Hələlik Azərbaycanda aqrar sığorta ilə əhatə olunma səviyyəsi qaneedici deyil
May ayı başa çatmaqda olsa da, Azərbaycanın əksər ərazilərində yağıntılı hava şəraiti davam edir. Aprelin sonu-mayın əvvəlindən bəri ölkədə, həmçinin qonşu ölkələrdə qeydə alınan güclü yağışlar çoxsaylı sel və daşqınlara səbəb olub. Nəticədə yüz hektarlarla sahələri su basıb, fermer və fərdi təsərrüfat sahiblarinə böyük zərər dəyib.
Bir çox ərazilərdə aramsız yağışlar yetişməkdə olan meyvə-tərəvəz məhsullarını zay edib, digər yerlərdə sel əkinləri yuyub, bir sıra ərazilərdə isə yağış əkilən bitkiləri xəstəliklərə qarşı vaxtında dərmanlamağa imkan verməyib. Qərb zonasından qəzetimizə verilən məlumata görə, kartof sahələrinin vaxtında dərmanlanmaması nəticəsində xəstəlik sahələrə böyük zərər vurub, kartofun yaşıl gövdəsi qaralaraq çürüməyə başlayır.
Aran və cənub bölgələrində taxıl və digər əkin sahələrini sel suları yuyub, şimal bölgəsində taxılın çiçəkləyən vaxtı düşən yağışlar məhsuldarlığın kəskin azalmasına gətirib çıxarıb. Mərkəzi Aran, cənub bölgələrində meyvələrin yetişən vaxtı güclü yağışların yağması ərik, gilas və gilanar meyvələrinin çatlayaraq çürüməsinə səbəb olub.
Xatırladaq ki, aprel ayının ilk yarısında müşahidə olunan isti küləklər xüsusilə şimal bölgəsində ağacların çiçəyini yandıraraq, bar tutumunu dəfələrlə azaldıb. Sosial şəbəkələrdə Quba-Qusar-Xaçmaz bölgəsindən yayılan görüntülərdən aydın olur ki, əsasən gilas, gilənar kimi meyvələrin çiçəklərinin ləçəkləri vaxtından əvvəl qaralıb, çiçəklərdə bar tutumuna imkan olmayıb. Bir çox fermerlər bölgədə meyvə istehsalının kəskin azalacağını bildirirlər.
Aprelin sonlarından başlayan və indi də davam edən kəskin yağıntılı, soyuq hava şəraiti bu dövrdə çiçəkləyən payızlıq meyvələrə, taxıl, tərəvəz, bostan əkinlərinə böyük zərər vurur. Davamlı yağışlar taxılın çiçək dövrünə təsadüf etdiyinə görə fermerlər məhsulun az olacağını gözləyirlər.
Yağıntılı hava yalnız bitkiçiliyə deyil, arıçılığa da zərər vurur. Belə ki, yağış arı ailələrini “işləməyə” qoymur, ailələr məhv olur, xəstəliklər qazanır.
Yağış və küləkli hava həmçinin təbii biçənək sahələrində otun sürətlə böyüyərək “yatmasına”, biçin üçün yararsız hala gəlməsinə səbəb olub. Suvarılan sahələrdə əkilən yonca sahələrini yağışa görə biçmək mümkün olmur. Əksər bölgələrdə bu səbəbdən bu mövsümdə ot bağlamalarının kəskin bahalaşacağı gözlənilir.
Onu da qeyd edək ki, Azərbaycanda kənd təsərrüfatında aqrar sığorta mexanizmi tətbiq olunur. Dövlət 41 növ bitkinin sığortasına dəstək verir: sığorta haqqının yarısını qarşılayır. Rəsmi məlumata görə, bu ilin yanvar-mart aylarında Aqrar Sığorta Fondu (ASF) tərəfindən sığortalı fermerlərə təsərrüfatlara dəymiş zərərlər üzrə 1 milyon 752 min manat sığorta ödənişi edilib.
“Yeni Müsavat”ın fonda istinadən verdiyi məlumata görə, sığorta ödənişlərinin 1 milyon 434 min manatı bitkiçilik, 318 min manatı heyvandarlıq üzrə edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə sığorta ödənişlərinin məbləği 2,2 dəfə artıb. Bitkiçilik üzrə sığorta ödənişləri 2,5 dəfə, heyvandarlıq üzrə ödənişlər isə 42 faiz yüksəlib.
