“Şagirdlərimizin beynəlxalq olimpiadalarda iştirakı və uğur əldə etməsi əlbəttə ki, motivasiya üçün önəmlidir. Məlumdur ki, bir çox olimpiadalarda qalib gələn gənclər ali təhsil müəssisələrinə qəbul zamanı bir sıra üstünlüklər əldə edirlər”.
Bu fikirləri “Yeni Müsavat”a Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova bildirdi. O qeyd etdi ki, beynəlxalq olimpiadalarda uğur qazandıqda bir neçə xarici universitetdən də təklif gəlir: “Azərbaycanda təhsil sahəsində gənclərin uğur qazanması ilə əlaqədar kütləviliyi təmin etmək çox çətindir. Fərdi şəkildə qazanılan uğurlar daha çox nəzərə çarpır. Bunu təhsilimizin uğuru kimi dəyərləndirə bilərikmi? Bu sual müzakirə oluna bilər. Təcrübə onu göstərir ki, Elm və Təhsil Nazirliyinə tabe olan liseylər və məktəblərində təhsil alan şagirdlərin beynəlxalq olimpiadalarda qalib gəlmək üçün bilik və bacarıqları kifayət qədərdir. Əlbəttə ki, daha çox sayda şagirdin uğur qazanmasını istərdik. Xüsusilə qızlarımızın olimpiadalarda iştirakı və qalib gəlməsini çox istərdik. İstənilən halda hazırkı nəticələr də qənaətbəxşdir. Sevindirici haldır ki, olimpiada qaliblərinin sayı getdikcə artır. Yeri gəlmişkən, texniki fənlərə marağın artması tendensiyası nəzərə çarpır. Bu da dünyadakı təhsil trendini izlədiyimizin göstəricisidir”.
G.Səfərova təhsildə keyfiyyətə istiqamətlənmiş çox sayda layihəyə start verildiyinə diqqət çəkdi: “Yeni qaydalar cəmiyyətdə heç də hər zaman müsbət tərəfdən müzakirə olunmur. Elə tədbirlər var ki, onların nəticəsi dərhal görünmür, çünki gözlənilən nəticə üçün uzun müddət lazımdır. Əminəm ki, proses uğurla davam etsə, 10-15 ilə təhsil sahəsində müsbət nəticələrin şahidi olacağıq. İctimai Şura adından Yaponiyanın Tokio şəhərində keçirilən Beynəlxalq Fizika Olimpiadasında iştirak edən şagirdlərə Azərbaycanı təmsil etdikləri üçün çox təşəkkür edirəm”.
Xatırladaq ki, 10-17 iyul tarixlərində Yaponiyanın Tokio şəhərində keçirilən Beynəlxalq Fizika Olimpiadasında (IPHO) şagirdlərimiz 1 gümüş, 3 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıblar.
Qeyd edək ki, Azərbaycan məktəbliləri, riyaziyyat fənni üzrə: Beynəlxalq Riyaziyyat Olimpiadası (İMO), Balkan Riyaziyyat Olimpiadası (BMO), Yeniyetmələrin Balkan Riyaziyyat Olimpidası (JBMO), Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) Qafqaz Riyaziyyat Olimpiadası, Beynəlxalq Meqapolislər Olimpiadası, Beynəlxalq Jautıkov Olimpiadası (İZHO) fizika fənni üzrə: Beynəlxalq Fizika Olimpiadası (İPHO), Avropa Fizika Olimpiadası (EuPHO), Beynəlxalq Jauıtkov Olimpiadası (İZHO), Yeniyetmələrin Elm Olimpiadası (İJSO) kimya fənni üzrə: Beynəlxalq Kimya Olimpiadası (İCHO), Beynəlxalq Mendeleyev Kimya Olimpiadası (İMCHO), Yeniyetmələrin Elm Olimpiadası (İJSO) biologiya fənni üzrə: Beynəlxalq Biologiya Olimpiadası (İBO), Yeniyetmələrin Elm Olimpiadası (İJSO) informatika fənni üzrə: Beynəlxalq İnformatika Olimpiadası (İOİ), Yeniyetmələrin Avropa İnformatika Olimpiadası (EJOİ), Beynəlxalq Jauıtkov Olimpiadası (İZHO) da iştirak edirlər. Məktəblilərimizin beynəlxalq fənn olimpiadalarında daha uğurlu çıxışının təmin edilməsi məqsədilə Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri yaradılmış və fəaliyyətə başlayıb. Belə ki, 5 müxtəlif fənn üzrə və müxtəlif yaş qrupları üzrə 300-dən çox şagird həmin mərkəzlərdə olimpiadalara hazırlıq prosesinə qoşulurlar. Bu mərkəzlərdə şagirdlərin nəzəri və praktiki hazırlıqlarının təmin edilməsi üçün orta məktəblərdən, ali məktəblərdən mütəxəssislər dəvət edilir, eyni zamanda əcnəbi mütəxəsislərin də dəstəyi ilə hazırlıqlar aparılmaqdadır.
Bu mərkəzlərə istedadlı şagirdlərin cəlb edilməsi məqsədilə və şagirdlərlə uzunmüddətli çalışma imkanın olması məqsədilə aşağı sinif şagirdləri ( VI-VII sinif ) arasında fənn müsabiqələri təşkil edilir və keçirilməkdədir. Həmin fənn müsabiqələrinin nəticələrinə əsasən qalib olan hər fənn üzrə 30 yaxın şagird mərkəzlərə dəvət edilir.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin saytında qeyd olunan məlumata görə, 1992-ci ildən günümüzədək Azərbaycan məktəblilərinin iştirak etdikləri müxtəlif beynəlxalq fənn olimpidalarında 30 qızıl, 226 gümüş və 263 bürünc medal olmaqla, 519 medal qazanıblar. Son 5 ildə məktəblilərimiz 5 qızıl, 48 gümüş və 121 bürünc medal olmaqla ümumilikdə 174 medal əldə ediblər.
HAZIRLADI: Nigar HƏSƏNLİ