Bu yaz Xocalıda 50 evin çırağı yanacaq. Hazırda əsas işlər Xocalının mərkəzindən keçən magistral yolun ətrafında gedir.
Bakı Abadlı Xidmətindən alınan məlumata görə, əsas yol, ətrafında salınmış yaşıllıqlarla birgə, 14 metrə qədər genişlənəcək. 167 hektar ərazidə, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən xüsusi nömrələnmiş 113 ev yenilənir. Bu bahar Xocalıya 50 ailənin qayıdacağı gözlənilir. Köç prosesi sürətləndikcə, xocalılar yolboyu səliqə ilə düzülmüş 200-ə yaxın müasir, rahat həyət evlərində yaşayacaqlar.
Biri beşmərtəbəli, digərləri 2-3 mərtəbəli 110 mənzillik binalar da tədricən istifadəyə veriləcək. Bundan əlavə, 18 hektar ərazidə “fin evləri” adlanan 92 kottecin təmiri bitmək üzrədir.
Tikinti ilə paralel olaraq müasir şəhər kimi dirçələcək Xocalıda böyük abadlıq işləri görülür - ağaclar budanır, yaşıllıqlar salınır.
Bakı Abadlıq Xidmətinin landşaft memarı Ahmet Erenin sözlərinə görə, Xocalıda çaykənarı, eynən Laçında, Həkəri ətrafında salınmış bulvar kimi gəzinti, istirahət yerinə çevriləcək. İlk sakinlərin köçməsi ilə şəhərdə iaşə obyektləri fəaliyyətə başlayacaq, müəssisələrin işi bərpa ediləcək. Artıq indidən yerli sakinlər quruculuq prosesinə cəlb ediliblər. Bakı Abadlıq Xidmətinin əməkdaşlıq etdiyi 9 tikinti və 5 kommunikasiya şirkətinin personalında Xocalı sakinlərinə üstünlük verilir. (Oxu.az)