Azərbaycan Prezidentinin prinsipial siyasəti və diplomatik səyləri nəticəsində dünyanın bir sıra ölkələrinin parlamentləri, beynəlxalq təşkilatlar Xocalı hadisələrini soyqırımı kimi tanıyıb
Bu gün Ermənistan silahlı birləşmələrinin, erməni terror qruplarının və SSRİ-dən qalma 366-cı motoatıcı alayın Xocalıda azərbaycanlı əhaliyə qarşı törədiyi soyqırımından 33 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda insanlıq əleyhinə törədilmiş bu qətliam nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Onlardan 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi indiyədək məlum deyil.
Xocalı soyqırımı Azərbaycanın müasir tarixinə qara hərflərlə yazılmış ən qanlı səhifələrdən biridir. Bu qətliam təkcə Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, insan hüquqlarına və beynəlxalq hüquq normalarına qarşı törədilmiş bir cinayət idi. Bu dəhşətli gecədə insanlar yalnız öldürülmədi, eyni zamanda onlara qarşı misli görünməmiş vəhşiliklər törədildi: başları kəsildi, hamilə qadınların qarınları yarıldı, azyaşlı uşaqlar xüsusi qəddarlıqla öldürüldü. Ermənistan silahlı qüvvələri azərbaycanlılara qarşı yalnız silahlarla deyil, mənəvi və psixoloji terrorla da hücum etdilər. Bir çox ailə həmin gecə tamamilə məhv edildi, şəhər yerlə-yeksan edildi, qaçmağa çalışan insanlar isə meşələrdə və dağlarda donaraq həyatlarını itirdilər. Xocalı faciəsi Azərbaycanın müstəqillik yolunda keçdiyi ən ağır sınaqlardan biri oldu. Bu hadisə təkcə bir şəhərin deyil, bütöv bir millətin ürəyində dərin bir yara açdı. Xalqımız üçün Xocalı təkcə bir faciə deyil, həm də ədalət uğrunda mübarizənin simvoluna çevrildi.
Xocalı faciəsini dünyaya tanıtmaq və ədalətin bərpa olunması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti sistemli və ardıcıl siyasət yeridir. Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Xocalı faciəsinin beynəlxalq miqyasda tanıdılması istiqamətində mühüm nailiyyətlər əldə olunub. Bu istiqamətdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın danılmaz xidmətləri sayəsində həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası soyqırımı həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayıb. Bu kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrində beynəlxalq tədbirlər, sərgilər, konfranslar keçirilib, Xocalı qurbanlarının xatirəsinə abidələr ucaldılıb.
Azərbaycan Prezidentinin prinsipial siyasəti və diplomatik səyləri nəticəsində dünyanın bir sıra ölkələrinin parlamentləri, beynəlxalq təşkilatlar Xocalı hadisələrini soyqırımı kimi tanıyıb və bu cinayətin hüquqi-siyasi qiymətini verib. Azərbaycan dövlətinin həyata keçirdiyi informasiya siyasəti sayəsində Xocalı qətliamı beynəlxalq medianın gündəminə çevrilib, dünya ictimaiyyəti bu vəhşiliklərdən xəbərdar olub. Dövlət başçısı dəfələrlə öz çıxışlarında vurğulayıb ki, bu cinayəti törədənlər tarixi ədalət qarşısında cavab verməlidirlər. Prezident İlham Əliyev Xocalı faciəsinin unutdurulmaması və gələcək nəsillərin bu dəhşətli soyqırımı barədə həqiqətləri bilməsi üçün dövlət səviyyəsində davamlı tədbirlər həyata keçirilməsini təmin edib. Hər il Xocalı soyqırımı günü Azərbaycanın müxtəlif bölgələrində və dünyanın bir sıra dövlətlərinin paytaxtlarında anım tədbirləri keçirilir. Bundan əlavə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsində tarixi ədaləti bərpa edərək, işğal altında olan torpaqlarını azad etdi. Bu zəfər yalnız ərazi bütövlüyümüzün bərpası deyil, həm də Xocalı qurbanlarının ruhuna bir haqq savaşının nəticəsi idi. Otuz il davam edən işğalın sona çatması ilə Azərbaycan xalqı nəinki torpaqlarını geri qaytardı, həm də beynəlxalq hüququn real güc qarşısında ədalətsiz şəkildə necə ayaqlar altına atıldığını dünyaya nümayiş etdirdi. İkinci Qarabağ müharibəsi 2020-ci ilin sentyabrın 27-də başladı və 44 gün ərzində Azərbaycanın şanlı Qələbəsi ilə nəticələndi. Ermənilərin ölkəmizə cavab tədbiri kimi başlanılan müharibənin ilk günlərindən Azərbaycan Ordusu işğal altında olan bir sıra strateji əraziləri azad etdi. Bu Qələbə Azərbaycan Ordusunun şücaəti, xalqın birliyi və Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi sayəsində mümkün oldu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə aparılan hərbi əməliyyatlar təkcə döyüş meydanında deyil, eyni zamanda diplomatiya sahəsində də Azərbaycanın mövqeyini gücləndirdi.
