Ekspertlərin fikrincə, hesabat qərəzlidir, çünki...
ABŞ Kolumbiya Universitetinin “Yer İnstitutu” (Earth İnstitute) və “Davamlı İnkişaf Mərkəzi” (Center for Sustainable Development) tədqiqat mərkəzləri xoşbəxtliyin səviyyəsinə görə dünya ölkələrinin reytinqini hesablayıb.
Son araşdırmanın nəticələrinə dair məlumatlar 2024-cü ilin martında dərc edilib. Bir neçə meyardan ibarət ümumi indeks üzrə Azərbaycan 143 ölkə arasında 101-ci yeri tutub. “Turan” yazır ki, araşdırma 2023-cü illə müqayisədə xoşbəxtlik səviyyəsində əhəmiyyətli enmə qeydə alıb. Həmin vaxt Azərbaycan 88-ci yerdə olub. Eyni zamanda 30 yaşınadək gənclər arasında aparılan sorğulara əsasən, Azərbaycan 95-ci, orta yaşlı vətəndaşlar arasında 103-cü, 60 yaşdan yuxarı şəxslər arasında 108-ci yeri tutub. Yeddinci dəfədir ki, dünyanın ən xoşbəxt adamları Finlandiya vətəndaşları, ən qeyri-xoşbəxt adamları isə Əfqanıstan sakinləridir. 2023-cü ildə olduğu kimi siyahını Əfqanıstan və Livan bağlayır.
Azərbaycanlılar üçün bizim qonşularımız və keçmiş SSRİ ölkələri maraqlıdır. Bizdən daha pis ukraynalılar yaşayırlar (105-ci yer), bu, Rusiyanın həmin ölkəyə qarşı ağır müharibəsi ilə izah edilə bilər. Müharibəni fəlakətli şəkildə uduzan Ermənistan 82-ci, Gürcüstan 91-ci , Rusiya 72-ci, İran 100-cü, Türkiyə 98-ci yerdədir. Qazaxıstan 49-cu, Özbəkistan 47-ci yerdədir. ABŞ 23-cü, İngiltərə 20-ci yeri tutub. 47-ci yeri tutan Özbəkistan Orta Asiyanın ən xoşbəxt ölkəsi kimi tanınıb.
Xoşbəxtlik reytinqinin tərtibçiləri Birləşmiş Millətlər Təşkilatının himayəsi altında “Davamlı inkişaf həlləri şəbəkəsi” (UN Sustainable Development Solutions Network) qlobal təşəbbüsü çərçivəsində çalışırlar. Reytinq hazırlanarkən milli institutların tərtib etdikləri göstəricilər nəzərə alınır. Bunlar rifah, adambaşına düşən ÜDM səviyyəsi, uzun ömürlülük, vətəndaş azadlıqlarının olması, təhlükəsizlik və sabahkı günə inam hissi, ailələrin sabitliyi, məşğulluq təminatları, korrupsiyanın səviyyəsi, habelə cəmiyyətin vəziyyətinin dolayı göstəriciləridir.
Ceyhun Məmmədov
Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bu hesabatların səmimiliyinə və doğruluğuna inanmır: “Ola bilməz ki, bu qədər fərq yaransın. Düşünürəm ki, bütün hesabatlarda olduğu kimi bu hesabatda da Azərbaycanla bağlı məsələlər həqiqətə uyğun deyil. Burada ölkəmizə qarşı qərəz, təxribat özünü açıq şəkildə göstərir, bu, birmənalıdır. Bu gün Azərbaycanın bu qədər inkişaf etməsinə baxmayaraq ölkəmizin bu formada qiymətləndirilməsi qəbuledilən deyil. Azərbaycan həm təhlükəsizlik, əhalinin yaşayışı baxımından dünyanın öndə gedən ölkələrindən biridir. Bu gün ölkəmizdə insanların yaşayışı dövlət səviyyəsində kifayət qədər yüksəkdir. Azərbaycanın 101-ci yerdə olmasını da əsaslı, dəqiq fakt kimi saymıram. Burada bir məqama diqqət çəkmək istəyirəm. Bizim bəzi vətəndaşlarımızın naşükürlüyü, digər ölkələrdəki vəziyyətlə bağlı məlumatsızlığı da burada müəyyən qədər rol oynayır. Təəssüf ki, insanlarda vəziyyətlərindən xeyli şikayətlənmə var. Bir daha qeyd edirəm, ərəb ölkələrini, ümumiyyətlə, müsəlman ölkələrini yaxşı tanıyıram. Bu gün Azərbaycan yaşayış baxımından ən yaxşı ölkələrdən biridir. Bütün bunlara baxmayaraq, vətəndaşlarımızın bir qismi yenə də narazıdır, əlində olan imkanları qiymətləndirmir. Bəzi vətəndaşlarımız düşünür ki, onların yerinə hər şeyi dövlət etməlidir, işləməsələr də dövlət onlara vəsait verməlidir. Dövlət pensiya, müavinət verir. İşləmək istəməyən adama dövlət pul verməli deyil. Bu gün ölkəmizdə kifayət qədər iş yerləri var. O mənada ölkəmizin bu sıralamada olması anlaşılan və qəbuledilən deyil. Burada qərəz, hesabatın dəqiq aparılmaması faktoru var. İkincisi isə insanların öz yaşayış şəraitini düzgün qiymətləndirməməsi də burada rol oynayır. İnsanlar əllərində olan imkanları düzgün qiymətləndirməyi bacarmalıdırlar”.
