Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda “Kərimə” dövləti qurmaq istəyən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə müttəhimlər kürsüsünə Xəqani Məmmədov, Sənan Məmmədov, İqbal Axundov, Arif Cümşüdov, Tərzan Qaraşov və Anar İsayev çıxarılıb.
Prosesdə müttəhim Anar İsayev ifadə verib. Deyib ki, xarici ölkədə gizlənən Rufulla Axundzadə ilə onu heç kim tanış etməyib: “Məni sosial şəbəkədə bir qrupa üzv əlavə etdilər. Qrupun adını dəqiq xatırlamıram. Orada işsiz olduğumu, mənə köməklik edilməsini, iş olanda xəbər olunmasını yazdım. Daha sonra Rufulla mənə yazdı və mənimlə əlaqə saxladı. O, çox aqressiv danışırdı, hökumət əleyhinə sözlər deyirdi. “Dövlət əleyhinə aksiya”da iştirak etdiyini, məni də öz tərəfinə çəkmək istədiyini gördüm. Ona etiraz etdim, dedim ki, bu işlərə qarışmıram”.
Anar İsayev Rufulla Axundzadənin ondan nə istəməsini belə izah edib: “Mənə deyirdi ki, burada dünyəvi dövlətə etiraz et. Mən də dedim ki, heç vaxt dövlətimə qarşı çıxmaram”. Anar İsayev daha sonra ifadəsində Arif Cümşüdovun onunla tanış olmasından danışıb: “Arif özü mənə yazdı. Mənimlə dindar insan kimi danışdı. Səhv etmirəmsə, 2-3 dəfə danışığımız oldu. Mən ona maddi vəziyyətimin yaxşı olmadığını demişəm. Ondan iş olsa mənə xəbər göndərməsini, maddi köməklik etməsini istəmişəm. Amma o, mənə maddi kömək etməyib”.
Dövlət ittihamçısının suallarını cavablandıran müttəhim deyib ki, maddi vəziyyətim yaxşı olmayıb deyə ona pul köməklik etməsini istəyib: “Rufulla mənə 200 manat verməyə razı oldu. Dedi ki, mənim Hövsanda adamlarım var. Amma onların kim olduğunu bilməmişəm. Pulu mənə Arif Cümşüdov çatdırdı. Rufulla Axundzadə konkret məndən nə istədiyini bilməmişəm”.
Çarpaz dindirmə zamanı Arif Cümşüdov Anar İsayevə pul çatdırması barədə səslənən ittihamı qəbul etməyib: “Anar İsayev mənə yazdı. Maddi vəziyyətinin ağır olduğunu söylədi. Mən də ona cavab yazdım ki, mənim də imkanım, gəlirim yoxdur”.
Anar İsayev işsiz olması ilə bağlı Dövlət Məşğulluq Agentliyinə və ya sosial yardım almaq üçün müvafiq quruma müraciət edib-etməməsi ilə bağlı suallara belə cavab verib: “İşsiz olmağımla bağlı məşğulluğa müraciət etmişəm. Mənə 350 manatlıq iş təklif ediblər. Həmin pulun da bir ay sonra veriləcəyini deyiblər. Sosial yardım almaq üçün isə bəzi şəxslərlə danışmışam. Amma həmin iş də alınmayıb”.
Daha sonra ifadə verən təqsirləndirilən Sənan Məmmədov bildirib ki, rayon ərazisində molla kimi yas məclisləri aparıb: “Amma mənim dini təhsilim yoxdur. Molla kimi məclislərdə iştirakım üçün hansısa qurumda qeydiyyatdan keçməmişəm. Lakin məclislərdə iştirak etməyimə axund etiraz etməyib”.
Məhkəmədə aydın olub ki, Sənan Məmmədov “Kərimə dövləti”nin “himni”nin sosial şəbəkələrdə yayıb. O bildirib ki, həmin “himni” kimin yazdığını bilmir. Onun sözlərinə görə, “Kərimə dövləti”nin “himni”ndən xəbəri olmayıb, sosial şəbəkələrdə yayılıb, onu da təq ediblər.
“O zaman xəbərin olmayıbsa, həmin təqi niyə silməmisiz” sualına təqsirləndirilən şəxs belə cavab verib: “Mənim sosial şəbəkələrdə anlayışım elə də yoxdur. Həmin təqləri silməyi bacarmamışam”.
Qeyd edək ki, Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif Cümşüdovu şirnikləndirici vədlər müqabilində ələ alaraq ona ölkə ərazisində silahlı iğtişaşlar törətməklə hakimiyyətin ələ keçirilməsi və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə şəriət qanunları ilə idarə olunan “Kərimə” dövlətinin qurulması məqsədilə “müqavimətçi dəstə” yaratması barədə tapşırıqlar veriblər.
Arif Cümşüdov verilmiş tapşırıqlar əsasında ətrafında olan dini radikalizmi təbliğ edən tanışları - Tərzan Qaraşov, Sənan Məmmədov, Xəqani Məmmədov və İqbal Axundovu bu işə cəlb edib. O, yaşadığı evdə mütəmadi olaraq təşkil etdiyi gizli yığıncaqlarda Rufulla Axundzadə və Bəxtiyar Bayramovun göstərişlərini həmin şəxslərə çatdırıb.
Dəstə üzvləri əlavə şəxslərin də cəlb edilmələri istiqamətində fəaliyyətlər göstərərək bu barədə Rufulla Axundzadəyə məlumat veriblər. Bundan başqa, Rufulla Axundzadə Bakı şəhər sakini Anar İsayevi də əməkdaşlığa cəlb edərək ona da ölkə ərazisində iğtişaşların törədilməsi yolu ilə “Kərimə” dövlətinin qurulması üçün “müqavimətçi dəstə” təşkil etməyi tapşırıb. Rufulla Axundzadə yüksək maddi gəlir, silah və digər bütün lazımi dəstəyin veriləcəyini vəd edərək təşkilatlanmaları və birgə fəaliyyət göstərmələri məqsədilə Anar İsayevi Arif Cümşüdovla tanış edib.
Saxlanılan şəxslər özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də insanların toplaşdığı mərasimlərdə dini radikalizm lehinə təbliğat apararaq Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqları yerinə yetiriblər. Dəstə üzvləri, eyni zamanda onlara məqsədli şəkildə göndərilən narkotik vasitələrin satışını təşkil edərək əldə etdikləri külli miqdarda pul vəsaitini məhz Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinin maliyyələşməsinə sərf ediblər.
Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Xəqani Məmmədov, Sənan Məmmədov, İqbal Axundov, Arif Cümşüdov, Tərzan Qaraşov və Anar İsayev məsuliyyətə cəlb olunublar.
Növbəti proses sentyabrın 10-da keçiriləcək.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com