Müasir insan bir çox xəstəliklərdən, o cümlədən xərçəng şişlərinin ehtimalından ehtiyat edir. Ailədə heç kim xərçəng xəstəsi olmasa belə, xəstəliyin inkişaf riski qalır. Sadəcə olaraq bəziləri üçün daha yüksək, bəziləri üçün isə aşağı.
Baku TV-də sözügedən xəstəlik haqqında araşdırma materialı yayımlanaraq onun tarixi barədə məlumat verilib, eləcə də xərçəngdən sağalanlar müalicə müddətində apardıqları mübarizə zamanı yaşadıqlarını bölüşüblər.
Samir Abdullayev ona xərçəng xəstəliyi diaqnozu qoyulduğunu öyrənəndə yaşadığı hisslərdən danışıb:
"Valideynlərim həkimin yanında idilər. Bir saat olardı ki, içəridən çıxmırdılar. Qapıdan baxanda onların danışığını eşitdim. Çıxanda mənə dedilər ki, kiçik bir əməliyyat olunacaqsan, hər şey yaxşı olacaq. O an özümə söz verdim ki, ailəmi gözüyaşlı qoymayacağam, xərçəngə qalib gələcəyəm".
Samir bu mübarizə dövründə insanların onu narahat edən davranışlarından da söz açıb:
"Dayanacaqda avtobus gözləyəndə insanlar məni dilənçi bilib, qəpik verirdilər. Taksi sifariş edəndə sürücü gedişhaqqını ödəyib-ödəyə bilməyəcəyimi soruşurdu. Metroda uşaq anasına mənimlə bağlı sual verəndə, o, qulağını çəkib dəmirə vururdu".
Zülfiyyə Bayramova isə ona diaqnoz qoyularkən bədxassəli şiş olduğunu biləndə belə, şükür etdiyini bildirib:
"Həkim dedi ki, şiş çox böyükdür və yaşamaq şansın 15 faizdir. Psixoloji cəhətdən özümü mübarizəyə hazırladım. Həyat yoldaşımla uşaqlara xəbəri necə verəcəyimiz haqqında danışdıq. 15 yaşlı oğlum birdən anam sabah oyanmaz qorxusu ilə yatırdı. Bəzən görürdüm ki, gecə gəlib nəfəs alıb-almadığımı yoxlayır".
Daha ətraflı videomaterialda: