Yaponiyanın baş naziri sentyabrda istefa verəcək

Yaponiyanın baş naziri Fumio Kişida sentyabrda istefa verəcəyini bildirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, onun reytinqi Liberal Demokrat Partiyasının (LDP) fraksiyalarına qanunsuz ianələrlə bağlı qalmaqallara görə düşüb. Hökumətin vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi ilə bağlı verdiyi vədləri yerinə yetirməməsi də rol oynayıb. LDP gələn ay sədrliyə iddialılar arasında seçim aparacaq. Adətən hakim partiyanın rəhbəri baş nazir olur.

Kişida özü çərşənbə günü keçirdiyi mətbuat konfransında bu addımını belə izah edib: “Hökumət ictimai etimad olmadan fəaliyyət göstərə bilməz. Ona görə belə çətin bir qərar verdim. Ümid edirəm ki, bu, siyasi sistemdə islahatları irəli aparacaq”.

“Röyter”in məlumatına görə, 2021-ci ildə baş nazir postunu tutan Kişidanın reytinqi LDP-nin birləşmə kilsəsi ilə əlaqəsi olduğu ortaya çıxandan sonra sürətlə aşağı düşməyə başlayıb. Hakim partiyanın ianələr toplanan məclislərində yığılan vəsaitin “çirkli pullar”dan ibarət olması barədə xəbərlər Kişidanın nüfuzuna daha bir zərbə vurub.

Düzdür, Yaponiya sonda deflyasiyanın öhdəsindən gələ bilib, amma insanlar maaş artımının yaşayış minimumunun artımından geri qalmasından narazıdırlar.

Kişidanın ölkəyə rəhbərlik etdiyi dövrün başqa bir xarakterik xüsusiyyəti onun pasifist siyasətini yenidən nəzərdən keçirməyə hazırlaşması idi. Baş nazir hərbi xərclərin müharibədən sonra ilk dəfə olaraq iki dəfə artacağına söz verib. İdeya ondan ibarət idi ki, bu, Çinin Yaponiya və digər Şərqi Asiya ölkələri ilə ərazi mübahisələrinə olan iştahını azaltmağa kömək edəcək. Kişida həmçinin Vaşinqtonun təsiri altında Cənubi Koreya ilə əlaqələri yaxşılaşdırıb və üç dövlət arasında daha dərin hərbi əməkdaşlıq qurub.

İndi ortada bir sual var: yeni lider kim olacaq? Keçmiş müdafiə naziri Şiqeru İşiba artıq iddiasını ortaya qoyub. O, kifayət qədər dəstək alacağı təqdirdə üzərinə düşən vəzifəni yerinə yetirəcəyini bildirib. Digər namizədlərin də adları çəkilir. Bunlar xarici işlər naziri Yoko Kamikava, rəqəmsallaşdırma naziri Taro Kono və keçmiş ətraf mühit naziri Şinjiro Koidzumidir.

Musavat.com

15.08.2024 13:31
217