Erməni işğalından azad olunan Xocalı rayonuna ilk köç bu ilin may ayında olacaq. Bunu “Report”un Sumqayıt bürosuna açıqlamasında Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov deyib. O bildirib ki, Xocalıda tikinti və abadlıq işləri həyata keçirilir: “Hazırda 500-ə qədər evdə bərpa işləri aparılır. May ayında ilkin olaraq 50 ailənin Xocalıya köçürülməsi nəzərdə tutulur”. Qeyd edək ki, Xocalı rayonu 1992-ci il fevralın 25-dən 26-na keçən gecə işğal olunmuşdu. Həmin gecə erməni quldurları Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədiblər. Azərbaycan Ordusunun 2023-cü ilin sentyabr ayının 19-20-də keçirdiyi antiterror əməliyyatları nəticəsində Xocalı işğaldan azad olunub.
Qarabağda bərpa-quruculuq prosesi davam etdikcə prosesdə gənclərin iştirakına da diqqət artır. Nəzərə alsaq ki, tikintilər başa çatdıqdan sonra da idarəetmədə kifayət qədər kadra ehtiyac olacaq, o zaman bu məsələnin önəmi daha da çoxalır.
Sahib Məmmədov
Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, “Vətəndaşların Əmək Hüquqları Liqası” nın sədri Sahib Məmmədov “Yeni Müsavat”a şərhində bildirdi ki, Azərbaycanda gənclər arasında işsizlik təəssüf ki, ən yüksək səviyyədədir. Onun fikrincə, bu baxımdan Qarabağda bərpa-quruculuq işlərinə cəlb olunanlar arasında gənclər də var: “Həm muzdlu işçilər arasında, həm də müxtəlif vəzifələrdə çalışanlar arasında gənclərin sayı çoxdur. Lakin məskunlaşma tam başa çatmadığı üçün orada işləyənlərin asudə vaxtının təşkilində müəyyən çətinliklər yaşanır. Müstəqillikdən öncə, SSRİ illərində zərbəçi komsomol tikililəri var idi. Çoxsaylı filmlərdə görmüşük ki, Sibirdə, Tayqada işləyənlər üçün romantik şərait yaradılmışdı. Bunun üzərində böyük təbliğat maşını çalışırdı. Gedənlərin yalnız işləməsi üçün yox, həm də romantika arxasınca getməsi üçün real işlər görülürdü. O cür ərazilərdə işləmək həyatı dəyişmək baxımından əhəmiyyətli idi. Qarabağda həyata keçirilən bərpa-quruculuq prosesində də belə mühitin olmasını arzu edərdik. Hazırkı şəraitdə gənclər 7-12 saat işləyib, sonra yatırlar. Həyat belə davam edir. Halbuki Qarabağın quruculuğu mühüm hadisədir. Bu hadisənin bütün elementləri orada işləyənlərə məmnunluq yaşatmalıdır. Çox istərdim ki, bu təmin olunsun. O ki qaldı Xocalıya, Xocalı bizim yaralı yerimizdir. Xocalıda məskunlaşma ilə bağlı xeyli diskussiya oldu. Ərazinin tamamilə abidə kompleksinə çevrilməsi təklifləri var idi. Bildiyim qədər, Xocalıda inzibati ərazi vahidi təmin olunacaq. Yəqin ki, ən böyük soyqırımı abidələrindən biri Xocalıda olacaq. Düşünürəm ki, Xocalının da, digər ərazilərin də yenidən bərpa edilməsində gənclərin iştirakı artırılmalıdır”.
S.Məmmədov əlavə etdi ki, gənclərin Qarabağın yenidən qurulmasında iştiraklılığını artırmaq üçün müəyyən tədbirlər görülməlidir, hətta müvafiq dövlət strukturları təkliflər irəli sürə bilərlər: “Gənclər və İdman Nazirliyi, eləcə də digər qurumlar gənclərin Qarabağın yenidən qurulmasına cəlb edilməsi üçün müəyyən təkliflər hazırlaya bilərlər. Hətta onların bir müddət işləməsi üçün deyil, quruculuq işləri başa çatdıqdan sonra belə Qarabağda qalıb yaşaması üçün şərait yaradıla bilər. Məlum olduğu kimi, Qarabağa təkcə yerli əhali qayıtmayacaq, dövlət qurumlarının regional idarələri də fəaliyyətini bərpa edəcək. Bu da o deməkdir ki, dövlət orqanları və idarəetmə sistemləri yalnız yerli əhalidən təşkil olunmayacaq. Təhsil, mədəniyyət, mühafizə orqanlarında, eləcə də digər dövlət idarəetmə sistemləri, yerli hakimiyyət orqanlarında çalışanlar arasında başqa bölgələrdən gedənlər olacaq. Bu baxımdan güzəşt, imtiyazlar olsa, yaxşı olar. Xüsusilə, dağ rayonları olan Kəlbəcər, Laçın, Qubadlıya gedənlər üçün stimullaşdırıcı əlavə tədbirlərin görülməsi məqsədəuyğun olar. 1-2 il işləyib regionu tərk etməyi düşünənlər üçün birmənalı şəkildə müvafiq yaşayış şəraiti yaradılmalıdır. Lakin 10 ildən artıq müddətdə işləyənlər üçün Qarabağda mənzil almaq üçün güzəştli ipoteka şərtləri, o cümlədən torpaq sahəsinin ayrılması, əmək haqqına əlavələr və s. tətbiq edilə bilər”.
Məlumat üçün bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin rəsmi saytında “Qarabağda iş imkanları” bölməsində müxtəlif vakansiyalar üzrə elanlar yerləşdirilib. Vakant yerlər usta dəmirçi, sürücü, katibə, müəllim və başqa peşələr üçün nəzərdə tutulub.
Yazını hazırladı: Nigar HƏSƏNLİ