Kamil Zeynallı olayının ortaya çıxardığı həqiqətlər; ekspertlərin maraqlı şərhi
Kamil Zeynallı ilə bağlı məsələdə hələ də bəzi suallar açıq qalır. Onlardan biri də budur ki, baş verən olay konkret Rusiya rəhbərliyindən gələn göstəriş idi, yoxsa hansısa anti-Azərbaycan çevrəsinin və ya Rusiyadakı erməni lobbisinin özfəaliyyəti?
Bəs insidentin təkrarlanmaması üçün Azərbaycan dövləti nə etməli, hansı ön tədbirlər görməlidir? Moskva bununla bizə nəyin mesajını verir? İkitərəfli münasibətlərdə hadisənin hansısa neqativ iz saxlaması mümkünmü?
Bu arada Ermənistan DİN-in mətbuat katibi deyib ki, Kamil Zeynallı ilə bağlı Rusiya hüquq-mühafizə orqanlarına müraciət ediləcək. “Ermənistan Daxili İşlər Nazirliyi Ermənistan tərəfindən beynəlxalq axtarışa verilmiş azərbaycanlı Kamil Zeynallı ilə bağlı Rusiyadan rəsmi məktub alıb. Daxili İşlər Nazirliyi Zeynallının Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini təsdiqləyib. Mühafizəli həbs tədbiri olmalıdır”, - Narek Sərkisyan deyib və iddia edib ki, Zeynallı qətldə ittiham olunaraq beynəlxalq axtarışa verilib.
Göründüyü kimi, erməni sırtıqlığı, erməni şantajı sərhəd tanımır. Bu aşırı həyasızlığın qarşısında Azərbaycan niyə də Xocalı canilərinin (Sərkisyan, Köçəryan, Ohanyan, Balasanyan və s.) Bakıya təhvil verilməsi üçün birbaşa N.Paşinyan hökumətinə müraciət etməsin? Axı bu ikiayaqlı məxluqlar öz cinayətlərini Azərbaycan ərazisində törədiblər. Məhz onların “əməllərinin” nəticəsidir ki, az qala hər həftə azad edilmiş ərazilərdə kütləvi məzarlıqlar aşkar olunur. Azərbaycan vətəndaşı Kamil Zeynallı isə hətta Qarabağda nəsə törədibsə belə, hansı hüquqi əsasla o, Ermənistanda mühakimə edilməlidir, öz dövlətində yox? Bakı hərbi canilərlə bağlı Ermənistana da müraciət edəcəkmi?
Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Ermənistan Respublikasının rəsmi reaksiyasının necə olacağı və bu insidentlə bağlı hansı addımların atılacağı sualına cavab verərkən deyib ki, İrəvan tərəfindən axtarışda olan Kamil Zeynallının Rusiya tərəfindən Bakıya ekstradisiyası ilə bağlı Ermənistan müvafiq tədbirlər görəcək: “Əminəm ki, tədbirlər olacaq, amma indi təfərrüatlara varmayacağam, çünki bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının da iştirakı ilə kollegiyal müzakirə aparılmalıdır”. O əlavə edib ki, rəsmi reaksiyanı gözləmək lazımdır.
Xatırladaq ki, baş prokuror Kamran Əliyev mətbuata açıqlamasında bildirmişdi ki, Azərbaycan ağır cinayətlər törətməkdə təqsirləndirilən 300-dən çox erməni separatçısını axtarışa verib. Onun sözlərinə görə, Qarabağ münaqişəsi başlayandan erməni separatçıları tərəfindən törədilən cinayətlərin hamısı qeydə alınıb: “Bizim tərəfimizdən həmin cinayətlərlə bağlı sübutlar toplanıb. Ümumilikdə belə 300 cinayət işi açılıb. 300-dən çox cinayət törətmiş şəxs beynəlxalq axtarışa verilib. Həmin işlərlə bağlı kifayər qədər sübut var. Təqsirsizlik prezumsiyasını pozmaq istəmədiyim üçün bu barədə çox danışmaq istəmirəm. Lakin qısa zamanda bu barədə ictimaiyyətə məlumat veriləcək”.