Üzeyir Şəfiyev
Sosioloq Üzeyir Şəfiyev də mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bir neçə ildir xoşbəxtlik indeksi üzrə qiymətləndirmələr aparılır: “BMT-nin müxtəlif qurumları, digər nüfuzlu sorğu mərkəzləri tərəfindən də belə sorğular aparılır. Bu sorğuların nəticələri heç də həmişə reallığı əks etdirmir. Birincisi, bu sorğuya cəlb olunanların reprezentativliyi nə dərəcədə orada göstərilir?! Həm də xoşbəxtlik bir qədər ruhsal, an məsələsidir. İnsan hansı anda özünü necə hiss edirsə, o şəkildə özünü ifadə edir. Göstərilən nəticələrdən belə bəlli olur ki, bu sorğu keçirilərkən milli institutların məlumatlarına istinad olunub. Hansı institutlara istinad olunub, bu çox maraqlı məsələdir. Milli institutlar nə dərəcədə gerçəkliyi əks etdirib, hansı maraqlarla fəaliyyət göstərib, bilinmir. Çünki əksərən bir sıra beynəlxalq təşkilatlar bu və ya digər ölkələrdə bəlli bir qruplarla, qeyri-hökumət təşkilatları ilə əlaqəyə girirlər, həmin ölkələrə bir növ təzyiq aləti kimi bənzər tədqiqatlar həyata keçirirlər, onların informasiyalarına əsaslanır, istinad edirlər. Bu baxımdan biz xoşbəxtlik indeksi meyarlarına baxanda görürük ki, Azərbaycan heç də xoşbəxt olan ölkələrdən geri qalmır. Ən azı bir faktı deyə bilərəm ki, Azərbaycan zəfərlə başa çatan II Qarabağ savaşından sonra toplum səviyyədə xoşbəxtlik hissini yaşadı. Xoşbəxtlik həyatın bütün sahələrində ictimai məmnunluqla özünü göstərdi. Bu, ölkə əhalisini uzun müddət davam edən melanxoliyadan azad etdi, gələcəyə ümidini artırdı. Bu aura xoşbəxtliklə bağlı sorğuya cəlb olunmuş respondentlərdə ifadə olunmalıydı. Amma nədənsə bu orada əks olunmur. Təkcə 2024-də yox, 2020-ci ildən sonra keçirilən sorğularda bu dinamikanı izləyirəm. Həmin hadisənin təsiri sorğu nəticələrində yoxdur. Finlandiya və digər Skandinaviya ölkələri xoşbəxtlik indeksində öndə göstərilir. Finlandiya bir neçə ildir ki, liderliyi əldən vermir. Amma biz baxsaq, görərik ki, Finlandiyada əhalinin ruhsal vəziyyətində problem var, intiharların səviyyəsinə görə öndə gedən ölkələrdən biridir. Hətta Finlandiyada depressiya ölkə səviyyəsində stiqmaya çevrilib. İnsanlar bu stiqmadan qurtulmağın yollarını axtarır, tədqiqatçılara üz tuturlar. Düzdür, Finlandiyada depressiyanın əsas səbəbi kimi iqlimi - qaranlığı, soyuğu əsas göstərirlər. Fakt budur ki, orada depressiya, intihar halları yüksəkdir. Azərbaycanda intiharlar digər ölkələrə nisbətən azdır. Vətən müharibəsindən sonra insanlarda gələcəyə ümid artıb. Prezident İlham Əliyev hətta postmüharibə dövrü üçün də yeni hədəflər müəyyənləşdirdi, insanları səfərbər etdi. Psixoloji, ruhsal baxımdan ölkənin əhval-ruhiyyəsi heç də xoşbəxtlik indeksinə görə öndə olan ölkələrdən geri qalmır. Əlbəttə, hər bir cəmiyyətdə olduğu kimi, bizim cəmiyyətimizdə də neqativlər ola bilər. Ancaq biz daim çalışmalıyıq ki, bu neqativlər aradan qalxsın. Ancaq təşkilat Ermənistanı bu indeksdə öndə göstərib. Burada hansı obyektivlikdən söhbət gedə bilər ki, Ermənistan məğlub ölkədir, qeyri-müəyyən vəziyyətdədir, gələcəyi dumanlı bir vəziyyətdə olan ölkədir. Necə ola bilər ki, Azərbaycandan öndə olsun, bu, nonsensdir. Bu cür faktorlar sorğu və tədqiqat nəticələrini bir qədər şübhə altına alır”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”