MSK sədri Məzahir müəllimə bütün yerli sakinlərimiz adından təşəkkür edirik, axır ki, qaranlıq qalan yerli özünü idarəetmə - bələdiyyə seçkisi məsələsinə aydınlıq gətirdi. Qanuna görə dekabrda bələdiyyə seçkisi olmalı idi, lakin heç bir elan verilmirdi. Hətta ilkin hazırlıq üçün vaxt ötüb-keçmişdi. Əhalinin namizədlərlə görüşləri, təbliğat, reklam, mitinqlər, yürüşlər və sairə, bunları nəzərdə tuturam. Ancaq Məzahir müəllim dedi narahat olmayın, inşallah, gələn ilin yanvarında seçki keçiriləcəkdir.
Bəs niyə seçki qanuni vaxtında olmadı, buna açıqlama verilmədi. Yəqin iqlim tədbirinə görədir. Ya da test yazanda abituriyentlərin başına gələn əhvalatdır, buna “cavab kartında sürüşdürmə eləmək” deyirlər. Uşaq əziyyət çəkir, cavabları tapır, qaralamadan ağlamaya köçürəndə isə cavab kartında sürüşməyə yol verir, nəticədə universitetə girə bilmir.
Əslində bütün yuxarıdakı abzas tələbə qəbulunun müdiri Məleykə xanımın başına gəlmiş olaya keçid məqsədi güdürdü, yoxsa bələdiyyə heç birimizə lazım deyil.
Bir cavan oğlanı dələduzluq maddəsiylə tutub 7 il cəza verdilər, tam da maddəsinə uyğun adı var idi: Xəyal. Bizim xəyallarımız bundan uzaq getmir ki. Hamımız səhərdən axşama fikirləşirik kimə ataq, qabağa düşək.
Həmin bu gənc isə taksi sürür, maşına minən insanlara da özünü varlı-hallı, güclü əlaqələri olan şəxs kimi təqdim edirmiş. (Klassik taksi söhbəti: “Mən ruhən dincəlmək üçün yola çıxıram, pul qazanmaq məqsədim yoxdur, əslində neçə dənə şirkətim var”).
Birinə deyib ki, nə az, nə çox, Dövlət Neft Şirkətində, SOCAR-da işləyir. Özü də harda? Birbaşa Səngəçal terminalında guya direktordur!
Təsəvvür elə. Bakı-Ceyhan durbasının başlanğıc nöqtəsində. Ancaq bu qara yumora inanan, tora düşənlər olub axı. Gör bizim savadsızlıq səviyyəmiz hara gəlib çatmışdır. Buna görə təhsilə cavabdeh şəxslərə bütün dələduzlar adından dərin minnətdarlıq düşür. Şair demişkən: “Olmasaydı cahanda sarsaqlar, Əlbəttə, ac qalardı yaltaqlar”. Sarsaqlar və yaltaqlar bir-birini dolandırırsa, əmin amanlıq yaranır.
Bizim hadisədə də ailəlikcə bu Səngəçal söhbətinə inanmışlar! Xəyal müəllim taksiyə minən zənənin ərini SOCAR-da sürücü, 2 qahımını gəmidə aşpaz düzəldəcəkmiş. Bundan əlavə, Salyanda üzüm bağı salıb birgə gəlir əldə edəcəkləri adıyla bu zavallı (açığı bundan çox əmin deyiləm – zavallı sözünü yazmağımı nəzərdə tuturam) ailədən 60 min manat çırpışdırmışdır. Tək xəyali üzümlüyə görə!
Başqa 2 nəfərin hərəsindən isə 10 min manat alıb. Birini məktəbdə müəllim düzəldəcəkmiş, ikincisinin uşağının qəbul imtahanında balını artıracaqmış. Guya bütün bunları tələbə qəbulunun müdiri Məleykə xanımın vasitəsiylə edəcəkmiş, çünki Məleykə xanımla anasının xalaqızı olduğunu deyirmiş.
Ostap İbrahim oğlu Bender irsinin respublikamızda belə münbit şəraitə düşməsinin səbəbləri maraqlıdır. Elə “qarşı tərəfin” mövqeyi də gülməli idi, jurnalist Məleykə xanımdan belənçik qahımının olub-olmadığını soruşmuşdur, hörmətli Məleykə xanım inkar edibdir. Sitat: “Mənim qohumlarımın hamısı ölüb”. Ya da çoxu – dəqiq yadımda qalmayıb.
Milli dələduzlarımız bəzən özlərini günahsız kimi qələmə verirlər, bunun özü də başqa mövzudur. Məsələn, rayonda bazar yanıb, adam zərərçəkənlərə 500 min manat ödəyəcəyi haqda sənədə qol çəkib, indi tutublar, deyir məni aldatdılar. Aldanaraq 500 min manatlıq ödənişə necə qol çəkmək olar? Bu qədər axmaqlıq mümkündürmü?
Yaxud, başqa bir lotu MN keçmiş qərargah rəisi Nəcməddin müəllimin qara kassiri olub, milyonların yeyilməsində iştirak edib, lakin axırda klassik hal baş verib: müdir aradan cırıb, sənəddə imzası olduğu üçün bunu basıblar. İndi isə deyir 42 milyon manatı keçmiş vergi naziri Fazil müəllimlə Nəcməddin müəllim aparıb, mən ancaq onların tapşırığı ilə şirkət yaratmışam. (Pullar həmin şirkətə kredit adıyla köçürülüb və yoxa çıxıb).
Əlbəttə. Hamınız məsumsunuz. Elə Ostap müəllim də brilyant dolu stulları özü üçün axtarmırdı ki. Xalq üçün lazım idi. Qalaktikalar arası şahmat çempionatı keçirilməliydi, Volqaboyu aclarına yardım ediləcəkdi, rus demokratiyasının atasına xərclənəcəkdi və sairə. Ostapın özünə 40 faiz qalmalıydı.