Xocalının keçmiş prokurorunun Ayaz Mütəllibova teleqramı: “Bizə TƏCİLİ yardım edin”

Xəbər verildiyi kimi, Xocalı soyqırımı zamanı rayonun prokuroru işləmiş Atakişi Atakişiyev vəfat edib.

40 ilə yaxın prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmiş A.Atakişiyev ötən gün dünyasını dəyişib. O, İmişli rayonunda dəfn ediləcək.

Qeyd edək ki, üç ilə yaxın Xocalının prokuroru işləmiş Atakişi Atakişiyev soyqırımıdan bir neçə gün əvvəl o vaxtkı dövlət rəhbəri Ayaz Mütəllibova vurduğu teleqramla gündəmə gəlmişdi.

PROK.jpeg (18 KB)

Sağlığında mətbuata verdiyi açıqlamada sabiq prokuror bu haqda danışmışdı:

“Xocalı şəhərində 3 ildən çox prokuror işləmişəm. Xocalıda prokuror işlədiyim vaxtlarda vəziyyət gərginliyə doğru gedirdi. Təbii ki, Xocalı faciəsinin baş verəcəyindən xəbərdar idim. Ona görə də 1991-ci ilin 27 dekabr tarixində Azərbaycan Respublikasının prezidenti Ayaz Mütəllibova teleqram göndərdim.

1991-ci ilin noyabr ayının 28-də Əsgəran rayonunun içərisində bizim UAZ markalı maşında 3 nəfər öldükdən sonra Əsgəran yolu bağlandı. Hətta bir neçə gündən sonra ermənilər Əsgəran qalasını böyük panellərlə hördülər. Yol kəsildi. Xocalıların kənara çıxması ancaq hava xəttindən asılı qaldı. Vertolyotlarla sursat, ərzaq və digər təchizat vaxtında təmin olunmadı. Hətta çörək də çox vaxt vertolyotla daşınırdı. Xankəndidə silah düzəldən zavodun dayandırılması ilə əlaqədar biz öz təşəbbüsümüzlə elektrik xəttini kəsdirmişdik. Son üç ay idi ki, işığımız da yanmırdı...

Camaatın işığı da kəsilmişdi, çörəyi də yox idi. Xalq yiyəsiz, kimsəsiz, başsız halda təhlükə pəncəsində qorxu çəkirdi. 1992-ci il yanvarın 28-də isə Xocalı şəhərini böyüdüb rayon etmişdilər. Təəssüflər olsun ki, həmin fərmanı imzalayanlar çoxdan o rayonu da, orada yaşayanları da unutmuşdular. Bəs o fərman imzalayanlara real məlumat çatdırılırdımı?”

Musavat.com rayonun baş prokuroru Atakişi Atakişiyevin 1991-ci il dekabrın 27-də respublika rəhbərliyinə göndərdiyi xəbərdarlıq teleqramını təqdim edir:

“ - Təcili teleqrafla, Bakı, Azərbaycan Respublikasının prezidenti A. Mütəllibov yoldaşa:

AYAZ.jpg (112 KB)

Surəti Respublika prokuroru Murad Babayev yoldaşa:

Sizə müraciət edərək bildirirəm ki, DQMV-nin Cəmilli və Tuğ kəndlərindən azərbaycanlıları erməni quldurları çıxartmışlar. Malıbəylidə vəziyyət olduqca ağırdır. Dağğlıq Qarabağda erməni quldurları üçün ən təhlükəli yer Xocalıdır. Çünki Xocalı Əsgəranın və Stepanakertin ortasında yerləşir. Burada dəmir yolu və aeroport vardır. Xocalı şəhərinə Əsgəran ilə Stepanakert arasında olan yol 25-30 gündür ki, kəsilmişdir. Gediş-gəliş yoxdur. Bu günə kimi belə çətin vəziyyətdə heç bir kömək olmadan yaşayırıq. Xüsusilə yerli milis şöbəsi, aeroport milisi, öz yaratdığımız milli müdafiə dəstələri fədakarlıq göstərir. Buna baxmayaraq, vəziyyət getdikcə çətinləşir. Ona görə ki, 25-30 gündür yol işləmir. Vertolyot işləmir. Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə qərargah indiyə kimi bizə heç bir kömək edə bilməmişdir. 10 gündür ki, maşın, heç bir şey işləmir. Ərzaq malımız yoxdur. Müharibə vəziyyətində bütün bunlara dözmək olar. Lakin bir şeyə dözmək mümkün deyil - hər şeyimiz qurtarmışdır. Bizi başa düşün ki, nə demək istəyirik. Artıq xalq Xocalını tərk etmək üzrədir.

Əziz rəhbərimiz, Xocalı əhalisi Xocalını tərk etdikdə Əsgəranla Stepanakert (Xankəndi) arası açılacaq. Azərbaycanın bu işlərdə çəkdiyi əziyyət hədər olacaq. Sonra DQMV-də vəziyyət daha da ağırlaşacaq. Onu bilirəm ki, hələ Xocalı şəhərini bu günə kimi heç kim gözüylə görüb müşahidə edib məlumat çatdırmayıb. Sizdən artıq xahiş edirik ki, bizə lazım olan şeyləri çatdırasınız. Köməklik edəsiniz. Xocalıda heç bir idarə, müəssisə, məktəb və kolxoz, sovxoz işləmir, fəaliyyəti dayanmışdır. Əziz rəhbərlərim, yaralıları aparmağa təcili yardım maşını yoxdur. Yaralıları heç bir yerə aparmaq mümkün deyil. Adi sarğı materialı da yoxdur. Açıq müharibə şəraitində yaşamaq çətindir. Biz sizdən təxirə salınmadan kömək və ümid gözləyirik. Əziz rəhbərlərim, sonra bizim üçün gec olar. Xocalıda un da yoxdur. Bizə təcili yardım edin”.

Sabiq prokurorun bu teleqramına o vaxt əhəmiyyət verilməyib.

Şahanə Rəhimli
Musavat.com

21.08.2024 11:39
1934