Xəzinə “tapan” Şəki sakinini HANSI CƏZA GÖZLƏYİR? – AÇIQLAMA

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində qədim tarixə malik sikkələri satmaq istəyən rayon sakini Bəhram Abdurahmanov saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bu barədə ötən gün yaydığı məlumata görə, ondan 73 ədəd sikkə götürülərək müvafiq ekspertizalara təqdim olunub.

Ekspertizaların rəylərinə əsasən, həmin predmetlərin VII əsrdə pul vahidi kimi istifadə edilən və Azərbaycanın milli mədəni irs siyahısına aid olan gümüş sikkələr olduğu müəyyən edilib. Götürülmüş sikkələr saxlanılması üçün aidiyyəti üzrə Şəki Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib.

Saxlanılan B.Abdurahmanov polisə ifadəsində bildirib ki, sikkələri qışda heyvan otararkən dağın yamacından tapıb və evinə aparıb. Bu günlərdə ona pul lazım olduğu üçün sikkələri satmaq qərarına gəlib. Elə həmin vaxt da polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu hadisə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Ayrı-ayrı vətəndaşlar öz rəylərində aşağıda qeyd olunan sualları qeyd ediblər: Şəki şəhər sakini Bəhram Abdurahmanovun əməlində qanunazidd nə var? Məgər hər hansı tapıntı onu tapan şəxsin əmlakı sayılmırmı? Əgər bir vətəndaş tapdığı əşyanı satırsa, bu, cinayət əməli sayılmalıdırmı? Tutaq ki, heç o, bu sikkələri tapmayıb, ulu babasından ona miras qalıb, indi də satmağa çalışıb, burada qeyri-qanuni nə var ki? Hazırda polis tərəfindən saxlanılan Şəki sakinini hansı cəza gözləyir?

Medianews.az bu suallarla bağlı sabiq prokurorluq əməkdaşı, hüquq müdafiəçisi Rüfət Səfərova müraciət edib. O bildirib ki, sözügedən xəbəri Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşdad Hacıyev sosial şəbəkədə hesabında paylaşıb.

Qeyd edib ki, Şəki şəhər sakini şəxs Cinayət Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunmalıdır: “Rəsmi informasiyada qeyd olunur ki,  Şəkidə VII əsrə aid gümüş sikkələri satmaq istəyən şəxs saxlanılıb. Ondan 73 ədəd sikkə götürülərək müvafiq ekspertizalara təqdim olunub. Sözsüz ki, artıq araşdırmaya başlanılıb. Mən cinayət işinin detallarına, subyektiv və obyektiv cəhətlə bələd deyiləm. Lakin qeyri-rəsmi yayılan məlumatlarda göstərilir ki, saxlanılan şəxs mədəni abidənin ərazisində qazıntı işi aparıb, talayıb. Lakin hansı abidədən söhbət gedir, bu barədə açıqlama yoxdur. Əgər doğurdan da sözügedən şəxs mədəni abidə ərazisində qazıntı işi aparıbsa, bu halda şəxs Cinayət Məcəlləsinin 183.1-ci Maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunmalıdır. Çünki, burada xüsusi tarixi, elmi, ədəbi və ya mədəni dəyəri olan əşyaları və ya sənədləri üsulundan asılı olmayaraq, talamadan bəhs olunur. Şəxsi əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir”.

@@TVmusavat/94835@@

06.09.2024 10:40
1735