Ya Zəfər Günü, ya da ilin sonunda... - azadlığa onlar da buraxılacaq

Əfv Komissiyasının üzvündən yayılan xəbərlərə reaksiya; hüquq müdafiəçisi: “Prezidentin əfv sərəncamı imzalaması həm də dünyaya bir mesaj olardı...”

Azərbaycan xalqı Zəfər Gününün 3-cü ildönümünü qeyd etməyə hazırlaşır. Qarabağa nəzarətin ələ alınması sayəsində Azərbaycanın ərazi bütövlüyü və suverinliyimizin tam təmin olunması builki Zəfər Günü ab-havasını daha fərqli edəcək.

8 Noyabr Zəfər Günü ilə bağlı böyük əfv sərəncamının imzalanıb-imzalanmayacağı da maraq doğurur. Yada salaq ki, Heydər Əliyevin 100 illiyi ilə bağlı may ayında artıq 500 nəfəri əhatə edən çox böyük əfv sərəncamı icra olunub.

Daha bir iddiaya görə isə bu ilin sonu - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində mərhum prezident Heydər Əliyevin 100 illiyi münasibətilə əfv sərəncamı imzalanacaq.
Bu barədə Gununsesi.info-ya daxil olan məlumatda bildirilir ki, İlham Əliyev tərəfindən imzalanacaq əfv sərəncamı təxminən 1500 məhkuma şamil olunacaq. Bu isə son illərin ən böyük əfv sərəncamı deməkdir.

Azadlığa çıxacaq şəxslər arasında mərhum prezident Heydər Əliyevin komandasında olmuş bəzi məhbusların da olacağı deyilir.

Məlumata görə, artıq əfvə düşəcək şəxslərin bəziləri ilə bağlı cəzaçəkmə müəssisəsindən Əfv Komissiyasına müvafiq sənədlər daxil olub.

Rəşad Məcid: “Səni anırıq, şəhidim!” - Video

Əfv Komissiyasının üzvü Rəşad Məcid “Yeni Müsavat”a dedi ki, bu il əfv sərəncamının veriləcəyini gözləmir: “Əfv Komissiyası adətən yanvar ayından iclaslara başlayır. Daxil olan müraciətlər əfv sektorunda araşdırılır və uyğun gələn müraciətlər Əfv Komissiyasına təqdim olunur. Komissiyanın iclaslarında hər bir müraciət müzakirəyə çıxarılır. Bu il əfv sərəncamı imzalanıb. Çox güman ki, komissiya yenə də yanvar ayından iclaslara başlayacaq. Onu da qeyd edim ki, əfv sərəncamı Prezidentin müstəsna hüququdur. Müraciət daxil olan məhbuslar barədə cəzaçəkmə müəssisələrindən rəylərin alınması və digər sənədlərin toplanması isə adi prosedur qaydadır”.

Xəzər Teyyublu: Hələ də iş yerlərində işəgötürənlə işçi arasında həll  olunmalı çox məsələlər var

Müstəqil Həmkarlar Birliyinin həmtəsisçisi, hüquq müdafiəçisi Xəzər Teyyublu qalib Azərbaycanın hazırda belə bir sərəncama çox ehtiyacının olduğunu qeyd etdi: “Bu çox aktual bir məsələdir.

Konkret olaraq, bu, insan hüquq və azadlıqları məsələsidir. 8 Noyabr Azərbaycan tarixi üçün çox böyük Zəfər Günüdür. Biz də eşitmişik ki, həmin tarixlə əlaqədar, yaxud da ilin sonunda əfv sərəncamı verilə bilər. Amma təbii ki, bu, ölkə başçısının müstəsna səlahiyyətidir. Ölkəmiz artıq qələbə mühitini yaşayır. Azərbaycanda siyasi marağı olan dövlətlər də etiraf edirlər ki, Qarabağ məsələsi bitib, bu konflikt yekunlaşıb. Sadəcə, sülh müqaviləsi qalıb və bu məsələ də yəqin ki, həllini tapacaq. Qalib ölkə kimi də təbii ki, bir barış mühitinə ehtiyac var. Onun üçün də əfv sərəncamı verilsə, çox yaxşı olardı. Siyasi məhbuslar daxil, digər məhbuslar da var ki, azad edilsələr çox müsbət olardı. Hətta mən gözləyirəm ki, "Qızıl amnistiya" verilsin. O zaman nəinki 1500, daha çox şəxsin bu amnistiyaya düşmə şansı var. Ölkəmiz artıq quruculuq mərhələsinə daxil olur. Bəzi məhbuslar var ki, azadlıqda olsalar, töhfələri bu proseslərdə çox ola bilər. Bu il Azərbaycan üçün çox tarixi bir ildir. Belə bir ildə də bu sərəncam verilsə, hamımız üçün çox sevindirici olardı. Əfv Komissiyası öz siyahılarını hazırlayacaq. Amma əfv etmək Prezidentin, əvvəldə dediyim kimi, müstəsna səlahiyyətlərindən biridir. Hər zaman da belə humanist addımların şahidi olmuşuq. Bu il də ümid edirəm ki, olacağıq".

Hüquq müdafiəçisi sentyabrın 19-dakı antiterror tədbirlərimizdən sonra xaricdən ölkəmizə yönəlik təzyiqlərin, qəbul edilən qətnamələrin fonunda da əfv sərəncamının verilməsini olduqca vacib sayır: “Prezidentin əfv sərəncamını imzalaması həm də dünyaya bir mesaj olardı. Azərbaycan tolerant ölkədir və burada çoxmillətli xalqlar yaşayır. Əfv sərəncamı və ya amnistiya bu millətlərə də aid ediləcək. Dünya da bunu görəcək və mütləq bu məsələ müsbət qarşılanacaq. Qarşıdan hüquq müdafiə təşkilatlarının, siyasi partiyaların, medianın fəaliyyətinə xüsusi önəm verilən mərhələ gəlir ki, Azərbaycan bu mərhələdən uğurla keçməlidir. Ermənilər basılıb, amma bilirsiniz ki, hər zaman güclü lobbiləri olub. Fransa artıq ikitərəfli şəkildə Ermənistanla silah satışı məsələsində saziş imzalayıb. Buna cavab olaraq, Avropa dünyası ilə münasibətlərimizi daim yaxın etməliyik. Oradan bizə yönəlik daim ikili mövqelər gəlir, qətnamələr qəbul olunur. Biz də çalışmalıyıq ki, insan haqları və digər məsələlərdə onların əlinə fürsət verməyək. Bu addımı atan xaricdəkiləri fakt qarşısında qoymalıyıq. Biz əfv etməklə onların bəyanatlarını içi boş edəcəyik. Tarixə düşəcək amnistiyanın verilməsi, sadəcə, cəmiyyət tərəfindən alqışlanacaq”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

25.10.2023 16:18
2449