Xruşovdan Eyzenhauerə sərt təpki – Sovet lideri amerikalı həmkarının “burnunu necə ovub”

Nikita Xruşovu özündən əvvəlki və sonrakı sovet liderlərindən fərqləndirən cəhətlərdən biri də çılğınlığı, istər mətbuat nümayəndələrinin, istərsə də kütlələrin qarşısında kobudluq etməsi, qeyri-etik ifadələr işlətməsi olub. İfadələrinə sərhəd qoymayan Xruşov 1960-cı ildə, ABŞ-la münasibətlərin heç də rahat olmadığı bir dövrdə növbəti dəfə Amerika prezidenti Duayt Eyzenhauerin ünvanına sərt sözlər işlədib: “Dünya şahid oldu ki, biz Eyzenhauerin burnunu necə ovduq...”

Maraqlıdır, Xruşovu bu dəfə hansı hadisə qıcıqlandırıb ki, o, amerikalı həmkarına “təpinmək” məcburiyyətində qalıb?

nBkSUhL2h1Eimsy-PqzJrMCqzJ3z8Zin2XyQ2q2C_2OZcGuaSnvVjCdg4M4S7FjDvM_AtC_QbIk8W7zj1GdwKSGT_w=d1gil6q3xq5G10UsXH-oPA.jpg (124 KB)

Hadisə 1960-cı ilin may ayının 1-də baş verib. Sovet vətəndaşları 1 may bayramı münasibətilə hələ bayram tədbirlərinə qatılmamış, səhər saat 5-6 radələrində SSRİ-nin səmalarında gərginlik yaşanıb. Kremlə ABŞ-a məxsus U-2 təyyarəsinin heç bir xəbərdarlıq olmadan SSRİ-nin dövlət sərhədini pozduğu haqqında məlumat daxil olub. Hadisə ilə bağlı dərhal Nikita Xruşova da məruzə edilib. Artıq saat 6-15-də Mərkəzi Komitədə Xruşovun rəhbərliyi ilə müşavirə keçirilib. SSRİ silahlı qüvvələrinin hava hücumundan müdafiə qüvvələrinin komandanı müşavirə iştirakçılarını məlumatlandıraraq bildirib ki, təyyarə Pakistan istiqamətindən SSRİ-yə doğru istiqamət alıb, sərhədi Tacikstan tərəfdən keçib, SSRİ-yə giriş edəndə təyyarə 20 km hündürlükdə uçub. Nəzərə alınıb ki, zenit raketləri bu məsafədən onu vura bilməyəcək. Komandan xüsusilə onu da qeyd edib ki, U-2 hərbi təyinatlı təyyarədir.

Müşavirə çox da uzun çəkməyib. Xruşov müdafiə naziri Malinovskiyə göstəriş verib: Bütün mümkün variantlardan, mövcud hərbi texnikalardan istifadə edərək təyyarə məhv edilməlidir.

francis-gary-powers-02 (1).jpg (91 KB)

Hava hücumundan müdafiə və hərbi hava qüvvələri əməliyyata başlayıb. MiQ-19-lar havaya qaldırılıb. Raket qurğuları işə salınıb. 8 raket atəşi cəhdindən sonra, nəhayət, saat 8-53-də hədəf məhv edilib.

Təyyarənin vurulması 57-ci zenit-raket briqadasının nəzarət etdiyi ərazidə baş verib. Briqada komandiri mayor Voronov əməliyyatdan sonra müdafiə nazirinə “məxfi” və tam sürətli teleqram göndərib: “Məruzə edirəm ki, sizin əmrinizə əsasən, SSRİ-nin dövlət sərhədlərini pozan U-2 təyyarəsi 1 may 1960-cı ildə Moskva vaxtı ilə saat 8-53-də məhv edilmişdir. Təyyarənin vurlması xüsusi cihazlarda öz əksini tapmışdır. Həmin təsdiq sənədləri əlavə olaraq sizə göndəriləcək...”

Mühərrikin alışdığını görən təyyarənin pilotu Frensis Pauers özünü xilas etməyi bacarıb. Paraşütünün açılış düyməsini basmağa macal tapan pilot heç bir zədə almadan Svedlovskdan 30 km aralıda yerləşən Povarnya kəndi yaxınlığında yerə düşüb. Yerdə onu ilk olaraq bir neçə kənd sakini qarşılayıb. Partlayışın səsini eşitdikdən sonra onlar elə düşünüblər ki, paraşütdə enən sovet pilotudur və kömək məqsədilə ona yaxınlaşıblar. Az sonra isə yerli milis və DTK əməkdaşları hadisə yerində olublar.

nBkSUhL2h1Eimsq_PqzJrMCqzJ3z8Zin2XyQ2q2C_2OZcGuaSnvVjCdg4M4S7FjDvM_AtC_QbIk8W7zj1GdwKSGT_w=WlgBUOg7m01aALlc_VojlA.jpg (51 KB)

Frensis Pauers Moskvaya aparılıb. Məlum olub ki, o, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşıdır. İlk dindirmə zamanı Pauers SSRİ-yə hansı məqsədlə “təşrif” buyurmasını gizlətməyib. Uçuşun məqsədi Sovet İttifaqının hərbi və sənaye obyektlərinin, o cümlədən Baykonur təlim poliqonunun və Arzamas-16 nüvə silahlarının inkişafı mərkəzinin fotolarını çəkmək olub.

Bu hadisə ABŞ-la SSRİ arasında növbəti gərginlik yaradıb. Amerika prezidenti Duayt Eyzenhauer pilotun uçuş üçün uyğun olmayan şəraitdə səhvən istiqamətini dəyişdiyini bəyan edib. SSRİ tərəfi isə pilotun ifadələrini, üstündə tapılan xəritə və digər sənədləri sübut kimi ortaya qoyaraq əsl həqiqəti bütün dünyaya nümayiş etdirib.

Pilotun Amerikada yaşayan valideynləri övladlarının əfv olunması ilə bağlı Xruşova müraciət ediblər. Həmin müraciətə Nikita Xruşov məktubla belə cavab verib: “Sizə məlumat verməyi özümə borc bilirəm ki, sizin oğlunuz SSRİ qanunları ilə mühakimə olunacaq. Qanun qanundur və mən məhkəmənin işinə qarışmaq iqtidarında deyiləm...”

francis-gary-powers-sud.jpg (94 KB)

Beləliklə, amerikalı pilot sovet qanunları ilə mühakimə olunub. Məhkəmədə dövlət ittihamçısı qismində SSRİ-nin baş prokuroru Roman Rudenko çıxış edib. Məhkəmə Frensis Pauersi 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Frensis Pauersin SSRİ-dəki məhbus həyatı uzun sürməyib. Belə ki,1962-ci ildə ABŞ və SSRİ arasında əldə olunmuş razılığa əsasən, ABŞ-da 32 il həbs cəzasına məhkum olunmuş sovet kəşfiyyatçısı, polkovnik Vilyam Fişerlə Frensis Pauers dəyişdirilib.

Amerikalı kəşfiyyaçı vətəninə döndükdən sonra onu Mərkəzi Kəşfiyyat İdarəsindən kənarlaşdırıblar. Frensis Pauers fəaliyyətini mülki aviasiyada pilot kimi davam etdirib. Ancaq 47 yaşlı pilotun bəxti mülki aviasiyada da gətirməyib. SSRİ-də vurulan təyyarədən sağ çıxsa da, Amerikada uğradığı qəzadan o, sağ çıxa bilməyib.

İlham Cəmiloğlu,
Musavat.com

03.08.2023 17:18
2502