Sahibkarlar deyir ki, sığorta şirkətləri bəhanə gətirərək boyun qaçırır; sığorta şirkətləri isə sənədi olmayan obyektlərin sığortalanmasını qeyri-mümkün sayır
2011-ci ildən ölkədə daşınmaz əmlakın sığortalanmasının icbari olmasına baxmayaraq, bu sahədə ciddi boşluqlar var. “EuroHome”, “Diqlas”, “Sədərək”, “Binə” və Dərnəgüldəki “Taxta bazarı”nda yanğınlar zamanı sığorta sahəsindəki ciddi problemlər olduğu üzə çıxdı.
Ekspertlərə görə, bunun əsas səbəbi bu tip ticarət mərkəzlərində yanğından mühafizə tədbirlərinin zəif həyata keçirilməsi, yanğın təhlükəsizliyi ilə bağlı tələblərə əməl olunmaması, elektrik naqillərinin çəkilməsində uyğunsuzluqlara yol verilməsidir. Bu kimi hallara görə sığorta şirkətləri həmin ticarət mərkəzlərindəki riskləri sığortalamaqda maraqlı olmur. Ona görə də məsələyə kompleks yanaşılmalıdır. Sahibkarlar ticarət mərkəzlərini keyfiyyətli materiallardan istifadə etməklə inşa etməli, yanğın təhlükəsizliyi qaydalarına əməl etməlidirlər ki, obyektlərinin sığortalanması ilə bağlı problem yaşanmasın.
“Mall” tipli ticarət mərkəzlərinin sığortalanmasında sığorta şirkətləri maraqlıdır. Bu tipli obyektlər həm sığorta, həm də təkrarsığorta şirkətləri üçün çox cəlbedicidir. Çünki bu obyektlərdə yanğından mühafizə normativlərinə əməl edilir, sığorta hadisələri də çox nadir hallarda baş verir.
Qeyd edək ki, bir neçə gün öncə paytaxtın Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə güclü yanğın hadisəsi baş verdi. Yanğın nəticəsində, ilkin hesablamaya əsasən, 1000 kv.m sahəsi olan obyektin təqribən 500 kv.m hissəsi yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Obyektin qalan hissəsi, digər obyektlər, kommunikasiya xətləri, o cümlədən yüksək gərginlikli hava elektrik xətləri yanğından mühafizə olunub.
“Taxta bazarı”ndakı yanğında zərərçəkmiş “BS İnşaat” MMC-nin sahibi Bəhram Sadıqov “Yeni Müsavat”a dedi ki, ərazidə fəaliyyət göstərən obyektlərə xeyli ziyan dəyib: “Bizim obyektə təqribən 50-60 min manat ziyan dəydi. Qonşu obyekt yanıb, orada taxtaların müəyyən hissəsi yandığına görə tam dəyər hələ çıxarılmayıb. Dövlətdən kompensasiya üçün müraciət də etmişik, aidiyyəti qurumlardan bildirilib ki, istintaq işi aparılır, bunun nədən baş verdiyi məlum olandan sonra məlumat veriləcək. Amma hər hansı təzminat ödənməsinə, açığı, ümidim yoxdur”.
“BS İnşaat” MMC-nin sahibi əlavə edib ki, ərazidə heç bir obyektin sığortası olmayıb: “Yalnız "Taxta bazarı" tikinti materialları satılan yerdə yox, bazar sistemi olan hər yerdə, istər “8-ci kilometr bazarı” olsun, istər “Binə” ticarət mərkəzi olsun, bunların heç birində sığorta şirkətləri məhsulları sığorta etmirlər. Buna da onu əsas gətirirlər ki, burada risk sahəsi var. Müxtəlif bəhanələr gətirərək öz boyunlarından atırlar. Azərbaycanda digər ölkələrdən fərqli olaraq sığorta şirkətləri vətəndaşı yox, öz xeyirlərini güdürlər. Necə ki, avtoqəzalarda çalışırlar ki, vətəndaşa minimum pul verilsin, dəymiş ziyan ödənilməsin".
İlkin İbrahimov
Sığorta üzrə ekspert İlkin İbrahimov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. O dedi ki, ölkəmizdə daşınmaz əmlakın icbari sığortası və daşınan əmlakın könüllü sığortası növləri mövcuddur: “Daşınmaz əmlakın icbari sığortası binaları, qurğuları sığortalamaq üçündür və məcburi xarakter daşıyır. Yəni sənədi olan hər kəs sığortalanmaya cəlb olunmalıdır. Lakin onun içərisindəki satış məqsədilə qoyulan materiallar daşınan əmlakın könüllü sığortasıdır. Bunu dövlət məcbur etmir, kim istəyirsə edir. Lakin bu məsələ ilə bağlı bir məqam var, sığorta şirkətləri sənədli yerləri sığortalamaqda maraqlıdır. Sənədi olmayan obyektlərin sığortalanması qeyri-mümkündür. Bu, gələcəkdə baş verən sığorta hadisəsinin hesablanması ilə bağlıdır. Vergi bəyannamələrinin olmaması, tutaq ki, VÖEN açırlar, orada dəqiq göstərmirlər ki, aylıq gəlirləri nə qədərdir, nə qədər material daxil oldu, burada nə qədər satış olub. Bu da risklə bağlıdır, qalıq dəyərlə bağlıdır. Dəqiq bilinməlidir ki, burada qalıq dəyəri nə qədərdir və sığorta nə qədər ödəniş verməlidir. Ona görə sahibkarlar ilk olaraq işlərini şəffaf tutmalıdırlar”.
