Yarım milyonluq qaçaqmalçılıq edən gömrükçü hakim qarşısında – CİNAYƏT DOSYESİ

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə gömrükçü Əfsər Mirzəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Əfsər Mirzəliyev hakim qarşısına vətəndaş Səfər Səfərovla birgə çıxarılıb.

Musavat.com xəbər verir ki, ittihama görə, Mirzəliyevlə Səfərov əlbir olaraq ölkəyə qaçaq yolla külli miqdarda qızıl gətiriblər. Bu məqsədlə İstanbul-Bakı aviareysi ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gələrək ümumilikdə 41 ədəd - 3 kiloqram 145 qram təşkil edən qızıl külçəni qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçiriblər. Külçələrin ümumi dəyəri 461 min manat olub.

Məhkəmənin hazırlıq iclasında Əfsər Mirzəliyevin vəkili Hikmət Əliyev müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatət verib. Vəsatət təmin olunmayıb.

Qeyd edək ki, Əfsər Mirzəliyev Cinayət Məcəlləsinin vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə edilməklə qabaqcadan olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıqda, Səfər Səfərov isə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq maddələri ilə ittiham elan edilib. Gömrükçü və onun suç ortağı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər. Hazırda hər iki müttəhim həbsdədir. Məhkəmənin növbəti iclası aprelin 22-nə təyin olunub.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

09.04.2025 11:34
473