O, çox gənc yaşlarından siyasi fəaliyyətə başlayıb, hansı vəzifəni tutmasından asılı olmayaraq, ətrafındakılarda özünə güvənən məmur təəssüratını yarada bilib. Əslində Tevosyanda bu güvənlik heç də onun bacarığından, iş məhsuldarlığından yox, ona hamilik edənlərin gücündən irəli gəlib.
Hələ 1919-cu ildə Bakıda gizli fəaliyyət göstərən partiya təşkilatlarının birinin katibi olan, daha sonra isə Bakı şəhər Partiya Komitəsinin məsul katibi vəzifəsini daşıyan Tevosyan ilk dəstəyini Anastas Mikoyan və Levon Mirzəyandan alıb. Qeyd edək ki, Levon Mirzəyan da siyasi fəaliyyətinə Bakıda başlayıb və 1926-1929-cu illərdə Azərbaycan KP MK-nın birinci katibi olub. Tevosyanla Mirzəyanı qohumluq əlaqələri də bağlayıb. Belə ki, Tevosyanın bacısı Mirzəyanla ailə həyatı qurub.
Tevosyanın Bakıdan başlanan vəzifə karyerası Moskvada uğurla davam edib. O, 1956-cı ilə qədər SSRİ gəmiqayırma sənayesi naziri, adları tez-tez dəyişən Metallurgiya Nazirliyinin rəhbəri və nəhayət SSRİ Nazirlər Sovetinin sədr müavini vəzifəsinə qədər yüksəlib.
Bütün fəaliyyəti dövründə Tevosyan azərbaycanlılara qarşı qeyri-səmimi münasibətini büruzə verməkdən çəkinməyib. Öz sahəsi üzrə xidməti araşdırmalarda, hesabatlarda o, həmişə çalışıb ki, Azərbaycanın adı yaxşı mənada hallanmasın. Təbii ki, bu da səbəbsiz olmayıb. Belə ki, 1901-ci ildə Şuşada anadan olan Tevosyan 5 yaşında olarkən valideynləri Şuşanı tərk ediblər. Onun tərcümeyi-halında bu faktın səbəbi açıqlanmayıb. Ancaq bəzi erməni mənbələrində qeyd olunub ki, 1905-ci ildə Şuşada baş verən məlum iğtişaşlardan sonra Tevosyanın atası qorxduğu üçün ailəsi ilə birlikdə bu şəhəri birdəfəlik tərk edib.
Tevosyanın fəaliyyətində qaranlıq məqamlardan biri 1929-1930-cu illərlə bağlıdır. Məhz həmin illərdə o, Almaniyada təcrübə keçib və həmin müddətdə Almaniyanın xüsusi kəşfiyyat orqanları ilə əməkdaşlıqda şübhəli bilinib. Məsələ Kremlə qədər gedib çatıb. Anastas Mikoyanın müdaxiləsindən sonra Tevosyan üçün təhlükə sovuşub.
Tevosyan Stalinin hakimiyyəti illərində ötkəm nazirlərdən biri saylsa da, 1938-ci ildə o, elə Stalinin və onun silahdaşlarının qarşısında baş əyməyə məcbur qalıb. Tevosyanın yeznəsi, yuxarıda adını qeyd etdiyimiz Levon Mirzəyan Qazaxıstanda birinci katib işləyəndə həbs edilib. Anti-sovet fəaliyyətdə, vəzifə səlahiyyətlərini aşmaqda və digər maddələrlə ittiham olunan Mirzəyanın yaxın qohumu Tevosyanla əlbir olması faktları da aşkar edilib. Stalin Tevosyanın fəaliyyətini araşdırmaq üçün üç nəfərlik komissiya yaradıb. Komissiyada Anastas Mikoyan, Vyaçeslav Molotov, Lavrenti Beriya təmsil olunublar. Tevosyan Lefertovo həbsxanasında sorğu-suala tutulub.
Araşdırmaların nəticələri Stalinə məruzə ediləndə Mikoyan və Beriya Tevosyanın günahsız olduğunu bildiriblər. Molotov isə həmkarlarının fikirlərinə qəti etirazını bildirib:
- Yoldaş Stalin, bu məsələ daha dərindən araşdırılmalıdır. Tevosyanın fəaliyyətində kifayət qədər şübhəli məqamlar var.
Sonda Stalin Mikoyan və Beriyanın məruzələrini əsas tutaraq Tevosyana fəaliyyətini davam etdirməyə icazə verib.
Bu hadisədən sonra Tevosyan qısa müddət ərzində özünü sədaqətli kommunist və bacarıqlı mütəxəssis kimi təqdim etməyi bacarıb. Elə bunun müqabilində də o, nazir vəzifəsindən SSRİ Nazirlər Soveti sədrinin müavini vəzifəsinə təyinat alıb.
Həbslərdən, Stalin rejiminin repressiyalarından ustalıqla yaxa qurtara bilən, daha böyük kürsülərə sahib olan Tevosyanda özünə qarşı güvənlik və arxayınlıq bir az da artıb. Amma o, nəzərə almayıb ki, sərt addımlar atmaqda Nikita Xruşov heç də Stalindən geri qalan deyil.
1956-cı ildə SSRİ dövlət nəzarəti naziri vəzifəsində işləyən Molotov Mərkəzi Komitənin Rəyasət Heyətinə (büroya) Tevosyanın fəaliyyətindəki nöqsanlarla bağlı arayış təqdim edib. Xruşovla Molotovun arasındakı münasibətlər soyuq olsa da, Xruşov onun təqdim etdiyi arayışa dərhal reaksiya verib. Mərkəzi Komitədə keçirilən müşavirədə Xruşov Tevosyanın kurasiyasında olan metallurgiya sahəsindəki problemlərdən söz açaraq onu tənqid edib. Tevosyan Xruşovla razılaşmayıb:
- Nikita Sergeyeviç, tənqidinizdə heç bir əsas görmürəm. Mən metallurqam və bu sahədə vəziyyətin necə olduğunu sizdən yaxşı bilirəm.
Xruşov bu dəfə əsəblərini cilovlaya bilməyib və yumruğunu stola çırpıb:
- Sən mənimlə mübahisə edirsən? Müşavirəni tərk et, sən bu gündən vəzifəndən azadsan.
Beləliklə, Tevosyan baş nazir müavini vəzifəsindən kənarlaşdırılıb. Bir neçə gündən sonra Mikoyanın canfəşanlığı sayəsində Tevosyan Yaponiyaya səfir göndərilib. Əslində bu təyinat Tevosyan üçün sürgün sayılıb. Tevosyan Yaponiyada uzun müddət işləyə bilməyib. Xərçəng xəstəliyindən əziyyət çəkən sabiq nazir 1958-ci ildə, 56 yaşında vəfat edib.
Qeyd edək ki, sovet dövründə “qəhrəman” Tevosyanın Şuşada büstü qoyulub. Bəli, sovet dövründə. Müstəqil Azərbaycanın dövründə isə həmin büst tarixin zibilxanasına atılıb.
İlham Cəmiloğlu,
Musavat.com