Böyük bir məhəllənin giriş-çıxış yolunun üstündə avtotəmir sexi tikilib. Sexin 1 aylıq fəaliyyəti dövründə qarşısına yığılan, təmirə gətirilmiş nəqliyyat vasitələri məhəllədə yerləşən binalara, mənzillərə gediş-gəlişi iflic edib.
Hətta məhəllə daxilindəki mənzillərdən birində baş verən yanğın zamanı əraziyə yanğınsöndürən texnikaların daxil olması əngəllənib, nəticədə mənzildə yanğın genişlənib, böyük bir sahəni əhatə edib.
Sakinlər narazıdır, deyirlər ki, şikayət etmədikləri ünvan qalmayıb. Hətta məhkəmənin avtotəmir sexinin sökülməsinə belə məhəl qoyulmur.
Bütün bunlar Xətai rayonu, General Mehmandarov küçəsi 71 b ünvanında baş verib.
Sakinlər şikayətlərinin nəticəsiz qaldığını, Xətai rayon İcra Hakimiyyətində rəsmilərlə görüşün də bir nəticə vermədiyini görüncə, üz tutublar Xətai rayon Məhkəməsinə.
Kollektiv şikayətlərində avtotəmir sexinin sahibi Elmar Qasımovu cavabdeh göstəriblər. Xətai rayon Məhkəməsi gediş-gəliş yolu bağlanmış sakinlərin şikayətini əsaslı hesab etməyib. Buna görə də Bakı Apellyasiya Məhkəməsinə üz tutublar. Məhkəmə araşdırmaları zamanı üzə çıxıb ki, avtotəmir sexinin tikintisi tam qanunsuz olub, 26 kvadrat metr sahəyə sahiblik hüququ əsasında faktiki olaraq 250 kvadrat metr qanunsuz obyekt tikilib, yolda gediş-gəliş məhdudlaşıb. Bakı Apellyasiya Məhkəməsi sakinlərin şikayətini əsaslı sayıb, iş üzrə Xətai Rayon Məhkəməsinin 08.02.2024-cü il tarixli qətnaməsini ləğv edib. Məhkəmə Xətai rayonu, General Mehmandarov küçəsi 71 b ünvanındakı 0,028040 ha torpaq sahəsində yerləşən, həmin torpaq sahəsinin perimetri boyu metal konstruksiyalardan və digər inşaat materiallarından inşa edilmiş avtotəmir sexinin sahibi, iş üzrə cavabdeh Elmar Xanoğlan oğlu Qasımovun hesabına sökülməsi barədə qətnamə çıxarıb.
Cavabdeh tərəf Ali Məhkəməyə müraciət edib. İş hazırda araşdırma mərhələsində olsa da, sakinlər deyirlər ki, artıq cavabdeh tərəf avtotəmir sexinin açılışına hazırlıqlara başlayıb. Bakı Apellyasiya Məhkəməsinin avtotəmir sexinin sökülməsinə dair qətnaməsi heçə sayılır. Sakinlər baş verənlərdən narazıdırlar və Ali Məhkəmə sədri İnam Kərimova müraciət etməklə məsələni şəxsi nəzarətinə götürməsini xahiş ediblər.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com