Nəzərlər hakim partiyada; bəzi tanınmışlar artıq dairələrini elan ediblər, aralarında heç vaxt deputat olmayanlar da var
Seçki kampaniyasının 17-ci günüdür. Siyasi partiyaların namizədləri və müstəqil namizədlərin imza vərəqələri əldə etmək üçün DSK-lara sənədlərini təqdim etmələri mərhələsi davam edir. Artıq 500-dən yuxarı namizədə imza vərəqələri verilib və onların bir çoxu imza toplama kampaniyasına start veriblər.
Məlumata görə, 10 nəfərdən yuxarı iddiaçı imzaları toplayıb imza vərəqələrini DSK-lara təqdim ediblər. Seçki təqviminə görə, namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması qərarı sənədlər dairə seçki komissiyasına təqdim ediləndən sonra 5 gün müddətində çıxarılmalı, imza vərəqələri verilməlidir. 18 yaşına çatmış ölkə vətəndaşı parlamentin deputatı seçilə bilər. İkili vətəndaşlığı, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla başqa ödənişli fəaliyyətlə məşğul şəxslərin, din xadimlərinin, fəaliyyət qabiliyyətsizliyi məhkəmədə təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslərin seçilməsi yasaqdır.
Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır. Bir seçicinin birdən artıq namizədin müdafiəsi üçün imza atması mümkündür.
İmza vərəqələrinin DSK-lara təqdim olunması üçün müddət avqustun 2-si saat 18-də bitəcək. İmza vərəqələrinin və başqa sənədlərin yoxlanması, namizədin qeydə alınıb-alınmaması haqqında qərar 7 gün müddətində qəbul edilməlidir. Səsvermə gününə azı 20 gün qalanadək qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahısı dərc edilməlidir. Təbliğat-təşviqat kampaniyası isə avqustun 9-dan start götürəcək.
Hazırda isə seçkilərlə bağlı əsas nəzərlər həm də hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədlər siyahısının necə olacağına yönəlib. Hakim partiya hələ ki öz siyahısını ictimaiyyətə təqdim etməyib. Dünən Gununsesi.info saytı məlumat yayıb ki, YAP deputatlığa namizədlər siyahısı hakim partiyanın lideri, Prezident İlham Əliyevə təqdim edilib: “YAP İdarə Heyəti adından partiya sədrinə təqdim olunan siyahı ölkə başçısının yekun rəyindən sonra ictimaiyyətə açıqlanacaq. Yekun siyahının sabah (bu gün, iyulun 17-də - red.) açıqlanacağı deyilir”.
Zahid Oruc
“Yeni Müsavat” xəbər verir ki, artıq bir sıra tanınmış deputatlar namizədliklərini verəcəkləri dairələri açıqlayıblar. Məsələn, 6-cı çağırış Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc 33 saylı Xətai 1-ci seçki dairəsindən namizədliyini irəli sürüb. Zahid Oruc bildirib ki, tariximizdə ilk dəfə deputatlığa namizədlərin seçki proqramlarında “Ümumilli problem”, “Qarabağ münaqişəsi”, “Qaçqın və məcburi köçkünlər” adlanan bəndlər yer almayacaq: “14 fevral tarixində inaqurasiya mərasimində dövlət başçısının Yeni Tarixi Mərhələnin bəyanı erkən parlament seçkilərinin izahında əsaslı arqumentdir. Azərbaycan məğlub ölkə əsrindən Qalib ölkə Yüz ilinə qədəm qoyub. Müstəqillik tariximizin ən ağır "Zəfərə qədərki" dövrü sona çatıb, “Zəfərdən sonrakı” - qalibiyyət tarixi yazılır. 2024-cü ilin Parlamenti Qarabağın azadlığından sonrakı dövrün bütün partiyaları, hərəkatları və namizədləri Yeni Siyasi Gündəliyin formalaşdırılmasında maraqlı olmalıdır. Elə bir parlamentin seçilməsi zərurətə çevrilib ki, ideoloji dayaqları Ulu öndər ideallarına söykənərək, bütün siyasi baxış və görüşləri özündə birləşdirsin, hakimiyyət orqanları arasında çevik balanlaşdırma yaratsın, xalqla kommunikasiya platformasına çevrilsin və məhz bu milli birliklə ölkəmizə qarşı gözlənilən xarici hücumlara qarşı siyasi sipər olsun".
Vahid Əhmədov
Milli Məclisin VI çağırış deputatı Vahid Əhmədov da 1 sentyabrda keçiriləcək parlament seçkilərinə namizədliyini irəli sürüb. Bu barədə Axar.az-a o özü məlumat verib. Bildirib ki, 59 saylı Quba seçki dairəsindən yenidən namizədliyini irəli sürüb. V.Əhmədovun namizədliyi artıq təsdiqlənib. O, namizədliyinin qeydə alınması üçün imzatoplama kampaniyasına başlayıb.
Əli Məsimli
VI çağırış Milli Məclisin deputatı Əli Məsimli də sentyabrın 1-də keçiriləcək parlament seçkilərində yenidən namizəd olmaq istəyir. Bu barədə o, Modern.az-a açıqlamasında bildirib. Qeyd edib ki, əvvəlki seçki dairəsindən namizədliyini irəli sürəcək: “Təbii ki, seçkilərdə iştirak etmək barədə düşünürəm. Bir az dislokasiyada fərqli olsa da, əvvəlki seçki dairəsindən namizədliyimi verəcəm. Əvvəl Şəkidə dairə vardı: 113 Şəki şəhər, 114 Şəki kənd birinci seçki dairəsi və 115 Şəki kənd ikinci seçki dairəsi. Dislokasiya fərqi oldu. 114-cü seçki dairəsinin bir hissəsi Qaxla birləşdi. Yeni seçki dairəsi əmələ gəldi. Demək olar ki, bir hissəsi dəyişmək şərtilə əvvəlki seçki dairəsindən 113-cü Şəki şəhər seçki dairəsindən namizəd olacam. Çünki bu seçki dairəsi mənim üçün daha münasibdir. Yaxın günlərdə namizədliyimi rəsmi surətdə təqdim edəcəm”.
Asim Mollazadə
Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadənin namizədliyi isə rəhbərlik etdiyi partiya tərəfindən 22 saylı Nəsimi-Yasamal Seçki Dairəsindən irəli sürülüb.
Elxan Şahinoğlu
Tanınmış politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deputatlığa namizədliyini 119 saylı Ağdam seçki dairəsindən irəli sürüb. Elxan Şahinoğlu məlumat verib ki, lazım olan sayda seçici imzalarını cəmi üç günə toplayıb başa çatdırıb: “Cəmi 3 gün ərzində 500 imzamızı topladıq, dəqiqləşdirmələr aparırıq. Digər sənədlərin də hazırlanmasını növbəti bir neçə gün ərzində bitirərək, 119 saylı Ağdam Dairə Seçki Komissiyasına təhvil verəcəyik. Bu işdə əməyi keçən, mənə dəstək olan, imzalarını əsirgəməyən ağdamlılara təşəkkür edirəm”.
Akif Nağı
Azad Vətən Partiyası isə sədr Akif Nağının namizədliyini 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən irəli sürüb. “30 il ərzində Qarabağ Azadlıq Təşkilatına rəhbərlik etdiyimə görə namizədliyimin Qarabağın bir hissəsindən verilməsi həm də simvolik məna daşıyır”, - Akif Nağı qeyd edib.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”