Xətai Məhkəməsinin həbsdən azad etdiyi idmançı yenidən tutuldu – Apellyasiya instansiyası qərar verdi

 

Bakı Apellyasiya Məhkəməsi MMA döyüş növü üzrə idmançı Vüqar Kərəmov barəsindəki qərarı dəyişib.


Musavat.com xəbər verir ki, Vüqar Kərəmov məhkəmə zalında həbs olunub. Onun azadlığa buraxılması ilə bağlı Xətai rayon Məhkəməsi qərar vermişdi. Prokuror qərarla razılaşmayaraq apelyasiya protesti verərək idmançının həbsini tələb etmişdi. Hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Vüqar Kərəmov barəsində Xətai rayon Məhkəməsinin qərarı ləğv edilib və onun barəsində yenidən həbs qətimkan tədbiri seçilib.

 Qeyd edək ki, Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və 3 tələbəsinin digər MMA döyüşçüsü Həsən Əzizovun şikayəti əsasında başlanmış cinayət işi üzrə həbs olunub. İlkin məlumata görə, bir neçə ay əvvəl Dənizkənarı Bulvar ərazisindəki ticarət-əyləncə mərkəzlərindən birində MMA döyüş növü üzrə yarış keçirilib. Lakin Həsən Əzizov yarışın keçirildiyi zala buraxılmayıb. O, zala daxil olmaq istəyərkən münaqişə baş verib və Ruslan Əfəndiyevlə tələbələri idmançını kütləvi şəkildə döyərək xəsarətlər yetiriblər. Bundan sonra Həsən Əzizov tibb müəssisəsinə və polisə müraciət edib. Hadisənin iştirakçıları Tofiq Musayev və Mehman Məmmədov barəsində isə həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilib.

 Bakı Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Kütləvi davada iştirak edən idmançılar barəsində həbs qətimkan tədbiri seçib.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

29.04.2024 13:58
1891