2023-cü il oktyabrın 15-i barədə sadəcə “tarixi bir gün” deməklə, əslində heç nə deməmiş oluruq. Son dövrdə yaşadığımız möhtəşəm hadisələr bizi bu cür “tarixi günlər”ə sözün yaxşı mənasında o qədər alışdırıb ki, bəzən möcüzə sayıla biləcək hadisəni belə adi və təbii hal kimi qəbul edirik. Oktyabrın 15-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını qaldırması milli qürur tariximizin qızıl səhifəsidir. Bu mənzərənin ifadə olaraq sinonimi yalnız “milli xoşbəxtlik” sözləri ola bilər. Məsələ ilə bağlı insanların sosial şəbəkələrdəki rəy və şərhlərini oxuyarkən ən çox rastlaşdığımız ifadə “yuxu kimi” oldu. İnsanlar Xankəndidə müstəqil dövlətçiliyimizin rəmzi olan üçrəngli Bayrağımızın ucaldılması ilə ülvi arzularının gerçəkləşdirilməsini bu sözlərlə eyniləşdirirlər. Odur ki, 15 oktyabr tarixi “mümkünsüzlüyün” mümkün olduğu gündür. Mümkünsüzlüyü mümkün edən isə milli həmrəyliyimizin ideoloji leytmotivi hesab oluna biləcək Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” ifadəsidir. Bu ifadənin gözəl təzahürlərini həyatımızda hələ çox görəcəyik.
Bu fikirlər politoloq Asif Adilin “Yalan və ixtilaf fabriki” sərlövhəli məqaləsində yer alıb.
Musavat.com məqaləni təqdim edir.
Milli həmrəyliyin təzahürlərindən biri də ölkədə fəaliyyət göstərən siyasi partiyaların sözügedən möhtəşəm hadisə ilə bağlı Prezident İlham Əliyevə birgə müraciətidir. Həmin müraciətdə əksini tapmış cəmi bir cümləyə diqqət yetirək: “Yaşadığımız bu böyük tarixi anlar beynəlxalq hüququn nəticəsində deyil, məhz güclü iqtisadiyyatımızın, qəhrəman Ordumuzun və milli birliyimizin, həmrəyliyimizin nəticəsində mümkün olmuşdur”. Deməli, siyasi münasibətlərin bütün tərəfləri milli birlik və həmrəyliyi siyasi dəyər kimi qəbul edir. Həmçinin bu amillərin tarixi Qələbəmizin qazanılmasında və dövlətimizin inkişafında müstəsna rolu da etiraf olunur.
Təəssüf ki, milli həmrəyliyin “qara xalı” hesab olunan radikallar bu dəfə də öz xainliklərini göstərdilər. Milli sevinc və həmrəyliyi təcəssüm etdirən siyasi partiyaların birgə müraciətinə AXCP-Müsavat cütlüyü qoşulmadı. Axı bunu xainlikdən başqa necə adlandırmaq olar? Burada Prezident İlham Əliyevin növbəti sözləri yada düşür: “Mən həmişə deyirdim ki, siyasi müstəvidə fərqli baxışlar var, olmalıdır, bu, normaldır. Müxalifət olmalıdır, bu, normaldır. Hər bir demokratik ölkədə olduğu kimi, bizdə də əlbəttə ki, bütün bu azadlıqlar var. Amma bir şey olmamalıdır – dövlətə müxalifətdə olmaq olmaz, dövlətçiliyə müxalifətdə olmaq olmaz”.
Radikalların bu cür davranışı yalnız təbiətin paranormal hadisəsi kimi qəbul oluna bilər. Azərbaycan ictimaiyyəti dəfələrlə ona şahidlik edib ki, radikalların bütün ittihamları boşa çıxır, yalanları isə zamanla ifşa olunur. Müharibədən sonrakı dövrlə əlaqədar radikalların ucuz demaqogiyası yalnız təəssüf doğurur. Bütün regiona sülh, rifah və barış gətirmiş Azərbaycanın quruculuq işlərinə kölgə salmaq arzusu yenə də xainliyin məhsuludur. Unutmayaq ki, öz xalqına və dövlətinə düşmən gözü ilə baxan bu demaqoq siyasətciklər sülh dövründə müharibə tələb edib, müharibə zamanı isə psevdopasifist şüarlarla çıxış ediblər.
“Yalan və ixtilaf fabriki” olan bu “siyasi cütlük” yuxarıda qeyd olunan təbrik müraciətinə niyə qoşulmayıb? Əslində, cavab üzdədir: deməli həmrəylik, suverenlik, rifah və milli birlik bu bəla siyasətçilərin marağında deyil. Nifrət, düşmənçilik və cəmiyyətdə total şübhə toxumunun səpilməsi - budur radikalların siyasi hədəf və arzuları. Faciə bununla bitmir. Bu psevdopatriotların siyasi əxlaqsızlığı o dərəcədədir ki, onlar birgə təbrik müraciətinə qoşulanları hətta ittiham edirlər. Razılaşın ki, bu cür davranışı sağlam psixika ilə başa düşmək mümkün deyil.
Radikal müxalifət sözün tam mənasında “yalanlar fabriki” adlandırıla bilər. Onlar maniakal ambisiyaları naminə hətta tarixi Qələbəni belə manipulyasiya predmetinə çevirirlər. Pislik artıq onların sadəcə xisləti deyil, bu, onların xəstə təfəkkürünün mahiyyətidir. Senzurasız sosial şəbəkələrin əlçatanlığından istifadə edən radikallar qeybəti və “bazar əxlaqı”nı siyasətə gətiriblər. Cəmiyyətdə kütləvi dözümsüzlük toxumu səpən, siyasi dialoq və sağlam münasibətlərdən qaçan bu cür siyasətçilər hər zaman qalmaqal axtarışındadırlar. “Biz Xankəndiyə girə bilmərik”, - deyən və xalqı buna inandırmağa çalışan əxlaqdan uzaq radikallar üzr istəmək və həqiqəti qəbul etmək əvəzinə, düşmən dəyirmanına su tökməyə çalışırlar. Hər şeydən əlləri üzülmüş radikallar indi də sülh müqaviləsi ilə bağlı demaqogiya yarışına çıxıblar. Uğrunda şəhidlər verdiyimiz Qələbənin üzərində məkrli manipulyasiyaların aparılması utancverici siyasi əxlaqsızlıqdır.