Çingiz Qənizadə
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, erməni hərbi cinayətkarları uzun illərdir ki, beynəlxalq axtarışa verilib, lakin dövlətlərin məsələyə laqeyd münasibəti Azərbaycanın haqlı tələbinin yerinə yetirilməməsi ilə nəticələnir: “Beynəlxalq axtarışa verilmiş şəxslərin saxlanılmasından sonrakı prosedurlarda əsas rolu şəxsi axtarışa verən ölkənin prokurorluq orqanları oynayır. Ermənistan Daxili İşlər Nazirliyinin sorğu göndərəcəyi, Rusiyadan hər hansı tələbin olması barədə fikirlər sərsəmlikdir. Ermənistan prokurorluğunun belə bir səlahiyyəti var, lakin bu artıq bitmiş məsələdir. Kamil Zeynallının olmadığı ölkədə cinayət törətməsi absurd iddiadır. Buna görə də hüquq-mühafizə orqanları onu dərhal buraxdılar ki, onlara təşəkkür düşür. Hüquqi cəhətdən Azərbaycan Xocalı caniləri - Sərkisyan, Köçəryan, Ohanyan, Balasanyan və 366-cı alayın başqa komandirlərinin iştirakı ilə baş verən cinayətlərə görə Ermənistandan onları tələb edə bilər. Amma Ermənistan onları verəcəkmi? Azərbaycan bu cinayətkarları tutulması üçün beynəlxalq axtarışa verib. Digər dövlətlərdən də bu, tələb olunur. Təəssüf ki, bu məsələyə olduqca laqeyd münasibət bəslənir. Axtarışla bağlı verilmiş təqdimatların, qərarların icrasına saymazyana münasibət göstərərək beynəlxalq hüquqa və dövlətlər arasında bağlanmış əməliyyat-axtarış və digər tədbirlərlə bağlı müqavilələrin hamısına göz yumurlar. Burada erməni müdafiəsi də nəzərə çarpır. Təəssüf ki, Azərbaycanın haqlı çağırışına heç bir dövlət müsbət reaksiya vermir”.
Mətin Məmmədli
Beynəlxalq Münsibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli “Yeni Müsavat”a şərhində Kamil Zeynallının saxlanmasının təsadüfi olmadığını qeyd etdi: “Kamil Zeynallının saxlanması və sərbəst buraxılması ilə bağlı müxtəlif versiyalar var. Mən də hesab edirəm ki, onun saxlanması təsadüfi məsələ deyil. Böyük ehtimalla Rusiyadakı anti-Azərbaycan dairələri, xüsusilə Rusiya hakimiyyətinə bağlı olanlar bizə mesaj vermək istəyiblər. Azərbaycan dövlətinin qətiyyətli mövqeyi Kamill Zeynallı məsələsinin qısa müddətdə həlli ilə nəticələndi. Yəni dövlətin xüsusi rolunu qeyd etmək lazımdır. Əlbəttə, bu kimi hallar ikitərəfli münasibətlərə təsir göstərir. Rusiya hakimiyyəti belə halların baş verməməsi üçün konkret addımlar atmaqdan çəkinməlidir. Belə bir həssas dönəmdə təkcə postsovet məkanında deyil, bütün dünyada cərəyan edən hadisələr fonunda Rusiya hakimiyyəti daha diqqətli davranmalıdır. Azərbaycan və Rusiya müxtəlif sahələrdə əməkdaşlıq edir, tərəfdaşdır. Hətta iki ölkə arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə də imzalanıb. Rusiya bir çox ölkələr tərəfindən təcrid olunmuş vəziyyətə salınıb. Rusiya tərəfdaş olduğu ölkələrlə münasibətlərinə xələl gəlməməsinə çalışmalıdır. O cümlədən dövlət və ayrı-ayrı vətəndaşlar da diqqətli olmalı, ehtiyatlı davranmalıdırlar. Ermənistan tərəfindən heç bir hüquqi əsası olmayan iddialar əsasında haqqında həbs qərarı çıxarılmış vətəndaşlar ehtiyatlı davranmalıdır, xarici ölkələrə səfər edərkən bunu nəzərə almalıdırlar”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”