Ekspert əlavə edib ki, sahibkarlar mal gətirərkən onu bəyan etməlidirlər: "Vergi bəyannaməsi olmalıdır və ya VÖEN hesablarında nə qədər mal satacaqlarını bəyan etməlidirlər. Sığorta şirkətləri gömrük bəyannaməsi tələb edir. Çünki sığorta hadisəsi zamanı risklər malın dəyərinə uyğun hesablanır. Çox hallarda ticarət mərkəzlərində belə məsələlərə baxılmır. Hətta bir gün hadisə baş verdikdən sonra sahibkarların VÖEN-lərinə baxdıqda onların əməliyyatlarının ay ərzində 3-5 min olduğunu görürük, yaxud da sabah sığorta hadisəsi baş verdikdə nə qədər malınız var deyəndə 100, 200 min məbləğlərin olduğu ortaya çıxır. Ona görə də sahibkarlar gömrük bəyannamələrini şəffaflaşdırmalıdırlar ki, sığorta şirkətləri də ora maraq göstərsinlər. Sığorta hadisəsi zamanı da sığorta kompensasiyası versinlər. Digər tərəfdən, ticarət mərkəzlərində sənədsiz və ya Fövqəladə Hallar Nazirliyinin yanğın təhlükəsizliyi qaydalarına cavab verməyən obyektlər var. Sığorta şirkətləri belə ticarət obyektlərində sığortalanmanı həyata keçirməkdə maraqlı deyil. Daşınmaz əmlakın icbari sığortası ilə bağlı və ya içəridə olan malların könüllü sığortalanması ilə sığorta şirkətlərini dəvət edilməlidir. Şirkət gəlir, baxır ki, obyektdə yanğın təhlükəsizliyi qaydalarına əməl olunub, ya yox".
Azərbaycan Sığortaçılar Assosiasiyasından isə mediaya bildirilib ki, yanan ticarət obyektlərinin əksəriyyətində mallar sığortalanmır: “Xüsusilə kiçik ticarət obyektlərində sığorta hallarına rast gəlinmir, belə obyektlərdə sığorta müqaviləsinin olması üçün sənədləri qaydasında olmalıdır. Burada söhbət həm daşınan, həm də daşınmaz əmlakdan gedir. Daşınmaz əmlakın kimə məxsus olduğunu təsdiqləyən hüquqi sənəd olmalıdır. Daşınan əmlakın sığortalanması üçün məhsulların qaimə sənədi olmalıdır. O sənəddə malların haradan hansı qiymətə alındığı göstərilməlidir. Sığortalanarkən bu sənəd sığorta şirkətinə təqdim olunmalıdır. Mağazada yanğın zamanı içəridə mallara ziyan dəydikdə sahibkar sığortaladığı dövrdə malların dəyəri ilə yanaşı, yanğın baş verməzdən öncə mağazada dəyəri nə qədər malın qaldığını təsdiqləyən sənədi sığorta şirkətinə təqdim etməlidir. Sahibkar yanğın zamanı sığorta ala bilmək üçün sənədləşmə işlərini leqal aparılmalıdır”.
Qeyd edək ki, 2011-ci ildə Azərbaycanda icbari sığortalar ilə bağlı qanun qəbul olunub. Bu qanuna görə, həm hüquqi şəxslər, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vətəndaşların mənzilləri, tikililəri, obyektləri sığortaya cəlb olunmalıdır. Qanunvericilikdə iri obyektlərlə bağlı 2 icbari sığorta növü tətbiq olunur. Birincisi, istismar qaydalarının pozulması ilə bağlı daşınmaz əmlakın icbari sığortasıdır. İkincisi isə daşınmaz əmlakın icbari sığortasıdır. İri obyekti icarəyə verən şəxs istismar qaydalarının pozulması ilə bağlı daşınmaz əmlakın icbari sığortasını həyata keçirməlidir. İri obyektlərin içərisində fəaliyyət göstərən fərdi sahibkarlar isə daşınmaz əmlakın icbari sığortasını həyata keçirməlidirlər. İnzibati Xətalar Məcəlləsinə görə, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 30 manat, vəzifəli şəxslər 80 manat, hüquqi şəxslər 200 manat cərimə edilir. Şəxs icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”