O, düz 40 il, rekord həddə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin 9-ci idarəsində (partiya və hökumət rəhbərlərinin təhlükəsizliyinə cavabdehlik daşıyan qurum) xidmət edib. 1956-1964-cü illərdə isə Aleksandr Salnikov Nikita Xruşşovun ailəsinin mühafizəsinə cəlb olunub. O cümlədən onun vəzifə funksiyalarına Xruşşovun və ailə üzvlərinin qidalanma və qida rasionuna daxil olan ərzaqlara xüsusi nəzarət, həkim təyinatı varsa dərman preparatlarının vaxtlı-vaxtında qəbulu, ayaq geyimlərindən tutmuş baş geyimlərinə qədər qarderoba nəzarət, xüsusilə, xarici səfərlərdə sovet liderinin və onun ailə üzvlərinin görüş yerlərinə, yatacaqlarına, yemək masalarına, hətta masalardakı təamlara ciddi baxış keçirmək və bütövlükdə birinci şəxsin hər addımını ciddi nəzarətdə saxlamaq daxil olub.
DTK zabitinin 40 illik xidməti məxfi və qapalı şəkildə keçib. O, yalnız 1990-cı illərdə öz işi, birincilərlə münasibəti haqqında mətbuata açıqlamalar verib.
Aleksandr Salnikov xatirələrində Xruşşovlar ailəsində onu ailənin bir üzvü kimi qəbul etdiklərini və ailə üzvləri ilə yaxınlığını etiraf edib:
“Mən bu ailənin bütün sirrlərinə bələd idim. Əslində, bu mənin marağımda deyildi. Sadəcə, iş prosesində hər şey mənə aydın olurdu. Mən bütövlükdə Xruşşovun təhlükəsizliyinə cavabdehlik daşımırdım. Bu işlə başqa zabitlər məşğul olurdu. Mənim üzərimə isə daha çox iş düşürdü. Onları saymaqla qurtarmaq olmaz. Birbaşa məişət məsələlərinə məsul idim. Ona görə də həmişə ailənin içərisində olurdum. Onlar da məni çox yaxın qəbul edirdilər. Xarici səfərlərdə işim daha ağır olurdu. Elə il olub ki, ilin 365 gününün 280-ni səfərlərdə olmuşuq və təbii ki, səfərlərdə olarkən daha diqqətli olmaq lazım gəlirdi. Nikita Sergeyeviç çox sadə və zəhmətkeş bir adam idi. Səhərlər tezdən durardı, qısamüddətli gəzintidə fikirlərini yerbəyer edərdi. O, vətəndaşlarla birbaşa ünsiyyətdə olmağa üstünlük verən rəhbərlərdən idi. Ölkədaxili səfərlərdə kimsə ona yaxınlaşanda, yaxud məktub ötürmək istəyəndə buna mane olan mühafizəçilərə irad tutardı...”
Salnikov həm də Xruşşovun alkoqollu içkilərdən istifadəsinə də cavabdehlik daşıyıb. DTK zabitinin bu məsələ ilə bağlı açıqlamaları da maraqla qarşılanıb:
“O dövrlər heç bir məclis içkisiz ötüşməzdi. Elə adi günlərdə də Nikita Sergeyeviç günorta və axşam yeməklərində tez-tez məndən bir qədəh süzməyimi xahiş edərdi. Xruşov sağlam adam idi, içki onu yıxmırdı. Yəni içki məclislərindən sonra onu Brejnev kimi qoluna girib aparmırdılar. Xruşovun Almaniyada ona bağışlanmış “sehrli” qədəhi var idi. Bu qədəh iç tərəfdən və dibindən daha qalın şüşə ilə cilalanmışdı. Kənardan böyük qədəhə oxşayardı, ancaq tutumu isə maksimum 30 qrama qədər idi. Mən bu qədəhi həmişə özümlə gəzdirirdim. Elə vaxtlar olurdu ki, məclislər uzanırdı və belə məclislərdə mən öz səlahiyyətlərimdən istifadə etmək məcburiyyətində qalırdım. Yaxınlaşıb onun qulağına pıçıldayırdım ki, mən sizin qədəhinizə konyak əvəzinə çay süzəcəm. Xruşşov bu içkini “çay-konyak” adlandırırdı…”.
