Yasamalda binanın balkonu UÇDU

"Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 4 ünvanında yerləşən bina yerli əhəmiyyətli memarlıq abidəsidir. Bina təmir-bərpa və möhkəmləndirmə işlərinin aparılmasına ehtiyacı olan abidələr sırasındadır".

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli deyib.

O qeyd edib ki, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, yaşayış binaları olan tarixi abidələrdə təmir-bərpa işləri mülkiyyətçi və ya balanssaxlayıcı tərəfindən, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə razılaşdırmaqla həyata keçirilməlidir:

"Sözügedən memarlıq abidəsində də təmir-bərpa işlərinin aparılmasına icazə verilməsi ilə bağlı Dövlət Xidmətinə Bakı Şəhər İcra Hakimiyyəti Əsaslı Tikinti və Təmir MMC tərəfindən müraciət ünvanlanıb.

Təqdim edilən layihədə memarlıq abidəsinin bədii-estetik görkəminin və dayanıqlığının təmin edilməsi ilə bağlı uyğunsuzluq olduğundan layihə düzəlişlərin edilməsi üçün qarşı tərəfə göndərilib. Hazırda həmin layihənin qanunvericilik çərçivəsində razılaşdırılması istiqamətində tədbirlər görülür".

23.10.2024 22:35
793