələb olunan səviyyədə deyil. Son illər ərzində bu sahədə vəziyyət hələ xeyli yaxşılaşıb. Bununla belə, sektorda həddindən artıq təmərküzləşmə, ölkədə fəaliyyət göstərən bankların 5-6-sı istisna olmaqla, hər an bağlanma təhlükəsinin olması və sair, etibarı azaldır. Bundan əlavə, manatın dəyərinə də inam möhkəm deyil, devalvasiya gözləntisi həmişə söhbət mövzusu sayılır bizdə. Hərçənd son illər ərzində manatın dəyərinə də inam xeyli dərəcədə yaxşılaşıb. Ancaq bu inam kövrək xarakter daşıyır. İkincisi, inflyasiyanı da nəzərə almaq lazımdır. Manatın alıcılıq qabiliyyətinin ildən-ilə enməsi də banklara vəsait yerləşdirilməsinə maraqsızlıq yaradan səbəblər sırasındadır... Şərt o deyil ki, devalvasiya baş versin. Bank depozitləri də inflyasiyaya uğrayır. Yəni demək istədiyim odur ki, banklardan kənarda olan manatın həcminin artmasında bunun da rolu var”.
Ekspert qeyd edir ki, banklar dollarla əmanətlərə çox az faiz təklif edir: “Buna görə də əhali əlinə keçən pulu dollara çevirib evdə saxlamağı, yaxud daşınmaz əmlaka yatırmağı daha üstün tutur. Bu vəziyyəti dəyişmək üçün həssas davranış tələb olunur: bir tərəfdən əmanət faizlərini artırmaq kredit faizlərini də artıracaq, digər tərəfdən, dollarla əmanətləri stimullaşdırmaq başqa bir təhlükə yaradacaq. Bu baxımdan, bankların bağlanmasını dayandırıb, onların fəaliyyətinin sağlamlaşdırılmasına, bank sektorunda real və azad rəqabət mühitinin yaradılmasına ehtiyac var. Daha bir addım qiymətli kağızlar bazarının inkişafı, fond birjasında ticarət olunan qiymətli kağızları təklifini artırmaq olar. SOCAR kimi digər gəlirli şirkətlərin də fərdi şəxslər üçün əlçatan olan qiymətli kağızlarının dövriyyəyə buraxılması nağd pulların real iqtisadiyyata investisiyasına imkan yaradar”.
Dünya SAKİT,
“Yeni Müsavat”