Xəzərdə suitilərin kütləvi ölümünün İLGİNC səbəbləri...

Son günlər Qazaxıstanın Mangistau vilayətində Xəzər dənizinin sahilində xeyli sayda ölü suiti qeydə alınıb. Son bir həftədə sahilboyu monitorinqlər zamanı 289 baş heyvanın öldüyü aşkar edilib. Bu bölgədə suitilərin ölüm halları əvvəllər də qeydə alınıb.

Dünyanın ən kiçik qulaqsız suiti növlərindən sayılan məməlinin sayı XX əsrin sonlarından azalmağa başlayıb. XIX əsrin sonlarında Xəzərdə suitilərin sayı 1 milyondan çox idisə, 1990-cı illərin ortalarında brokonyerlik, çirklənmə və digər səbəblərdən bu göstərici xeyli aşağı düşüb.

Xəzər suitiləri 50 ilə qədər ömür sürə bilirlər. Şimaldan cənuba və geriyə ilboyu səyahət edən suitilər 5 ölkəni payızın əvvəlinə qədər sahilbəsahil gəzirlər.

Dəniz canlılarının ölüm səbəbləri müvafiq laboratoriya araşdırmalarından sonra məlum olacaq. Xəzərin Dağıstan sahillərində, eləcə də dənizin Azərbaycana aid hissəsində də suitilərin ölümü hallarına rast gəlinir. Mütəxəssislərin dediyinə görə, Xəzərdə suitilərin sayı sürətlə azalmaqdadır. Bildirilir ki, Xəzər dənizindəki ekoloji şərait suitilər üçün qənaətbəxş deyil. Xəzər suitisi endemik yırtıcı məməlidir. Onlar ancaq kilkə balıqları ilə qidalanırlar, bu balıqların sayı isə əvvəlki illərlə müqayisədə azalıb.

Bəs Xəzərdə suitilərin kütləvi ölümünün əsas səbəbləri nədir?

Mütəxəssislər bunu çoxsaylı ekoloji və antropogen (insan fəaliyyəti ilə bağlı) səbəblərlə izah edir və əsas səbəb kimi aşağıdakıları göstərirlər:

1. Çirklənmə: Xəzər dənizi sənaye tullantıları, neft sızıntıları, kimyəvi maddələr və plastik tullantılarla çirklənir. Bu çirkləndiricilər suyun keyfiyyətini pisləşdirir və suitilərin sağlamlığına ciddi zərər vurur.

2. Qida mənbəyinin azalması: Xəzər suitiləri əsasən kilkə balıqları ilə qidalanır. Son illərdə bu balıqların sayında azalma müşahidə olunur ki, bu da suitilərin qidalanmasında çətinlik yaradır və nəticədə onların immuniteti zəifləyir.

3. İqlim dəyişikliyi: İqlim dəyişikliyi Xəzər dənizinin temperaturunda dəyişikliklərə səbəb olur. Suitilər adətən soyuq suları sevirlər, amma dəniz temperaturunun artması onların yaşayış mühitini pisləşdirə bilər.

4. Virus və bakteriya infeksiyaları: Dəniz heyvanları, o cümlədən suitilər müxtəlif xəstəliklərə həssasdır. Çirklənmə və zəifləmiş immunitet səbəbilə suitilər viruslar və bakterial infeksiyalara qarşı daha həssas olurlar.

5. Brokonyerlik: Keçmişdə suitilər dəriləri və piyləri üçün ovlanırdı. Bu, azalmağı daha da sürətləndirib, nəticədə suitilərin sayında ciddi eniş yaranıb.

Beləliklə, bu səbəblərə görə suitilər zəifləmiş immunitet, yaşayış mühitinin pozulması və xəstəliklərə qarşı daha həssas olur, nəticədə kütləvi ölüm hallarına səbəb olur. Hazırda mütəxəssislər ölüm hallarını daha dəqiq araşdırmaq üçün laboratoriya analizləri aparır.

Xalidə Gəray
Musavat.com

09.11.2024 14:25
665