Xruşşovla işlədiyi dövrdə Salnikov üçün ən problemli məsələ sovet liderinin qarderobu olub:
“Nikita Sergeyeviçin geyim məsələsi həmişə problem olurdu. Onun qeyri-standart bədən quruluşu dərziləri çətin vəziyyətə salırdı. Digər bir tərəfdən də Xruşşov enli şalvar və pencək geyinməyi xoşlayırdı. Bu geyimlərdə isə paltarlar onun əynindən sallaq vəziyyətdə qalırdı. Kostyumların tikilməsinə mən müdaxilə etmirdim. Ancaq onların ütülü olmasına, kostyuma uyğun köynək və qalstukların seçilməsinə mən cavabdehlik daşıyırdım. Rəhbərlər üçün geyimlər Kutuzov prospektindəki xüsusi atelyedə tikilirdi. Dərzilər Xruşşovun kabinetinə iki dəfə gəlirdilər. Birinci dəfə ölçüləri götürmək və kostyumun hansı parçadan tikiləcəyini razılaşdırmaq, ikinci dəfə isə kostyumun ilkin variantını Xruşovun əynində yoxlamaq üçün. Sonra hazır kostyumları mən atelyedən evə aparırdım. Adətən, Nikita Segeyeviç tikilən kostyumlardan narazı qalmırdı. Ancaq xarici səfərlərin birində jurnalistlərin onun kostyumuna istehzalı təbəssümlə baxmaqları Xruşşova heç də xoş təsir bağışlamamışdı və o, səfərdən qayıdan kimi öz düşündüyü kimi atelye rəhbərliyinə göstərişlər vermişdi. Bu hadisədən sonra Xruşşovun kostyumlarında kifayət qədər yeniliklər oldu. Amma təkcə tünd rəngli kostyumlarda. Açıq rəngli parçalardan tikilmiş kostyumlar isə yenə əvvəlki kimi, yenə də az qala onun əynindən düşəcəkdi. Xruşşovun alt paltarlarını isə sözün əsl mənasında faciə adlandırmaq olardı. O dövrdə büro üzvləri dövlət təminatında olduqlarından onlara alt paltarları da pulsuz verilirdi. Nikita Sergeyeviç isə yalnız SSRİ-nin istehsalı olan həmin yöndəmsiz alt paltarlarından istifadə edirdi. Uzunmüddətli xarici səfərlərdə olarkən Xruşşovun alt paltarlarını yumağa məcbur olurdum. Əgər həmin paltarları yumaq üçün biz harasa versəydik və bilsəydilər ki, bu paltarlar SSRİ-nin rəhbərinindir, sözsüz ki, həmin ölkədə yaranacaq “yumor” heç də siyasi qalmaqallardan az səs-küy yaratmayacaqdı və etiraf edim ki, bu ipli-kəndirli alt paltarları Xruşovun əynində çox gülməli görünürdü…”
DTK zabiti Xruşşovun Stalin və Beriyaya münasibəti haqqında da maraqlı fikirlər söyləyib:
“Xruşşov öz kiçik əhatəsində Stalin haqqında çox tez-tez danışırdı. Ancaq özünün qurultaydakı məruzəsindəki kimi yox. Stalinlə bağlı söhbətlərində Nikita Sergeyeviç onun haqqında alçaldıcı sözlər işlətmirdi. Qeyd edirdi ki, Stalin pis rəhbər olmayıb, amma çox sərt adam olub. Beriya haqqında isə Xruşov hətta xarici dövlətlərin nümayəndələri ilə söhbətləri zamanı söyləyirdi ki, o heç vaxt xalq düşməni, vətənini satan, xəyanət edən məmur olmayıb, Beriya sadəcə hakimiyyət uğrunda mübarizə aparıb və buna görə də onun qarşısını kəsə biləcək istənilən şəxsi aradan götürmək istəyib…”
Qeyd edək ki, Aleksandr Salnikovun bu və digər açıqlamaları sonradan kitab şəklində çap olunub və böyük oxucu auditoriyası qazanıb.
İlham Cəmiloğlu, Musavat.com