Xəstə uşaqların yaxınlarını aldadıb 1 milyon manatı ələ keçiriblər - dəstə üzvü məhkəmədə həbs olundu

Bakı Ağır Cinayətlər Məhkəməsində talassemiyalı uşaqların müalicə pullarını mənimsəyən dəstənin üzvü həbs olunub.

Musavat.com xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Şahbacı İsayeva vəsatətlə çıxış edib. Deyib ki, Aynur Bayramova onun nəvəsinin Türkiyədə müalicəsi üçün ondan 34 min manat alaraq mənimsəyib.

Aynur Bayramova hakim qarşısına "Urmedhelp" və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və Aysel Məmmədova ilə birgə çıxarılıb. İş üzrə 36 zərərçəkən var.

Şahbacı İsayeva vəsaitini belə əsaslandırıb: "Xəstə nəvəmin təcili Antaliyada əməliyyat olunması üçün 20 min dollar istədi. Biz də 34 min manat verdik. Pulu verəndə videoçəkiliş etdik. Həbs olunmasını istəyirəm".

Zərərçəkmişlərin bir çoxu vəsatətin təmin olunmasını istəyiblər. Onlardan bəziləri təqsirləndirilən Aysel Məmmədovanın da həbs olunmasını istəyiblər. Təqsirləndirilən şəxslərin vəkilləri vəsatəti əsassız hesab ediblər. Bildiriblər ki, həbs qəti-imkan tədbirinin seçilməsi üçün əsaslar olmalıdır. Lakin təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmişlərə, şahidlərə təzyiqin göstərməsi mümkün deyil. Onlar məhkəmənin çağırışlarına vaxtlı-vaxtında gəlirlər.

Təqsirləndirilən Aynur Bayramova da vəsatətlə razılaşmayıb. Bildirib ki, məhkəmənin çağırışlarına vaxtlı-vaxtında gəlir, himayəsində xəstə uşağı var.

Hakimlər heyəti müşavirədən sonra vəsaiti təmin ediblər. Aynur Bayramova məhkəmə zalında həbs olunub.
Aynur Bayramova qərara etiraz edib. Deyib ki, özü də, himayəsindəki övladı da xəstədir: "Evdə xərçəng xəstəsi olan övladım var. Siz nə edirsiniz?"

Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Aynur Bayramovanın vəziyyəti pisləşib və buna görə proses təxirə salınıb. Müttəhim konvoyun köməyi ilə istintaq təcridxanasına göndərilib.

İttihama görə, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb.
Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.

Qeyd olunub ki, övladı qan xəstəliyindən əziyyət çəkən bir neçə valideyn Nuridə Seyidovaya ümumulikdə 67 min dollar veriblər. Nuridə Seyidova valideynlərə söz verib ki, sənədlər hazırlanandan sonra azyaşlı xəstələri Türkiyənin Antalya şəhərindəki “Antalya Medical Park” hospitala yollayacaq. Amma pulu alsa da, vədinə əməl etməyib.

Bundan başqa, Nuridə Seyidova yalandan bildirib ki, Şəkinin Cumakənd kənd sakini Vüqar İsayevin talasemiyadan əziyyət çəkən qızı Gülbər İsayevanın ilik transplantasiyası üçün tələb olunan laborator müayinələr, donor xərci, cərrahi əməliyyat və digər xərcləri qarşılamaq üçün tələb olunan pulu sponsorlar ödəyəcəkdilər. Guya əməliyyata 70 min dollar tələb olunub, onun da 20 min dollarını “Çinar Plaza”da ofisdə Nuridə Seyidova ondan alıb, qalan məbləği isə yardım olaraq xaricdəki donor təşkilatlar ödəyəcəyinə vəd edib. Sonra zərərçəkmişə məlum olub ki, ortada nə donor var, nə bir şey.

Digər zərərçəkmiş Tural Nəsmiyev iki azyaşlı övladını müalicəsi üçün 2022-ci ilin mayında Nuridə Seyidovaya 35 min dollar verib. Nuridə Seyidova onun övladlarının Türkiyədəki Samsun şəhərində müalicə olunacağını bildirib. Həmin ilin oktyabrında Türkiyəyə gedib xəstəxanada gözləməyi tapşırıb. Tural Nəsmiyev 3 aydan çox həmin xəstəxanada qalsa da, nə donor, nə də əməliyyat olub. Hər dəfə Nuridə Seyidovayla əlaqə saxlayanda, sonuncu ona səbrli olmağı məsləhət görüb.

