“Yaradıcı üçbucağın” səngiməyən QONORAR DAVASI: “Bu məsələni şairlə bəstəkar...”

Baba Vəziroğlu: "Çünki o müğənnilər həmin mahnıların sayəsində populyarlaşaraq özlərinə repertuar formalaşdırırlar".

İmruzə Hüseynova: "Şairlərimizin əksəriyyəti şeirlərini təmənnasız yazır, bir çox bəstəkarlarımız isə təmənnasız mahnı bəstələyirlər".

Nazim Pişyari: "Bizdə axı bəstəkarların, şairlərin çoxu imkanlı şəxslərdir - prokurorlar, polis rəisləri, nazirlər, nazir arvadları, komitə rəhbərləri...".

Almaniyada yaşayan azərbaycanlı şairə Nuridə Atəşinin şeirlərinə yazılmış mahnılara görə Xalq artisti, bəstəkar Faiq Sücəddinovdan qonorar tələbi "mahnıya görə qonorarı kim ödəməlidir" sualını gündəmə gətirib.

Hitə çevrilmiş bir çox mahnıların söz müəllifi, Əməkdar incəsənət xadimi şair Baba Vəziroğlu Yenicag.az-a açıqlamasında həm şairin, həm də bəstəkarın bir mahnının müəllifləri olduqlarını vurğulayaraq onların hər ikisinə qonorar ödənilməli olduğunu deyib:

"Bütün dünyada , o cümlədən də Azərbaycanda olan qaydalara əsasən, mahnının iki müəllifi var: şair və bəstəkar. O mahnını kim alırsa, hər iki tərəfə qonorar ödəməlidir. İstər dövlət təşkilatı, AzTV, Mədəniyyət Nazirliyi, hansısa təşkilatın sifarişi olsun, fərqi yoxdur, müəlliflərə qonorar ödənilməsi şərtdir.

Məsələn, biz Faiq Sucəddinovla birgə Yeni Azərbaycan Partiyasının sifarişi ilə "Yeni Azərbaycan" himnini yazmışıq. Yəni kim sifariş edirsə, bəstəkara və şairə qonorar ödəməlidir. Sovetlər dönəmində də belə olub, indi də qayda belədir.

Amma təəssüflər olsun ki, bu qanun indi işləmir. Qeyri-rəsmi olsa da, qonorarı müğənnilər ödəməlidir. Çünki o müğənnilər həmin mahnıların sayəsində populyarlaşaraq özlərinə repertuar formalaşdırırlar. Buna görə də mahnının müəllifinə pul ödəməyə borcludurlar".

Bəstəkar İmruzə Hüseynova Yenicag.az-a açıqlamasında mahnıya görə qonorarın müğənni tərəfindən ödənilməli olduğunu deyib:

"Əslində, bəstəkarın və şairin pulunu müğənni ödəməlidir. Müğənni həmin mahnının sayəsində populyarlıq qazanır, sevilir, qazanc əldə edir. Buna görə mahnını ərsəyə gətirən yaradıcı insanların zəhmətini dəyərləndirməlidir.

Kimsə qazanc əldə edirsə, o qazancı bölüşməlidir. Şairlərimizin əksəriyyəti şeirlərini təmənnasız yazır, bir çox bəstəkarlarımız isə təmənnasız mahnı bəstələyirlər".

Mövzu ilə bağlı Yenicag.az-a danışan müğənnu Nazim Pişyarinin fikirləri isə tam fərqli oldu:

"Mahnını müğənnilərə bəsətkar təqdim etdiyi üçün biz müğənnilər şairlərlə demək olar, təmasda olmururq. Bəstəkar mahnını neçəyə satırsa, pulunu ödəyib, həmin mahnını alırıq. Ona görə də qonorar məsələsini bəstəkarla şair öz aralarında həll etməlidirlər.

Məsələn, rəhmətlik bəstəkar Ruhəngiz Qasımovadan mahnı almışdım. Mənə qabaqcadan dedi ki, bəstəkarın və şair Fikrət Qocanın qonorarı bu qədərdir. Məbləği açıqladı. Mən pulu Ruhəngiz xanıma verdim, amma sonradan o pulu Fikrət Qocaya verib-vermədiyi barədə məlumatım yoxdur.

Bəstəkar mahnını yazıb sənə verir. Ola bilsin, şairin o qonorara ehtiyacı yoxdur. Bizdə axı bəstəkarların, şairlərin çoxu imkanlı şəxslərdir - prokurorlar, polis rəisləri, nazirlər, nazir arvadları, komitə rəhbərləri...

Onlar sadəcə yazır, özlərinin pula ehtiyacları yoxdur. Əksinə, özləri sənə pul verir ki, nə olar, mənim mahnımı oxu. Amma Faiq Sücəddinov, Nadir Əzimov və digərləri öz mahnılarını pulla satır, deyilən məbləği ödəyib mahnını götürürsən. Daha sonra bəstəkarla şair öz aralarında haqq-hesab aparırlar.

Düzdür, şairə də pul çatmalıdır. Bu yaxınlarda "Dost" adlı bir mahnı ərsəyə gətirdik. Şair İkram Əliyev sözlərini yazdı, buna görə ona pul ödədik. Bəstəkar Rusiyada yaşayan iş adamı idi. Ona pul lazım deyildi, özü sponsorluq edirdi ki, mahnısı işıq üzü görsün".

19.12.2023 18:55
850