Bir müddət əvvəl Xocalıda aşkar olunan kütləvi məzarlıqdan tapılan 9 nəfərin kimliyi məlum olub. Onların qalıqları işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı aşkarlanıb.
Kimliyi müəyyən olunan şəxslərdən biri də Məhərrəmova Bəsirədir. O, Xankəndi şəhər sakini olub və 1954-cü ildə anadan olub. Bəsirə Məhərrəmova Xocalı faciəsi zamanı itkin düşüb.
Elşad Eyvazlının “Böyüməyən uşaqlar” kitabında qeyd olunur ki, Bəsirə Məhərrəmovanın qızı Vəsilə Məhərrəmova Xocalı soyqırımından çıxmış və hər iki valideynini itirmiş 25 uşaqdan biri idi. Vəsilə Məhərrəmovanın atası Vaqif Məhərrəmov da Xocalı soyqırımının qurbanıdır.
“O günlər barədə danışmaq mənim üçün həmişə çox çətin olub. Ürəyim qubar bağlayıb. Üstündən neçə il keçsə də. Hələ 1991-ci ilin dekabrında anam bizi Ağdama gətirmişdi. Bibimgilə. Anam Xocalıya qayıdanda bibim yolunu kəsdi ki, sən hara gedirsən? Qal burada, uşaqlarının yanında. Amma anam razı olmadı. Dedi ki, evdə ərini tək qoyub, burada qala bilməz... O gedən getdi. Bir daha üzünü görmədik. Nə biləydik ki, daha onu görməyəcəyik”, - deyə Vəsilə Məhərrəmova müəllifə bildirib.
Vəsilə Məhərrəmova anasının qalıqlarının tapılmasından sonra Modern.az-a müsahibə verib.
- 32 ildən sonra Xocalı şəhəri azad edildikdə, valideynlərinizin qalıqlarının tapılacağına ümid edirdinizmi?
- İndiyə qədər valideynlərimizin sağ olub-olmamaları ilə bağlı məlumatımız yox idi. “Gördüm” deyən olmamışdı. Bizim məhəllədə qəbir tapılandan sonra ümidlərimiz də çoxaldı. Ancaq şükür edirik ki, heç olmasa, qalıqları tapıldı. Anamız tapıldı, atamızı gözləyirik.
- Tapılan sümüklərin valideyninizə aid olub-olmadığını yoxlamaq üçün sizdən nümunə götürülmüşdümü?
- Anam üçün uşaqlardan yox, xalamla dayımdan nümunə götürmüşdülər. Atam üçün nümunə götürülmədiyinə görə elə indi analiz verməyə gedirik. Dua edirik ki, atam da tapılsın.
Fotoda: Vəsilə Məhərrəmova qardaş və bacısı ilə Xocalıda olarkən...
- Tapılmasını gözlədiyiniz başqa yaxınlarınız, qohumlarınız da varmı?
- Xeyr, ancaq anam və atam idi. Toplu məzarlıqdakıların çox güman ki, əksəriyyəti bizim qonşularımızdır.
- Xocalı artıq azaddır. Valideyniniz Xocalıda dəfn olunacaq?
- Bu barədə məlumatımız yoxdur. Məsələ ilə əlaqədar heç bir qurum bizə informasiya verməyib.
- Bəs ananızın qalıqlarının tapıldığını eşitdikdə ilk hansı təəssüratı keçirdiniz?
- Bilirsiniz, hisslərimizi sözlə ifadə etmək çətindir. Ümid edirdik ki, sağdırlar, amma belə olmağı... İndi sadəcə şükür edirik ki, tapıldılar. Prezidentimizə minnətdaram. Allah Ordumuzu qorusun. Onların sayəsində valideynlərimiz tapılır.
- Bu vəhşiliyi Ermənistan tərəfi həyata keçirib. Ermənistanı məhkəməyə verəcəksiniz?
- Allah ermənilərə bizim başımıza gələn müsibətdən də betərini yaşatsın! Elə də yaşatdı. Ordumuz sağ olsun, Allah şəhidlərimizə rəhmət eləsin! Onların sayəsində biz bu gün anamıza, atamıza qovuşuruq. Ermənistanı Avropaya və başqa beynəlxalq məhkəmələrə verməliyəm. Anamın nə günahı vardı? Mən nə bilim ki, onlar ona nə zülmlər, işgəncələr veriblər. Avropa indi bizə nəsə etmək istəyir. Fakt bizə qarşı soyqırımı törədiblər. Mənim soyum kəsilib. Bununla bağlı hələ ki, bizim qurumlarla əlaqəmiz olmayıb.
Qeyd edək ki, məhkəmə-genetik ekspertizasının hazırkı mərhələsində 9 nəfərin şəxsiyyəti müəyyən edilib. Onlar Ağaəli Naib oğlu Əliyev, Sürəyya Behbud qızı Əliyeva, Akif Seydulla oğlu Mahmudov, Xəzər Səyavuş oğlu Səlimov, Tamilla Ağamirzə qızı Səlimova, Əli Müsül oğlu Cavadov, İsmayıl Bəhman oğlu İsmayılov, Bəsirə Vəli qızı Məhərrəmova, Şiraslan Məlik oğlu Nəcəfovdur.