Xəzərdə balıqların kütləvi tələf olma səbəbi Açıqlandı - Video

Xəzər dənizinin Azərbaycan sahillərində kütləvi halda ölü balıqlar görünüb. Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Hövsan və Türkan qəsəbələrində çəkildiyi iddia olunan kadrlarda çoxlu sayda ölü balıq görünür. Hadisənin səbəbləri məlum deyil.

Musavat.com xəbər verir ki, məsələ Modern.az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, balıqların ölüm səbəbinin müəyyən edilməsi üçün Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib.

"Sudan və balıqlardan nümunələr götürülüb. Aparılacaq analizlərin nəticəsi əldə edildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək", - açıqlamada vurğulanır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ekoloq Rövşən Abbasovun sözlərinə görə, ilin bu zamanlarında sahillərdə, xüsusilə dayaz ərazilərdə suyun temperaturunun qızması nəticəsində şaquli sirkulyasiyanı qısalır:

"Bu halda oksigen suda daha çox qala bilmir və ayrılır. Bu da balıqların yaşam mühitinə ciddi təsir göstərir. Xəzər dənizinin səviyyəsi son illər sürətlə enir. Bu cür ərazilər artmaqdadır. Balıqların ölümləri bununla bağlıdır".

08.07.2024 14:25
1513