Xatırladaq ki, 2023-cü ili yanvar-mart aylarında Aqrar Sığorta Fondu tərəfindən sığortalı fermerlərə ümumilikdə 799 min manat sığorta ödənişi edilib.
Bu ilin I rübündə ASF tərəfindən 323 min hektar əkin sahəsi və 882 baş kənd təsərrüfatı heyvanları sığortalanıb. Ötən ilin eyni dövrü ilə müqayisədə sığortalanan əkin sahələri 22 min hektar və ya təqribən 7 faiz artıb. Hesabat dövründə bitkiçilik sığortası üzrə 6 milyon 815 min manat, heyvandarlıq təsərrüfatlarının sığortası üzrə 537 min manat olmaqla, ümumilikdə 7 milyon 352 min manat sığorta haqqı toplanıb. Bu dövrdə ən çox sığortalanan kənd təsərrüfatı bitkiləri payızlıq buğda və payızlıq arpa sahələri, eləcə də fındıq bağları olub. Sığortalanan təsərrüfatlar üzrə verilmiş sığorta təminatının həcmi 255 milyon manatdan artıq olub.
Məlumata görə, birinci rübdə ən çox sığorta ödənişləri fırtına, dolu və subasma hadisələri üzrə həyata keçirilib. Regionlar üzrə ən çox sığorta ödənişləri Füzuli, Şəki və Ağdam rayonlarındakı təsərrüfatlarda olub.
Mayın əvvəllərində Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi və təbiət hadisələrinin artması ilə əlaqədar olaraq sığortalı fermerlərə müraciət edib. Müraciətdə əkinlərini və təsrrüfatlarını sığorta etdirmiş fermerlərdən təbiət hadisələrinin təsərrüfatlara vurduğu zərər barədə operativ şəkildə Aqrar Sığorta Fonduna məlumat vermək xahiş olunur: “Sığorta müqavilələrinə əsasən, fermer hadisə baş verdikdən keçən 10 gün ərzində Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə məlumat verməlidir. Təsərrüfatlara zərər dəyməsi barədə müraciətlərin vaxtında edilməsi dəymiş zərərin qısa zamanda və dəqiq dəyərləndirilməsinə imkan verir, həmçinin hadisələrin araşdırılması və ödənişlərin həyata keçirilməsi prosesini sadələşdirir”.
Xatırladaq ki, bu ilin ilk rübü ərzində Aqrar Sığorta Fondu tərəfindən fermerlərə dolu hadisələri üzrə 503 min manat, sel-subasmaya görə isə 101 min manat sığorta ödənişi edilib.
ASF bu ildən etibarən pambıq əkini ilə məşğul olan fermerlər üçün pambıq sahələrinin yağışdan sığortalanmasını baza zərfinə aid edib. Fondun yaydığı məlumata görə, Azərbaycanda kənd təsərrüfatında mühüm bitkilərdən sayılan pambıq sahələrinin sığortası mövsümü başlayıb: “Pambıq Azərbaycan iqtisadiyyatında, o cümlədən ölkədən ixracda əhəmiyyətli paya malikdir. Azərbaycanda təqribən 100 min hektara yaxın ərazidə pambıq yetişdirilir, bu sahədə 200 min nəfərdən çox əhali çalışır. Ölkədə pambıq 20-yə yaxın rayonda əkilir, ən çox pambıq becərilən rayonlar Saatlı, Ağcabədi, Sabirabad, Beyləqan və İmişlidir. Eyni zamanda pambıq Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında ilk beşlikdədir.
Sərfəli bitki olması ilə yanaşı, pambıq həm də təbiət hadisələrinə qarşı həssasdır. Ölkəmizdə dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta pambıq sahələrini çoxsaylı risklərdən qoruyur. Bura dolu, sel-subasma, qasırğa, fırtına, leysan yağışları, ildırım vurması, vəhşi heyvanların hücumu, 3-cü şəxsin hərəkətləri və sair hallar aiddir. Dövlətin sığorta haqqına göstərdiyi 50 faizlik dəstək sayəsində fermerlər pambıq sahələrini cüzi məbləğ ödəməklə sığorta edə bilərlər. Pambıq əkini ilə məşğul olan fermer və təsərrüfatlar əkinlərini bəyan etdikdən sonra sığorta üçün müraciət etməlidir".
