Xəzər: ABŞ üçün “süd gölü” – Rusiya-İran tandemi isə onu “qan gölü”nə çevirə bilər

ABŞ Xəzəryanı dövlətlərdə öz təsirini gücləndirmək niyyətindədir.

Rusiya mediasında gedən, bəlli bir çərçivədə qısqanclıq təzahürlərinin yer aldığı materialda göstərilir ki, yeni boru kəməri layihələri Amerikanın maraqlarını inkişaf etdirmək üçün əsas vasitələrdən biridir.
Bildirilir ki, Vaşinqton onların tikintisinə uzunmüddətli maraqlar və Rusiyanın regionda siyasi təsirini zəiflətmək ehtimalı kontekstində baxır. 2025-ci il may ayının sonunda ABŞ dövlət katibi Marko Rubio Türkmənistan qazını Avropa bazarına çatdırmaq üçün Türkmənistanı Azərbaycanla birləşdirməli olan trans-Xəzər qaz kəməri layihəsinə ABŞ administrasiyasının dəstəyini bir daha bəyan edib.

SSRİ-nin dağılmasından sonra karbohidrogen resurslarının hasilatı və Xəzər regionundan nəqli məsələləri ABŞ-ın bütün administrasiyalarının diqqət mərkəzində olub. Hələ ötən əsrin 90-cı illərinin ortalarından ABŞ Xəzər regionunda boru kəməri memarlığının inkişafına diqqəti artırıb. Xatırladaq ki, 1994-cü ilin sentyabrında Bakıda imzalanmış “Əsrin kontraktı” ABŞ-nin Xəzər regionuna ilk müdaxiləsi idi. Bu sazişin imzalanmasından 12-13 gün sonra ölkəmizdə baş nazir Surət Hüseynovun başçılığı ilə ikinci qiyama cəhd göstərilməsi isə Rusiyanın ABŞ-nin Xəzər regionuna gəlişinə ilk və tələsik reaksiyası olub.

Rusiya mediasında dərc olunmuş materialda da qeyd olunur ki, ötən əsrin 90-cı illərində Azərbaycan neftinin və qazının ixrac istiqamətlərinin seçilməsi məsələsi üzrə rəqabətdə Rusiya öz mövqelərini müdafiə edə bilməyib. “Nəticədə, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tiflis-Ərzurum qaz kəməri Xəzər karbohidrogenlərinin Türkiyə bazarına, daha sonra isə “Cənub qaz dəhlizi”nin həyata keçirilməsi ilə Avropa qaz bazarına çıxışı təmin etdi” – məqalədə yazılır.

konra.JPG (63 KB)

Sanki Rusiyanın Azərbaycanın karbohidrogen resursları üzərində eksklüziv hüquqları varmış və Bakı öz neft və qazını yalnız Moskvanın razılığı ilə və onun göstərdiyi istiqamətlər üzrə dünya bazarına çıxara bilərmiş. Əslində isə Xəzərin karbohidrogen ehtiyatlarının istismarını beynəlxalq konsorsium həyata keçirirdi və bu sahəyə böyük investisiyalar qoyulmasa, hasilat mümkün olmazdı. Həmin vaxt Rusiya özü ABŞ və Avropadan çoxmilyardlıq kreditlər istəyir və alırdı. Onun Xəzərdə yeni neft yataqları kəşf etməsi, hasilata başlaması mümkün deyildi.

Ancaq sonradan dünya bazarında neftin qiymətinin azı 5 dəfə bahalaşması Rusiyanı da gücləndirdi və bu dövlət ağır dövrlərdən öz gücləri hesabıma çıxmış keçmiş müstəmləkələrinə yeni nəzər və iştahla baxmağa başladı.

İndi ABŞ əsas səylərini region ölkələrinin yaxın onilliklərdə Xəzərdə hasil etməli olduqları karbohidrogen ehtiyatlarının gələcək axınının Rusiya ərazisindən keçməməsinə yönəldib. Bu səbəbdən potensial neft və qaz ehtiyatlarına malik, lakin əsas satış bazarlarından uzaqda yerləşən Qazaxıstan, Azərbaycan və Türkmənistan ABŞ-nin diqqət mərkəzinə düşüb.


