Azərbaycandan Avropaya elektrik enerjisi nəql edəcək kabelin çəkilməsi layihəsinin iştirakçıları arta bilər. Özü də Xəzərin o tayındakı ölkələrin hesabına. Bu il noyabrın 14-də Bakıda “Mərkəzi Asiyadan Azərbaycan vasitəsilə elektrik enerjisinin ixracı perspektivləri” adlı tədbir keçirilib. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov X (keçmiş Twitter) hesabında yazıb ki, tədbirdə Özbəkistan və Qazaxıstan elektrik enerjisinin Avropaya nəqli imkanları müzakirə edilib: “Azərbaycanın energetika naziri, həmkarım Pərviz Şahbazovla birlikdə iştirak etdiyimiz Azərbaycan, Özbəkistan və Qazaxıstanın iqtisadiyyat və energetika sahələri üzrə məsul nazirlərinin üçtərəfli görüşü iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi baxımından əhəmiyyətli olub. Ölkələrimiz arasında bərpa olunan enerjiyə fokuslanan tərəfdaşlığın inkişafı və Mərkəzi Asiya ölkələrindən elektrik enerjisinin nəqli imkanlarını müzakirə etdik”.
Daha sonra bu məsələ energetika naziri Pərviz Şahbazovun Budapeştdə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və energetika naziri Csaba Lantos ilə görüşlərində müzakirə olunub. Nazirliyin yaydığı məlumata görə, xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşdə yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə nazirlər iclasının nəticələrindən məmnunluq ifadə edilib və Birgə Müəssisənin yaradılması ilə bağlı proseslərin sürətləndirilməsinin vacibliyi qeyd olunub. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin səmərəli layihə kimi reallaşmasında Azərbaycandan böyük həcmdə yaşıl enerjinin ötürülməsinin mühüm rol oynayacağı vurğulanıb. Həmçinin Özbəkistan və Qazaxıstanın Mərkəzi Asiyadan elektrik enerjisinin bu dəhliz vasitəsilə Avropaya ötürülməsində maraqlı olduqları diqqətə çatdırılıb.
Qeyd edək ki, 2022-ci ilin dekabrında Buxarestdə i “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Peter Siyartonun verdiyi məlumata görə, Avropa Komissiyası sazişdə nəzərdə tutulan Qara dənizin dibi ilə 1195 kilometrlik kabelin çəkilişi üçün 2,3 milyard avro vəsait ayırıb. Azərbaycandan Avropaya elektrik enerjisi ötürəcək sualtı kabel xəttinin çəkilməsi layihəsinin texniki-iqtisadi əsaslandırmasını İtaliya şirkəti hazırlayır. Dünya Bankının ayırdığı 2,5 milyon avro hesabına maliyyələşən əsaslandırma 2023-cü ilin sonuna hazır olacaq. 2024-cü ildən etibarən layihənin icrasına başlanması və 3-4 ilə yekunlaşdırılması nəzərdə tutulur.
Bu ilin iyulunda sazişin iştirakçısı olan dörd ölkə arasında birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb.
Son gəlişmələr göstərir ki, layihəyə Qazaxıstan və Özbəkistan da qoşulmağa maraq göstərir. Bu isə layihənin daha da genişlənərək, Asiyanı Avropaya birləşdirəcək nəhəng beynəlxalq layihəyə çevrilməsi demək ola bilər. Həm Qazaxıstan, həm də Özbəkistan Mərkəzi Asiya regionunun aparıcı ölkələridir. Azərbaycan hər iki dövlətlə həm Transxəzər beynəlxalq nəqliyyat dəhlizi layihəsi, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində çox səmərəli əməkdaşlıq münasibətlərindədir. Bu baxımdan, dost ölkələrin daha bir layihədə birgə çalışması ölkəmiz üçün daha səmərəli mühitin yaranması demək olar.
Aydındır ki, Qazaxıstan və Özbəkistandan enerjinin Azərbaycana çatdırılması üçün Xəzər dənizinin dibi ilə kabel xəttinin çəkilməsi lazım gələcək.