Fond məlumat verir ki, hər il baş verən təbiət hadisələri pambıq sahələrinə zərər vurur. Belə ki, 2022-2023-cü illərdə Yevlax, Saatlı, İmişli, Ağcabədi, Sabirabad və Bərdə rayonlarında sel-subasma, yağış, Ağdam və Ağcabədi rayonlarında isə dolu hadisələri pambıq sahələrinə böyük zərər vurub.
ASF-nin nümayəndəsi Əli Əhmədovun “Yeni Müsavat”a dediyinə görə, son bir ayda hava şəraiti ilə əlaqədar sığorta hadisəsinə görə müraciətlər kəskin artıb: “Son bir ayda 35 rayon üzrə 400-dən çox sığorta hadisəsi barədə müraciət daxil olub, bu proses davam edir. Müraciətlər arpa, buğda, pambıq, tütün, günəbaxan sahələri, albalı, gilas, xurma, fındıq, alça, badam, şaftalı, nektarin, gavalı, armud, tütün, qoz, ərik, üzüm bağlarına zərər dəyməsi ilə bağlıdır. Hazırda müraciətlərin qeydiyyatı davam edir. Dəyən zərərin qiymətləndirilməsi məhsul yığımı zamanı həyata keçiriləcək, çünki sığorta məhsula görə aparılır”.
Hava şəraitinin yaratdığı fəsadların aqrar istehsalçılara bir müsbət təsiri olub ki, o da onların öz əkinlərini sığorta etdirmələridir: “Yağışın zərəri artıqca sığortaya müraciətlər də kəskin artıb. Çox sayda fermer indi müraciət edir ki, sahələrini sığortalatsın. Biz, əlbəttə, bütün müraciətləri qanunauyğun formada dəyərləndiririk, hamı ilə görüşüləcək, müvafiq sənədləşmə aparılacaq. Lakin hamı bilməlidir ki, sığortalanmadan əvvəl dəyən zərəri sığorta qarşılamır. Sığorta müqaviləsi imzalanana qədər yağışlar və yaxud digər hadisələrdən əkinə, məhsula dəyən zərər indi bağlanacaq müqavilələrin predmeti olmayacaq”.
ASF rəsmisi bildirir ki, fərdi təsərrüfatlardakı əkinləri, bağları da sığorta etdirmək mümkündür. Bunun üçün həmin əkinlərin elektron sistemdə bəyan edilməsi əsas şərtdir.
Ə.Əhmədovun sözlərinə görə, fermerlərə təklif olunan şərtlər çox əlverişlidir: “Suvarılan torpaqda 1 ha taxılın yetişdirilməsi minimum 600-700 manata başa gəlir, onun sığortası cəmi 40 manat edir, bunun da yarısını dövlət ödəyir. Sığorta haqqı və ödənişi sahədən əldə edilən məhsula görə hesablanır. Bir çox hallarda fermerlər az sığorta haqqı ödəmək üçün məhsuldarlığı aşağı göstərirlər. Məsələn, 1 hektar ərik bağından əldə edirsə 25 min manat, göstərir 15 min. Sonra bağa zərər dəyib məhsul məhv olanda real məhsula görə deyil, göstərdiyi məhsula görə sığorta ödənişi hesablanır. Son iki ildə bu kimi hallar çox olub. İndi-indi vəziyyəti real qiymətləndirənlər, məhsul və ondan əldə olunan gəliri düzgün qeyd etməyin faydasını nəzərə alanlar çoxalır”.
Qeyd edək ki, meyvə bağları üzrə iki sığorta var. Biri dövlət tərəfindən verilən təminat, bir də könüllü. Könüllü təminat keyfiyyət təminatıdır. Yəni hava şərtlərinin məhsulun keyfiyyətinə mənfi təsirindən sığortalanma könüllüdür. Bunu adi bir misalla belə izah etmək olar: tutalım ki, yağış armud bağında məhsulu tamamilə məhv etməyib, amma onun üzərində yaraların, xalların yaranmasına - yəni keyfiyyətinin aşağı düşməsinə səbəb olub. Bu halda keyfiyyət sığortası varsa, məhsulun satışından əldə olunan gəlirin məbləğindəki azalmanı sığorta qarşılayır.
Hələlik Azərbaycanda aqrar sığorta ilə əhatə olunma səviyyəsi qaneedici deyil. Ümumi sahələrin 30 faizi belə sığorta ilə əhatə olunmayıb. Bu isə hava şəraiti üzündən fərdi təsərrüfatlara, fermerlərə dəyən zərərin çox böyük hissəsinin kompensasiya olunmayacağı deməkdir...
Dünya SAKİT,
“Yeni Müsavat”