İosif Stalinin hakimiyyətdə olduğu illərdən fərqli olaraq Nikita Xruşovun SSRİ-yə rəhbərliyi dövründə ölkədə etiraz aksiyaları, rejimdən narazı qalan kütlələrin nümayiş və mitinqləri, hətta qiyamlar bir-birini əvəzləyib, SSRİ-də narazı əhalini susdurmaq mümkün olmayıb. Düzdür, bu hadisələr haqqqında mətbuatda bir cümlə belə yazılmayıb, onlar mümkün qədər məxfi saxlanılıb. Amma SSRİ-nin süqutundan sonra həmin hadisələr ətraflı araşdırılıb, ictimaiyyətə geniş açıqlamalar verilib.
Xruşov dövrünün uzun illər gizli saxlanılan etiraz aksiyalarından biri isə tikanlı məftillər arasında, Baş Düşərgələr İdarəsinin (QULAQ) Norilskdə yerləşən islah əmək deşərgəsində baş verib və bu qapalı məkanda tətillər və qiyamlar düz 5 aya yaxın davam edib.
Qeyd edək ki, Norilskdə düşərgə 1935-ci ildə yaradılıb. İlk məhbuslar düşərgəni özləri salıblar, baraklar tikiblər və özləri-özlərini tikanlı məftillər arasına salıblar. Həmin vaxt Norilskdə bir neçə taxta daxmadan başqa heç nə olmayıb. Bu gün 180 min nəfərə yaxın əhalisi olan Norilsk şəhərini məhz məhbuslar tikiblər. Həmçinin Dağ-mədən və Nikel Kombinatının inşası da məhbusların üzərinə düşüb. Əslində nikellə zəngin olan və ölkəyə böyük maddi xeyir gətirən Norilskdə məhbusların saxlanılma şəraitinin digər düşərgələrdən yaxşı olması düşünülüb. Ən azı məhbuslar belə düşünüblər. Amma hər şey əksinə olub. Norilsk düşərgəsi sözün əsl mənasında cəhənnəmi xatırladıb.
Norilsk düşərgəsində xidmət edən əməkdaşlar məhbuslara heç qul kimi də baxmayıblar. Ümumiyyətlə, nəzarətçilər məhbusları insan saymayıblar. Nəzarətçilərin istədikləri vaxt istədikləri məhbusu güllələmək “səlahiyyəti” olub ki, onlardan heç kim bu haqda hesabat tələb etməyib.
Düşərgədə məhbusların gündəlik qida payını kəsmək adi hallardan birinə çevrilib. Daxili rejim qaydalarını pozanlar üçün xüsusi işgəncələr tətbiq edilib. Ən dəhşətli cəzalardan biri cərimə kameraları olub ki, bu kameralardan sağ çıxmaq möcüzə sayılıb.
İşgəncələr haqqında 1950-ci illərin əvvəllərində düşərgənin “sakin”i olan Afanasi Qriqoryev sonralar öz xatirələrini belə bölüşüb:
“Düşərgədə baş verənləri müşahidə etdikcə, mənə elə gəlirdi ki, sovet hökumətinin Norilskin mövcudluğundan xəbəri yoxdur. Heç bir əmr, direktiv, sərəncam olmadan düşərgədə iş vaxtı uzadılırdı. Biz ən ağır işlərə cəlb olunurduq. Bir neçə aydan sonra iş qabiliyyətimiz tamamilə itirdi. Qida rasionumuz elə bir vəziyyətdə idi ki, bu cür yeməklə ayaq üstə dayanmaq da çətin olurdu. Məhbuslar acından ölürdülər. Mən ixtisasca mühasibəm. Arada məni öz ixtisasıma uyğun işə cəlb edirdilər, düşərgənin mühasibatlıq işinə kömək edirdim. Bu işləri görəndə aydın olurdu ki, düşərgəyə ayrılan vəsaitin heç yarısı da məhbuslara xərclənmir. Məhbuslar üçün ayrılan ərzaq məhsulları başqa yerlərə ötürülürdü. Ərzaq qıtlığı olan bir vaxtda bu məhsullardan çox asanlıqla böyük məbləğlər qazanılırdı. Bu haqda bir kəlmə danışmaq isə ölümə bərabər idi. Düşərgənin rəisi işgəncə metodunu özü müəyyən edirdi. Bəzən isə özü məhbusun ayağını, yaxud qolunu tapançası ilə yaralayırdı. Sonra həmin məhbusu atırdılar cərimə kamerasına. Heç bir tibbi xidmətdən də söhbət gedə bilməzdi. Beləliklə də, yaralı məhbus əzab və ağrı çəkərək ölürdü...”
Dözülməz şərait nəhayət, 26 may 1953-cü ildə partlayışa səbəb olub. Hər şey düşərgənin nəzarətçisi kiçik serjant Dyatlovun heç bir səbəb olmadan 5-ci düşərgə bölməsində 7 nəfər məhbusu güllələməsindən sonra başlayıb. Bu hadisədən sonra düşərgənin ayrı-ayrı bölmələrində olan məhbuslar bir-birləri ilə əlaqə yaradaraq qiyam qaldırıblar. Qiyamçıların sayı 16 min nəfəri keçib. Etirazçılar eyni zamanda işə çıxmaqdan da imtina ediblər.
Qiyamçılar düşərgə rəhbərliyinin heç bir təklifini, şərtini, vədlərini qəbul etməyərək tətili davam etdiriblər və Moskvadan xüsusi komissiyanın gəlməsini tələb ediblər. Onlar Baş Düşərgələr İdarəsinin qarşısında aşağıdakı tələbləri qoyublar:
İş saatının 12 saatdan 8 saata endirilməsi;
İşə görə aldıqları əmək haqqının yarısının şəxsi hesaba köçürülməsi, yarısının isə nağd şəkildə verilməsi;
Tibbi xidmətin və saxlama şəraitinin yaxşılaşdırılması;
Siyasi məhbusların işinə yenidən baxılması;
Ailələrinə ildə cəmi 2 dəfə məktub göndərmək məhdudiyyətinin aradan qaldırılması;
Əlillərin düşərgədən azad edilməsi;
Daxili rejim qaydalarının pozulmasına görə cəza tədbirlərinin yumşaldılması;
Norilsk düşərgəsində tətil və qiyamın baş verməsini eşidən Maqadan və Vorkuta düşərgələrində də tətillər başlanılıb. Məsələnin kütləvi hal alması Moskvanı ciddi narahat edib.
4 avqust 1953-cü ilə qədər davam edən tətillər sonda silahlı müdaxilə ilə yekunlaşıb. Qiyamın yatırılması zamanı 221 məhbus ölüb, 1000-ə yaxın məhbus isə yaralanıb. Qiyamın təşkilatçıları isə ciddi rejimli həbsxanalara göndərilib.
Norilsk qiyamı az da olsa effektli nəticələr verib. Belə ki, qiyamdan sonra düşərgədə saxlanılma və məişət şəraiti, tibb xidməti qismən də olsa yaxşılaşdırılıb.
Norilsk düşərgəsinin fəaliyyətinə 1956-cı ildə son qoyulub. Fəaliyyət göstərdiyi 21 il ərzində düşərgədə 72 min məhbus cəza çəkib. Həmin məhbusların hər dörd nəfərindən biri aclıqdan, xəstəlikdən və verilən işgəncələrdən həyatını itirib.
İlham Cəmiloğlu,
Musavat.com