Enerji məsələləri üzrə ekspert İlham Şabanın fikrincə, belə bir variant kifayət qədər realdır: “Qaz xəttinə baxmayın, onunla bağlı siyasi-iqtisadi maraqlar çox yüksəkdir. Amma Qazaxıstan sahillərindən Xəzərin bu tayına enerji ötürəcək kabelin çəkilməsi çox daha real və icrası mümkün olan məsələdir. Faktiki olaraq, bu gün Qazaxıstanın Aktau limanından Bakı şəhərinə optik kabelin çəkilməsi layihəsi tam hazır vəziyyətdədir: kabelin haradan keçəcəyi, ötürücülük gücü, layihə dəyəri və sair tam işlənib hazırlanıb. Yaxın 1-2 ildə onun çəkilməsi başa çatdırılacaq. Bu halda, nəyə görə onun yanı ilə bir dənə də elektrik enerjisi ötürən kabel çəkilməsin ki? Özü də deyim ki, Xəzərin dibi ilə kabel xəttinin çəkilməsi sahəsində Azərbaycanın təcrübəsi çoxdan var. 20-ci əsrin əvvəllərində Türkmənistanın Krasnovodsk - indiki Türkmənbaşı limanından Bakıya sualtı teleqraf xətti çəkilib. Bu xətt uzunluğuna görə dünyada sualtı çəkilən ən uzun xətt olub. Sonradan bu xətt yenilənib, indi də fəaliyyət göstərir”.
Ekspertin sözlərinə görə, Azərbaycana məxsus Neft Daşlarında istehsal olunan elektrik enerjisi 21-22 km aralıdakı platformalara sualtı kabellərlə çatdırılır: “Yəni bizim bu sahədə təcrübəmiz var. Lakin min meqavattlarla enerjini ötürəcək kabelin çəkilməsi üçün daha böyük və müasir texnologiyalara ehtiyac olacaq və yəqin ki, xarici şirkətlər də layihədə iştirak edəcəklər. Bu layihə bizim üçün çox səmərəli ola bilər. Ötən ilin dekabrına qədər kiminsə ağlına gəlməzdi ki, Azərbaycan Avropaya elektrik enerjisi ixracatçısına çevriləcək. Amma dünən (noyabrın 21-də) Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya nazirlərinin görüşündə məlum oldu ki, artıq bunu reallığa çevirəcək layihənin icrasına başlanır. Azərbaycan Avropaya ixracı təmin etmək üçün böyük yaşıl enerji layihələrinin icrasına başlayır. Əgər Xəzərin o tayının enerjisini də bura əlavə etmək mümkün olarsa, bu, lap yaxşı olar. Yəni Azərbaycan bundan uduzmaz”.
Qeyd edək ki, hazırda Qazaxıstanın enerji təminatı daxili tələbatı ödəməyə ancaq çatır. 1 yanvar 2023-cü il tarixinə ölkədə elektrik enerjisi istehsalı 204 elektrik stansiyası (74 ənənəvi, 130 bərpa olunan enerji) tərəfindən həyata keçirilir. Qazaxıstanda elektrik stansiyalarının ümumi quraşdırılmış gücü 24523,7 MVt, mövcud gücü 19024,3 MVt təşkil edir. Eyni zamanda, bərpa olunan enerji mənbələrinin ümumi quraşdırılmış gücü 2388 MVt, o cümlədən külək elektrik stansiyaları - 957 MVt, günəş elektrik stansiyaları - 1149 MVt, su elektrik stansiyası (bundan sonra - SES) - 280 MVt, bioqaz elektrik stansiyaları - 2 MVt-dır.