ABŞ üçün Xəzər regionunda işləmək vacibdir. Qazaxıstan nefti və Türkmənistan qazının Azərbaycan üzərindən dünya bazarına çıxarılması üçün perspektivli marşrut kimi qiymətləndirilən trans-Xəzər boru kəmərləri layihələri Vaşinqtonda xüsusi maraq doğurur. Azərbaycan və Qazaxıstanın eEnergetika sahəsində genişlənən əməkdaşlığı ABŞ-də məmnunluq yaradır.

trans.JPG (54 KB)

Ancaq yeni perspektiv kəmər marşrutları layihəsi Xəzər regionundakı iki böyük ölkənin müqaviməti ilə üzləşir. Bu ölkələr İran və Rusiyadır. Məlumdur ki, Qazaxıstan və Türkmənistanın karbohidrogen ehtiyatlarının nəqli Xəzərin dibi ilə çəkiləcək boru kəmərləri vasitəsi ilə nəzərdə tutulur. Rusiya və İranın mövqeyi isə bu planlarla ziddiyyət təşkil edir. Siyasi aspektlərlə yanaşı, bu layihənin Xəzərin ekologiyasına təhlükəsi məsələsi də var. Hələ bir sıra başqa məsələlər də həllini tapmayıb. Məsələn, boru kəmərlərinin tikintisi üçün lazımi vəsait yoxdur və Xəzərin karbohidrogen ehtiyatlarının potensial müştəriləri hələlik “əllərini daşın altına qoymaq” istəmirlər. Bununla belə, ABŞ texniki və maliyyə çətinliklərinə baxmayaraq, trans-Xəzər boru kəməri layihələrini israrla təşviq edir.

“Nesavisimaya qazeta”nın məqaləsində bildirilir ki, Rusiya ilə Qərbin qarşıdurması şəraitində Vaşinqton siyasi və iqtisadi təzyiqlərə məruz qalan Xəzəryanı dövlətlərə basqıları artırıb.

Yazıda Amerika administrasiyasının “Xəzər beşliyi”nin (Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran) regional birliyinə xələl gətirmək cəhdləri qeyd olunur.

Məlumdur ki, ABŞ-nin bu beş dövlətdən ikisi ilə (İran və Rusiya) münasibətləri düşməncəsinə, Azərbaycanla isə nə çox soyuq, nə çox istidir. Ancaq Vaşqinqtonun müvafiq səyləri Aşqabad və Astanada cavab tapır. Bu yaxınlarda bu Xəzəryanı dövlətlər trans-Xəzər qaz kəmərlərinin çəkilişində iştirak etməyə hazır olduqlarını bildiriblər. Ölkələr karbohidrogen ehtiyatlarının xarici bazara tədarükü marşrutlarının şaxələndirilməsi, Pekin və Moskvadan asılılığın azaldılması zərurətini qeyd edirlər.

Trans-Xəzər boru kəmərlərinin tikintisi zərurətini dəstəkləmək üçün Türkmənistan və Qazaxıstan karbohidrogen ehtiyatlarının hasilatı ilə bağlı proqnozlar dərc edirlər. Sənədlərə və Xəzəryanı dövlətlərin nümayəndələrinin bəyanatlarına görə, yaxın gələcəkdə Xəzərdə neft və qaz hasilatı artmalıdır ki, bu da ixracın artmasına şərait yaradacaq. Bu cür ssenarilər çoxsaylı konfrans və görüşlərdə fəal müzakirə olunur və bununla da trans-Xəzər marşrutlarına maraq saxlanılır. Eyni zamanda, Azərbaycanda əlavə neft və qaz həcmlərini qəbul edə biləcək infrastrukturun olmaması ilə bağlı məsələlər nəzərdən keçirilmir. Bu məsələni həll etmək elə də çətin deyil. Əsas məsələ kimi, Rusiya və İranın rolunun azaldılması nəzərdən keçirilir. 2025-ci ilin yanvarında “Hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi” imzalayan Moskva ilə Tehranın yaxınlaşması Vaşinqtonda narahatlıq doğurur.

Ehtimal edilir ki, ABŞ trans-Xəzər boru kəməri layihələri və region ölkələrinə təzyiqləri gücləndirməklə Çinə təsir etməyə çalışır. Pekin və Vaşinqton arasında artan rəqabət kontekstində Amerika administrasiyası Xəzəryanı dövlətlərin siyasi kursunu düzəltməkdə və onları Amerika siyasətinin orbitinə daha çox cəlb etməkdə maraqlıdır.

Hazırda Rusiya tərəfi ondan narahatdır ki, Vaşinqton israrla Xəzərin açarlarını götürür, Astana və Aşqabadı Moskvadan uzaqlaşdırmağa çalışır.

Moskva yenə də düşünür ki, keçmiş müstəmləkələr üzərində dominant hüquqları var və bu ölkələr öz sərvətlərini harada, kimə, necə satacağı məsələsini onunla razılaşdırmalıdır. Bu baxımdan ABŞ-nin Qazaxıstan və Türkmənistanın daxil olduğu irimiqyaslı layihələri həyata keçirməsi ilə əlaqədar olaraq Xəzərdə geosiyasi vəziyyətin kəskinləşməsi gözlənilir.

Belə vəziyyətlərdə Rusiyanın nə qədər dərə-zoru siyasət yeritdiyi və patavalı hərəkətlər etdiyi dünyaya məlumdur.

Araz Altaylı, Musavat.com

07.06.2025 15:40
1377