8 Noyabr - Zəfər Günü və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin 2 illiyinə həsr olunan tədbir keçirilib
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 8 Noyabr - Zəfər Günü və Mərkəzin yaradılmasının 2 illiyinə həsr olunan tədbir keçirilib.
Musavat.com xəbər verir ki, tədbirdə dövlət orqanlarının rəhbər vəzifəli şəxsləri, millət vəkilləri, qeyri-hökumət təşkilatının nümayəndələri, incəsənət xadimləri iştirak edib.
İştirakçılar mərkəzin benefisiarları və təlimçilərinin hazırladıqları əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sərgidə təsviri incəsənət, dulusçuluq, xalçaçılıq, muncuqla tikmə, bədii oyma, floristika və digər yaradıcılıq nümunələri nümayiş etdirilib.
Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev həssas qrupların cəmiyyətdə bərabər imkanlara sahib olmasının və onlar üçün inklüziv imkanların yaradılmasının ölkəmizdə aparılan sosial siyasətin prioritet istiqamətlərindən olduğunu bildirib.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin 2 illik fəaliyyəti müddətində əhalinin sosial cəhətdən həssas qruplarına aid şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində əldə olunan nəticələri diqqətə çatdırıb.
Bildirilib ki, ötən dövr ərzində mərkəzə 470 nəfər 14 müxtəlif fəaliyyət istiqamətləri üzrə təlim, habelə tədris prosesinə cəlb olunub. Xidmətlərdən yararlanan şəxslərin əksəriyyəti, 304 nəfəri əlilliyi olan şəxslər, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər olub.
S.Babayev möhətəşəm Zəfərimizlə nəticələnən 44 günlük Vətən müharibəsindən sonra icra olunan genişmiqyaslı sosial dəstək tədbirləri barədə məlumat verib.
Şəhid ailələrinə və müharibə iştirakçılarına məşğulluq, sosial ödənişlər, mənzil və avtomobillə təminat, sosial-psixoloji dəstək, reabilitasiya və b. istiqamətlər üzrə göstərilmiş çoxşaxəli dəstək tədbirləri qeyd olunub.
Tədbir DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təlimçiləri və benefisiarlarının iştirakı ilə hazırlanmış konsert proqramı ilə davam etdirilib.
Konsertdə incəsənət xadimləri və mərkəzin benefisiarları tərəfindən mərkəzin İnklüziv Kamera Orkestri və Ansamblının müşayiəti ilə Azərbaycan bəstəkarlarının əsərləri, vətənpərvər mahnılar səsləndirilib.
Orkestrə mərkəzin təlimçisi, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru Mustafa Mehmandarov rəhbərlik edib.