2022-ci ildə Qazaxıstanda elektrik enerjisi istehsalı 112865,9 milyon kilovatsaat (2020-ci ildə - 108085,8 milyon kilovatsaat, 2021-ci ildə - 114447,9 milyon kilovatsaat), elektrik enerjisi istehlakı isə 112 944,6 milyon kilovatsaat (2020-ci ildə 107 344,8 milyon kilovatsaat, 2021-ci ildə 113 890,3 milyon kilovatsaat) təşkil edib. İstehsal güclərinin çatışmazlığı ilə əlaqədar elektrik enerjisi və enerjinin Proqnoz balanslarına (20 yanvar 2023-cü il tarixli 20 nömrəli Sərəncamla təsdiq edilmiş) əsasən 2023-2029-cu illərdə kəsir proqnozlaşdırılır. Yeni istehsal gücləri istifadəyə verilməsə bu kəsir 2023-cü ildə - 0,8 milyard kilovatsaat, 2024-cü ildə - 1,6 milyard kilovatsaat, 2025-ci ildə - 1,6 milyard kilovatsaat, 2028-ci ildə - 1,3 milyard kilovatsaat, 2029-cu ildə - 5,5 milyard kilovatsaat olacaq.
Qazaxıstanda elektrik enerjisinin 70 faizdən çoxu kömürdən, 15 faizi su ehtiyatlarından, 10 faizi qazdan, 5 faizə yaxını isə neft məhsullarından əldə olunur.
Qazaxıstan hökumətinin qəbul etdiyi strategiyaya əsasən, 2029-cu ilədək ölkədə enerji istehsalı, paylanması və satışı tamamilə bir-birindən ayrılmaqla dövlətsizləşdiriləcək, bərpa olunan enerji mənbələrindən istehsalın daxili tələbatı tam qarşılayacaq səviyyəyə çatdırılması və ixraca başlanması üçün xarici investorlar cəlb olunacaq.
Özbəkistana gəlincə, 2022-ci ildə bu ölkədə 74,3 milyard kilovatsaat elektrik enerjisi istehsal edilib. Bu, əvvəlki illə 3 milyard kilovatsaat və ya 4,2 faiz çoxdur. İl ərzində istehlakçılara 62,4 milyard kilovatsaat elektrik enerjisi verilib ki, bu da əvvəlki ildəkindən 3,2 milyard kilovatsaat və ya 5,5 faiz çoxdur. Göstəricilərin artımı ümumi gücü 1374 MVt olan altı istilik elektrik stansiyasının və 100 MVt gücündə bir günəş elektrik stansiyasının (GES) işə salınması ilə bağlıdır. Bu 7 stansiya ildə 11 milyard 300 milyon kilovatsaat elektrik enerjisi istehsal edir ki, bu da hər il 1 milyard 503 milyon kubmetr təbii qaza qənaət etməyə imkan verir. Bundan əlavə, nazirliklərin, idarələrin və yerli özünüidarəetmə orqanlarının binalarında ümumi gücü 49 MVt olan günəş panelləri quraşdırılıb.
2023-cü ilin yanvar-oktyabr aylarında Özbəkistanda 63,02 milyard kilovatsaat elektrik enerjisi istehsal edilib. Özbəkistanın Statistika Agentliyinin məlumatına görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisi istehsalının artımı 5,1faiz təşkil edib.
Son 4 ildə Özbəkistan 10,1 milyard dollar dəyərində 25 müasir elektrik stansiyasının tikintisinə dair müqavilələr bağlayıb və onlar 2026-cı ilin sonunadək istifadəyə veriləcək. Ümumi gücü 11,9 min MVt olan 25 elektrik stansiyasından doqquzu istilik, doqquzu günəş, yeddisi isə külək enerjisi ilə işləyəcək. Agentlikdən bildirildiyinə görə, onların istismara verilməsi Özbəkistanın enerji sisteminin mövcud gücünün 60 faiz artmasına səbəb olacaq. Buraya 4,3 min MVt gücündə yaşıl elektrik stansiyalarının işə salınması da daxildir. İri günəş və külək elektrik stansiyaları 2,1 min MVt təşkil edəcək. Günəş panellərinin quraşdırılacağı evlər, müəssisələr və sosial obyektlər üçün - 1,2 min MVt.
Dünya SAKİT,
“Yeni Müsavat”