Xruşov dövrünün əsgər qiyamları – “Stroybat hamıya eyni gözlə baxır”

SSRİ özünü dünyaya humanist, hər bir vətəndaşın rahat yaşadığı ölkə kimi təqdim etsə də, mövcud olduğu 70 il ərzində onun ayrı-ayrı bölgələrində hökumətə qarşı çıxanlar az olmayıb.

Bu etirazlar qiyamlarla, nümayiş və mitinqlərlə, müxtəlif aksiyalarla müşayiət olunub. Stalinin 30 illik hakimiyyəti dövründə dövlətin apardığı siyasətə qarşı söz demək böyük cürət tələb etsə də, Xruşovun “mülayimləşmə dövrü” kimi tarixə düşən hakimiyyəti illərində narazı olan sovet vətəndaşları öz etiraz səslərini ucaltmaqdan çəkinməyiblər. 1955-ci il isə ölkənin xüsusi bir təbəqəsi, əsgərlərin qiyamı ilə yadda qalıb...

esgerler.jpg (121 KB)

Əsgər qiyamları SSRİ silahlı qüvvələrinin hərbi inşaat hissələrində başlayıb. 1955-ci ilin ortalarında bu hissələrdə xidmət edənlərə xidmət dövrünün daha 6 ay uzadılması məlumatı çatanda ilk olaraq Sverdlovskda yerləşən hərbi inşaat hissəsinin əsgərləri tabeliklərində işlədikləri Sverdlovsk Tikinti İdarəsinin inzibati binasının qarşısına toplaşıblar. Gün ərzində təxminən iki minə yaxın hərbi inşaatçı öz iş yerlərini icazəsiz tərk edərək etiraz aksiyasına qoşulub. Tələblər, şüarlar, cavabsız suallar sonda qarşıdurma ilə nəticələnib. İnşaatçı əsgərlər inzibati binaya daxil olaraq pəncərələri, qapıları, kabinet avadanlıqlarını sındırıblar, idarənin əməkdaşlarına bədən xəsarəti də yetirilib.

Etiraz aksiyaları eyni zamanda bir neçə şəhərdə də baş tutub. Xüsusilə Kemerevoda etirazçılar daha yüksək fəallıq nümayiş etdiriblər.

Kütləvi etiraz aksiyaları haqqında dərhal Nikita Xruşova məruzə edilib. SSRİ müdafiə naziri Georgi Jukov hadisələr haqqında Xruşova ətraflı məlumat verəndə hökuməti də günahlandırıb.

Kremldə hadisə ilə bağlı keçirilən müşavirədə Xruşov əsgər qiyamlarını nəzarətə götürməyi, onların yatırılmasını SSRİ daxili işlər naziri Sergey Kruqlova həvalə edib. Saatlar ərzində ölkənin ayrı-ayrı ərazilərində xidmət aparan daxili qoşunların şəxsi heyətləri inşaatçı əsgərlərin qiyam qaldırdıqları yerlərə cəlb ediliblər. Nəhayət, 14 gündən sonra vəziyyəti sabitləşdirmək mümkün olub.

xrus son.jpg (107 KB)

Hadisələrdən sonra hərbi inşaatçılar haqqında cinayət işi açılıb. 48 nəfər cinayət məsuliyyətinə cəlb olunaraq müxtəlif cəzalara məhkum ediliblər. İstintaq zamanı o da məlum olub ki, inşaatçı əsgərlər təkcə xidmət dövrünün uzadılmasına deyil, həm də xidmətdə olduqları dövrdə acınacaqlı sosial vəziyyətlərinə görə etiraz aksiyalarına qoşulublar.

Qeyd edək ki, hərbi inşaat hissələri qırmızı orduda hələ 1918-ci ildə yaradılıb. Məqsəd hərbçiləri xalq və kənd təsərrüfatı sahələrində işçi qüvvəsi kimi istifadə etmək olub. Zaman-zaman SSRİ silahlı qüvvələrində bu hissələrin şəxsi heyətinin sayı artıb. Artıq 1950-ci illərin ortalarında hərbi inşaat hissələrində xidmət edənlərin sayı 730 minə çatıb. Bu, bütövlükdə Britaniya ordusunun şəxsi heyətinin sayına bərabər olub.