Elman Məmmədov
Xocalının deputatı Elman Məmmədov bildirdi ki, Xocalı il yarıma yaxındır azaddır və bu müddətdə abadlıq, quruculuq işləri həyata keçirilir: “Xocalının bərpa edilməsi prosesi Azərbaycanın gücünü və iradəsini dünyaya nümayiş etdirən bir mərhələdir. Bu, yalnız bir şəhərin fiziki infrastrukturunun yenidən qurulmasından ibarət deyil, həm də Xocalı torpaqlarında həyatın, mədəniyyətin, təhsilin, iqtisadiyyatın, sosial fəaliyyətin yenidən canlanması deməkdir. Şəhərin bərpası insanların öz doğma yurdlarına geri dönməsi və orada öz yaşamlarını davam etdirməsi deməkdir. Xocalı bu gün Azərbaycan xalqının əzmkarlığının, iradəsinin və qələbə əzminin canlı simvoluna çevrilir”.
Səbinə Salmanova
Milli Məclisin deputatı Səbinə Salmanova isə bildirdi ki, insanlıq əleyhinə cinayət olan Xocalı soyqırımı yarası aradan onilliklər, əsrlər ötsə də xalqımızın qəlbindən heç vaxt silinməyəcək: “Hazırda Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas məqsədlərdən biri Xocalıda baş verənlərin beynəlxalq ictimaiyyət tərəfindən soyqırımı kimi tanınması, eləcə də beynəlxalq hüquq tərəfindən soyqırımı cinayəti kimi tövsif olunmasıdır. Birinci istiqamət üzrə artıq müsbət nəticələr var. Belə ki, erməni yalanlarının ifşası və Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində görülən işlərin nəticəsi olaraq 17 dövlətin milli qanunvericilik orqanı, İslam Əməkdaşlıq Təşkilatı və ABŞ-ın 22 ştatı Xocalı hadisələrinin soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi tanınmasına dair qətnamə və qərarlar qəbul ediblər.
Xocalıda baş verənlərin beynəlxalq hüquq tərəfindən soyqırımı cinayəti kimi tövsif olunmasına gəldikdə isə bunun üçün kifayət qədər hüquqi əsaslar var. Bu xüsusda öncə onu qeyd etmək istərdim ki, Xocalıda dinc və mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətin istintaqı, bu cinayətin təşkili və törədilməsində iştirak etmiş təqsirkar şəxslərin müəyyənləşdirilib hüquqi məsuliyyətə cəlb olunması, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədilə yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən aparılan istintaq zamanı müəyyən olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xocalıya hücumu zamanı xilas olmaq istəyən mülki azərbaycanlı əhali əvvəlcədən planlaşdırılmış şəkildə güllələnərək qətlə yetirilib. Ən dəhşətlisi budur ki, həmin vaxt hətta yaşlılar və uşaqlar ən qəddar üsullarla qətlə yetiriliblər. Bütün bunlar ermənilərin 1992-ci ildə Xocalıda törətdiyi qətliamın kökündə məhz soyqırımı niyyətlərinin dayandığını aydın göstərir. “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya ermənilərin Xocalı və digər yaşayış məntəqələrində azərbaycanlılara qarşı cinayətlərini soyqırımı kimi tövsif etməyə tam imkan verir".
Deputat dedi ki, Xocalı faciəsi xalqımızın qəlbində əbədi qübar bağlayıb. Amma bizə təsəlli verən odur ki, Xocalı artıq azaddır: “Artıq Xocalıda həyat yenidən qaynayır, şəhər yenidən dirçəlir. Cəmi bir neçə gün əvvəl Xocalıda 33 ildən sonra ilk körpə dünyaya gəlib. Ona görə həm də Xocalıda şəhidlərin ruhu artıq rahatdır”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”