Nəhayət, aldadıldığını başa düşən Tural Nəsmiyev Türkiyədə keçirdiyi aylar ərzində xərclədiyi 8 min manat ziyanla geri dönüb.
İttiham aktında göstərilib ki, Nuridə Seyidova vətəndaşlardan pulları əsasən “Çinar Plaza”dakı ofisdə alıb.

İstintaq zərərçəkən kimi 36 nəfəri müəyyən edib. Bunlar azyaşlı övladları talassemiyadan əziyyət çəkənlərdir.

Dəstə üzvləri zərərçəkmişlər Ceyran Musayeva və Elman Nuriyevdən 20 400, Məsumə Hacıyeva, Ömər Məmmədov və Sahid Mövsümovdan 17 000, Mənsur Qarayev, Natiq Qubatov və Elnur İsbəndiyarovdan 25 500, Kəmalə Muliyeva, Nüşabə Məmmədova, Taleh Hacıməmmədov, Şahbacı İsayeva, Xəyal İlmanovdan 34 000 manat məbləğində vəsaiti alaraq dələduzluq ediblər.

Nuridə Seyidova öz qulluq mövqeyindən istifadə etməklə Elxan Əliyevdən 12 min 745 manat və Rasim Cavadovdan 25 min 500 manat alaraq onların övladlarını Türkiyədə əməliyyat olunmasına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verib.

Daha sonra Nuridə Seyidova digər təqsirləndirilən Aysel Məmmədova ilə qabaqcadan əlbir olub, Tural Nəsmiyevdən 59 min 500 manat, Zeynəb Cəlilovadan 25 min manat, Kamil Əhmədovdan 23 min manat, Ramin Dadaşovdan 51 min manat, Xəyal İsayevdən 51 min manat, Lamiyə Hüseynovadan 20 min 50 manat, Nərgiz Mahmudovadan 9 min manat, Elnarə Xanmirzəyevadan 25 min manat, Sevinc Səmədovadan 22 min 500 manat, Elvin Fətəliyevdən 25 min manat alıb.

O da müəyyən edilib ki, Nuridə Seyidova tanışı Aysel Bayramova ilə əlbir olaraq, Aynur Orucova, Solmaz Eyvazova və Vüqar Eminovdan 25 500, Laura Həsənovadan 51 000, Günay Ağayevadan 25 min, Aytəkin İsayevadan 19 min, Elnaz Hacıyevadan 5 min, Faiq Nəcəfovdan 5 min 100 manat məbləğində pul alıb.

Övadları xəstəlikdən əziyyət çəkən zərərçəkmişlər – Sevinc Səmədova, Faiq Nəcəfov, Elnur İsbəndiyarov, Xəyal İlmanov, Kəmalə Muliyeva, Elman Nuriyev, Taleh Hacıməmmədov, Elvin Fətəliyev, Ceyran Musayeva, Mənsumə Hacıyeva, Solmaz Eyvazova, Nüşabə Məmmədova, Mənsur Qarayev, Lamiyə Hüseynova, Sahid Mövsümov, Aysel Abdullayeva, Tural Nəsmiyev, Vüqar İsayev, Elnarə Xanmirzəyeva, Kamil Əhmədov, Elnaz Hacıyeva, Vüqar Eminov, Aytəkin İsayeva, Ramin Dadaşov, Aynur Orucova, Zeynəb Cəlilova, Günay Ağayeva, Ömər Məmmədov, Xəyal İsayev, Laura Həsənova, Rasim Cavadov, Nərgiz Mahmudova, Natiq Qubatov, Şahbacı İsayeva, Ramin İsmayılov və Elxan Əliyevdir. Müttəhimlərin zərərçəkənlərdən xəstə övladlarını

Türkiyədə müalicə etdirmək adı ilə ümumilikdə 1 milyon manata yaxın pul alıb dələduzluq edib. Onlara qarşı Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmə prosesi mayın 8-də davam edəcək.

 

E.Məmmədəliyev,
Musavat.com

01.05.2024 21:49
1098