1955-ci ildə marşal Georgi Jukov SSRİ-nin müdafiə naziri təyin olunanda, orduda islahatlara başlayanda hərbi inşaat hissələrinin tam ləğv olunmasına çalışıb. Marşal bununla bağlı bir neçə dəfə Mərkəzi Komitəyə yazılı müraciət edib.

Jukov müraciətində aşağıdakı arqumentləri əsas götürüb:

1. Hərbi tikinti hissələrindəki şəxsi heyətin sayı mövcud qanunvericiliyə görə konstitusiyaya ziddir.

2. Həqiqi hərbi xidmətə çağırılanlar əmək alətləri ilə tikintilərdə, kənd təsərrüfatı sahələrində deyil, öz xidmətlərini silahla keçirməlidirlər, hərbi təlimlərdə iştirak etməlidirlər.

3. Hərbi tikinti hissələrinin əsgərlərinin cəlb olunduğu istənilən sahədə görülən işlərin keyfiyyəti olduqca aşağıdır.

4. Uzun illər hərbi tikinti hissələrində hərbi nizam-intizam məsələsi arxa planda qalıb. Elə bu səbəbdən də bu hissələrdə özbaşına xidməti ərazini tərketmə, əsgərlər arasında qarşıdurma və dava, istənilən vaxt alkoqoldan istifadə etmək imkanı və bu kimi hallar hər il artmaqda davam edir.

Sözsüz ki, müharibədən sonrakı illərdə, işçi qüvvəsinə ehtiyac duyulduğu bir vaxtda Mərkəzi Komitə hərbi inşaat dəstələrini ləğv etmək haqqında düşünməyib. Kifayət qədər böyük sayda işçi qüvvəsini tikintilərdən çıxarmaq hökumət üçün sərfəli olmayıb.

esger son.jpg (143 KB)

Hərbi inşaat hissələri və dəstələri heç bir dövrdə qoşun növü kimi formalaşdırılmayıb. Bu təyinatlı hissələrin idarə olunması, səfərbərlik məsələləri, bölgülər, maliyyələşməsi SSRİ Müdafiə Nazirliyinin ayrıca bir idarəsi tərəfindən həyata keçirilib. Yəni struktur baxımdan onlar digər qoşun növləri, hava hücumundan müdafiə, rabitə, raket, tank, piyada və s. qoşunlar kimi hərbi qoşunlar statusuna malik olmayıb.

Hərbi inşaat hissələrində xidmət edənlər gördükləri işə görə əmək haqqı da alıblar. Həmin əmək haqlarından işçi formasının və qidalanmanın pulu çıxdıqdan sonra qalan vəsait onların hesabına köçürülüb. Əmək haqqının məbləği SSRİ Nazirlər Sovetinin xüsusi normativlərinə görə müəyyənləşdirilib.

Əvvəllər inşaatçı əsgərlərə verilən əmək haqqı çox cüzi olsa da, 1960-cı illərdən sonra bu məbləğ artıb. Sözügedən əsgər qiyamları da hökuməti yeni qərarlar qəbul etməyə vadar edib.

Hərbi inşaat hisslərində xidmət edənlər arasında hərbi xidmətdən evə şəxsi avtomobillə geri qayıdanlar da olub. Belə ki, “VAZ 21-01” avtomobilinin qiymətinin 5000-5500 rubl olduğu halda iki il ərzində bu məbləği yığmaq mümkün olub.

Xüsusilə iqlim şəraitinin soyuq olduğu yerlərdə, Sibirdə, Uzaq Şərqdə bu məbləği daha tez yığmaq mümkün olub. Elə hərbi inşaat hissələri olub ki, həmin hissədə xidmət edən əsgərlər 300-400 rubl əmək haqqı alıblar. Digər bölgələrdə isə mülki vətəndaşların aylıq əmək haqqı adətən 80-120 rubl təşkil edib.

Statistikaya nəzər salanda o da məlum olur ki, hərbi tikinti hissələrində daha çox yeyinti faktları olub. Məhz həmin ərəfələrdə bununla bağlı yarızarafat, yarıgerçək bir ifadə tez-tez səsləndirilib:

“Stroybat hamıya eyni gözlə baxır, sıravi əsgər də yeyir, hərbi hissə komandiri də...”

İlham Cəmiloğlu,
Musavat.com

09.08.2023 14:25
2159